AZ

Elektromobillərə keçid ümumi CO2 emissiyalarını 71-73% azaldacaq

Bakı, 26 avqust, AZƏRTAC

ABŞ-dan olan iqlimşünaslar və iqtisadçılar müəyyən ediblər ki, minik elektromobillərinə, o cümlədən yolsuzluq avtomobilləri və elektropikaplara keçid onların yığımı və istismarı ilə bağlı bütün xərclər nəzərə alınmaqla, istixana qazlarının ümumi tullantılarını 71–73 faiz azaltmağa imkan verəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Miçiqan Ştat Universitetinin (U-M) mətbuat xidməti məlumat yayıb.

“Ümumi istixana qazı tullantılarının təxminən 28 faizi nəqliyyat vasitələrinin payına düşür və biz yeni daşqınların, quraqlıqların və yanğınların baş vermə tezliyini azaltmaq üçün onları kəskin şəkildə aşağı salmalıyıq. Məhz bu səbəbdən biz elektromobillərə keçidin onların bütün istismar dövrü ərzində CO₂ tullantılarını nə dərəcədə azaltmasını hərtərəfli qiymətləndirməyi qarşımıza məqsəd qoyduq”, – deyə universitetin professoru Qreq Keoleyan bildirib.

Bu cür məlumatları əldə etmək üçün alimlər tipik bir minik elektromobilinin yığımı prosesinə nə qədər resurs sərf olunduğunu, həmçinin onların müxtəlif yükləri və sərnişinləri şəhər və ya kənd ərazilərində daşıyarkən enerjini necə sərf etdiklərini təhlil ediblər. Oxşar hesablamaları alimlər klassik avtomobillər və iki hibrid nəqliyyat vasitəsi növü üçün də aparıblar.

Tədqiqatçıların apardıqları hesablamalar göstərib ki, parametrlərin əksər kombinasiyalarında bütün növ elektromobillər klassik və ya hibrid analoqları ilə müqayisədə istixana qazı tullantılarını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Bu azalma benzin və dizel yanacaq növlərində işləyən avtomobillərdən keçiddə təxminən 71–73 faiz, hibrid avtomobillərdən keçiddə isə 63–65 faiz təşkil edir.

Alimlərin hesablamalarına görə, ən böyük effekt adi pikapların və kompakt sedanların elektrik analoqları ilə əvəzlənməsi zamanı əldə olunacaq, belə ki, bu halda tullantılar müvafiq olaraq 75 və 80 faiz azalacaq. Alimlərin qeyd etdiyi kimi, bu tip elektromobillər hər kilometr məsafədə təxminən 75 və 50 qram karbon qazı buraxacaq, hətta tam yüklənmiş elektrik pikapı belə yüksüz benzinli analoqundan xeyli az tullantı istehsal edəcək.

Alimlərin vurğuladığına görə, elektromobillərin üstünlükləri infrastrukturun inkişaf etdiyi və elektrik enerjisinin bərpa olunan və ya aşağıkarbonlu mənbələrdən hasil olunduğu dünya bölgələrində daha da qabarıq şəkildə özünü göstərəcək. “Bütün bunlar minik elektromobillərinə tam keçidi daha da cəlbedici edir”, - deyə tədqiqat müəllifləri yekunlaşdırıblar.

Seçilən
8
2
azertag.az

3Mənbələr