AZ

Vaşinqtonda imzalanmış sənədlər Azərbaycana qarşı məlum “qara prosesi” dayandırdı...


Əli Orucov: “Vaşinqton görüşü bəzi dairələrin Azərbaycannla bağlı məkrli planlarını pozdu”

Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib ki, Vaşinqtonda əldə edilən razılaşma bəzi dövlətlərin Azərbaycana qarşı səylərinə də son qoydu:

“Vətən müharibəsindən və xüsusilə 2023-cü ilin sentyabr əməliyyatından sonra Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr bizə qarşı kampaniyaya başlamışdılar. Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Düzdür, onların heç biri həyata keçmədi. Bizim kifayət qədər güclü tərəfdaşlarımız var və beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz hər zaman ədalətli mövqe kimi qəbul olunub. Çünki biz öz torpağımızda müharibə aparmışıq. Bəzi başqa ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməmişik, etnik təmizləmə aparmamışıq, heç bir ölkənin şəhər və kəndlərini viran qoymamışıq. Ancaq buna baxmayaraq, Ermənistana himayədarlıq edən ölkələr bizə qarşı daim hərəkətdə idi və Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində imzalanmış sənədlər bütün bu səylərə də son qoydu”.

“Bəzi ölkələr və siyasi dairələr müxtəlif vasitələrlə ölkəmizə qarşı sanksiyaları gündəmdə saxlamağa çalışırdı”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, bəzi ölkələr və siyasi dairələr müxtəlif vasitələrlə Azərbaycana qarşı sanksiyaları gündəmdə saxlamağa çalışırdılar: “Çünki 19-20 sentyabr 2023-cü ildə keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycanın öz suverenliyini tam təmin etməsi Ermənistanı himayə edənləri əsla qane etmirdi. İndi də, üstündən iki ilə qədər vaxt keçməsinə baxmayaraq, hələ də bunu həzm edə bilmirlər. Xüsusən də Avropa İttifaqının bəzi qurumları hər vasitə ilə Azərbaycanı cəzalandırmaq istəyirdilər. Onların da başında Avropa İttifaqının sabiq xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel dayanırdı. Borelin vəzifəsindən getməsi, Avroittifaqda tərəfdaş ölkələrin Azərbaycana dəstəyi, ermənipərəst Bayden adminstrasiyasının ABŞ-da hakimiyyətdən getməsi ölkəmizə yönəlik mənfur planların qarşısını aldı. Trampın seçkilərdə qələbəsi ermənilərə və onları himayə edən dairələrə böyük zərbə oldu. Çünki onlar hər vasitə ilə belə rəy yaradırdılar ki, guya Azərbaycan “təcavüzkar” tərəfdir və Ermənistana hücuma hazırlaşır. Guya Azərbaycan maraqlı olmadığı üçün Ermənistanla sülh sazişinin imzalanması yubanır. Halbuki, bunların heç bir əsası yox idi. Ən azından ona görə ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edibsə, o zaman niyə sülh sazişinin imzalanmasında maraqlı olmasın ki? Avqustun 8-də Vaşinqtonda Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının sülh sazişi mətninin maddələrini paraflaması ölkəmizə qarşı səyləri heçə endirdi. Məlum oldu ki, sülhdə ən maraqlı olan tərəf elə Azərbaycanın özüdür. Azərbaycanın indi yeganə tələbi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bu təmin ediləndən sonra sülh sazişinin imzalanması üçün heç bir əngəl qalmayacaq. Vaşinqton görüşündən dərhal sonra Prezident Əliyev telekanallara müsahibəsində bəyan etdi ki, Ermənistan Konstitusiyasından məlum maddə çıxarılsaydı, sülh sazişini Vaşinqtonda imzalamaq üçün hansısa əngəl qalmayacaqdı. Bir sözlə, Vaşinqton görüşü bəzi dairələrin Azərbaycanla bağlı məkrli planlarını pozdu”.

Vidadi ORDAHALLI

Seçilən
19
baki-xeber.com

1Mənbələr