BAKI, 25 avqust. TELEQRAF
Energetika Nazirliyi Kəlbəcər rayonunda yerləşən “Çıraq-1” və “Çıraq-2” kiçik suelektrik stansiyalarında (KSES) istehsal edilən ümumi elektrik enerjisinin həcmini açıqlayıb.
Teleqraf xəbər verir ki, məlumata görə,ümumi gücü 8,33 MVt olmaqla, hər biri 4,165 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Çıraq-1” KSES-də istismara verildiyi tarixdən iyulun 1-dək 51,0 milyon kilovat saat elektrik enerjisi istehsal edilib. Hər biri 3 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət ümumi gücü 6 MVt olan basqılı derivasiya tipli “Çıraq-2” KSES-də isə bu ilin iyul ayınadək 40,4 milyon kilovat saat elektrik enerjisi istehsal edilib.
2023-cü ilin 25 avqust tarixində Kəlbəcər rayonunun Tərtər çayı üzərində yerləşən“Çıraq-1” və Qaraarxac çayı üzərindəki “Çıraq-2” kiçik suelektrik stansiyaları istismara verilib.
Kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunur.