AZ

Mehriban Əliyevanın sosial dəstək manifesti

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi dəyərin, ümidin və sevginin ünvanıdır

Hər bir insanın cəmiyyətdə layiqli yer tutmaq, sevilmək, qəbul olunmaq və bacarıqlarını həyata keçirmək haqqı var. Lakin bəzən həyatın gətirdiyi çətinliklər bu haqqı reallaşdırmağı ikiqat çətinləşdirir. Əlilliyi olan insanlar üçün isə bu yol çox zaman görünməz maneələrlə dolu olur. Elə bu səbəbdəndir ki, onlara dəstək olmaq və cəmiyyətin bir parçası kimi dəyərləndirmək son dərəcə vacibdir. 

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi (İİYM) məhz bu amalla yaradılıb - insanların fərqliliklərini zəiflik kimi deyil, dəyər kimi görmək üçün. Mərkəz əlilliyi və həssas kateqoriyadan olan digər şəxslərə sadəcə xidmət göstərmir, onlara güvən və ümid verir, cəmiyyətə adaptasiya  olunmaq üçün əllərindən tutur. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2021-ci ildə yaradılan DOST İİYM ölkəmizdə inklüziv cəmiyyət quruculuğuna atılmış ən mühüm addımlardan biridir. Mehriban xanımın illərdir həyata keçirdiyi sosial-humanitar layihələr, xüsusilə də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına yönəlmiş təşəbbüsləri bu mərkəzdə öz bariz təcəssümünü tapır.

Mərkəzə qəbul təbii ki, təsadüfi deyil. Beş əsas həssas kateqoriyadan olan istedadlı şəxslər xüsusi seçim əsasında bura cəlb olunurlar. Bunlar şəhid ailələrinin üzvləri, müharibə ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynsiz və valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrin nümayəndələri və əlilliyi olan şəxslərdir ki, hər birinə ümid, stimul, gələcəyə baxış verilir. Bir benefisiara eyni anda iki fərqli istiqamət üzrə təlim almaq imkanı tanınır. Bu isə o deməkdir ki, heç kimin  istedadına sərhəd qoyulmur, əksinə, onun bütün potensialı maksimum dərəcədə açılır. Təlimlərin müddəti də iştirakçının inkişaf tempinə uyğun olaraq dəyişir - 6 aydan 2 ilə qədər davam edə bilər.

DOST İİYM-in fəaliyyəti sadəcə bir layihə və ya sosial proqram deyil. Bura cəmiyyətin unudulmuş səslərinə qulaq verən, onların potensialını dəyərləndirən, hər bir fərdin içindəki gücü ortaya çıxaran sosial ədalət və humanizm məktəbidir. Bu, Mehriban xanım Əliyevanın hər zaman  həyata keçirdiyi dərin məzmunlu sosial və humanitar siyasətin canlı təcəssümüdür.  Sirr deyil ki, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas qayəsi hər zaman insanın rifahı, ləyaqəti və cəmiyyət içində layiqli yer tutmasının təminidir. Burada əlilliyi olan şəxslər cəmiyyətin yükü kimi deyil, onun bənzərsiz bir parçası, yaradıcı və faydalı fərdi kimi yetişdirilir.  

Təəccüblü, bəlkə də bir qədər sehrli gəlir insana: mərkəzin həyətinə addım atdığın andan etibarən fərqli bir mühitdə olduğunu hiss edirsən. Və  qapıdan içəri girəndə hisslərində yanılmadığını anlayırsan. Bütün otaqlarda, eləcə də dəhlizlərdə insan ruhunu anlayan, onu dinləyən və gücləndirməyə çalışan bir enerji, bir  yaradıcılıq ab-havası hökm sürür.  Divarlardan asılmış rəsm əsərləri, xalçalar, ağac üzərində oyma, keramika üzərindəki əl işləri  və s. kimi  əsərlər ilk baxışdan insanı valeh edir. Hər biri özündə bir həyat hekayəsini, duyğuları və zəhməti ehtiva edir. Emalatxana və dərnəkləri  gəzdikcə baxışların istər-istəməz bu əsərlərdə ilişib qalır. Hər tablo, hər əl işi tamaşaçını dayanmağa, düşünməyə və bəzən kövrəlməyə vadar edir. Bu "işlər" susaraq danışan, duyğuları dilləndirən səssiz şahidlərdir. Məlum olur ki, hər kəsin deyəcək sözü, yaradacaq dəyəri, bölüşəcək istedadı var. Yetər ki, ona özünüifadə, özünüqəbul və özünüreallaşdırmaq üçün fürsət verilsin.

Əlilliyi olan şəxslər cəmiyyətin ən həssas qruplarından biridir və çox vaxt onların potensialı düzgün görülmür, qiymətləndirilmədən geridə qalır. DOST İİYM isə bu yanaşmanı dəyişdirir, insanı olduğu kimi qəbul edir, onu imkanlarına görə dəyərləndirir. Rəsm çəkə bilən bir əl, toxuculuq bacaran bir barmaq, musiqi hissi olan bir ruh ayrıca xəzinə sayılır. DOST İİYM-in benefisiarları üçün bu mərkəz özünü tapmaq yolunda bir başlanğıcdır. Və həmin başlanğıc onları həyatın ən gözəl məqamına qədər aparır.

Bu baxımdan mərkəzin iki gənci - Rəvanə Ağamirova və kamança ifaçısı Fatimə İsrafilovanın adları artıq bütün ölkəyə tanışdır. Onların istedadı və əzmi sadəcə fərdi uğurlarla məhdudlaşmadı. Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Mükafatına layiq görülmələri gənclərin həyat hekayələrinin nə qədər dəyərli olduğunu göstərdi. Fatimənin uğur yolu isə mərkəzdə bitmədi, təlimləri başa vurduqdan sonra o, artıq özü başqalarına yol göstərən bir müəllimə çevrildi. İndi o, Mərkəzin Kollektiv Yaradıcılıq şöbəsində təlimçi kimi çalışır və bəlkə də onun bir vaxtlar aldığı dəstəyin indi kiminsə həyatını dəyişdirəcəyindən xəbəri belə yoxdur. 

Daha 12 gənc  mərkəz və onun filiallarında müxtəlif vəzifələrdə çalışırlar. Kimisi təlimçi, kimisi sosial agent kimi fəaliyyət göstərir. Lakin hamısının missiyası ortaqdır: dəstək olmaq, ilham və güc vermək. Onlar artıq bir vaxtlar aldıqları dəstəyi indi başqalarına ötürür, həm motivasiya, həm də ümid mənbəyinə çevrilirlər. 10-dan çox benefisiar ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunaraq, ali təhsillərini davam etdirirlər. Onların bu göstəriciləri sadəcə şəxsi uğur deyil. Bu, DOST İİYM-in nə qədər doğru bir yolda olduğunu göstərən ən güclü sübutdur. Çünki burada hər şey bir sualla başlayır: "Əgər dəstək versək, nə baş verər?" Cavab isə göz önündədir: insan dəyişir, həyat dəyişir, cəmiyyət dəyişir.

Bəzən bir insanın hekayəsi neçə yüz sözün ifadə edə bilmədiyi bir həqiqəti göstərir. Mərkəzin digər bir benefisiarı Səbinə Əsgərova gözdən əlil olsa da, dünyanı öz səsi ilə "görən" bir gəncdir. Görmə qabiliyyətini 3 yaşında itirib, amma həyat onun üçün orada dayanmayıb. 6 yaşında fortepianonun dillərində öz dünyasını yaratmağa başlayıb, daha sonra isə ürəyindəki melodiyanı vokal səsi ilə "danışdırıb". Bu gün Səbinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində estrada müğənniliyi üzrə təhsil alır və  2023-cü ildən DOST İİYM-in əməkdaşı kimi çalışır. Amma onun uğur yolu təkcə bununla bitmir. Heydər Əliyev Fondunun dəstəyi ilə bu ilin fevral-may aylarında Səbinə 3 aylıq beynəlxalq yaradıcılıq səfərinə çıxıb, İtaliya və İspaniyada vokal bacarıqlarını təkmilləşdirib. İtaliyanın Korbetta şəhərində dünya şöhrətli La Skala Teatrının tanınmış tenoru Andrea Semeraronun ustad dərslərində iştirak edib. Orada səs imkanlarını daha da inkişaf etdirərək, Korbetta Meriyasının binasında solo konsert proqramı ilə çıxış edib və şəhər meri Marko Ballarini tərəfindən sertifikatla təltif olunub. Səfərin növbəti ünvanı İspaniya olub. Barselonadakı "Shine" Musiqi Məktəbində tanınmış vokal müəllimi və ifaçı Ceyms Sedqvikin dərslərində iştirak edərək sertifikatlar qazanıb. Səbinənin hekayəsi onu göstərir ki, istedadın gözü, imkanın sərhədi yoxdur, sadəcə fürsət verilməlidir.

Bəzən  də səhnə səslə deyil,  akrobatika və  ritmik döyüş texnikası ilə silkələnir. Bu ilin aprelində keçirilən Solo Kapoeyra üzrə Bakı birinciliyi və çempionatı təkcə bir idman tədbiri deyil, əsl iradə, bərabərlik və qələbə bayramına çevrildi. Məlumat üçün bildirək ki, kapoeyra Braziliyada yaranmış, döyüş sənəti, rəqs, musiqi və akrobatikanı özündə birləşdirən unikal bir hərəkət növüdür. Kapoeyra bu gün Braziliya mədəniyyətinin ayrılmaz hissəsi olmaqla yanaşı, bütün dünyada məşhurdur və UNESCO tərəfindən Qeyri-maddi Mədəni İrs kimi tanınıb. İlk dəfə olaraq kapoeyra tarixində inklüziv qrupların da yarışa qatılması bir dönüş nöqtəsi oldu və bu tarixi dönüşdə DOST İİYM-in benefisiarları parlaq iz buraxdılar. Cəmaləddin Ağayev birinci yerə yüksəldi, Ramid Əliyev gümüş medal qazandı, Əlicamal Qasımov isə üçüncü yerin sahibi oldu. Onların qələbəsi təkcə medal uğrunda mübarizənin yox, özünə inamın, imkanların sərhəd tanımadığının simvoluna çevrildi. 

DOST  İİYM-in yaradıcılıq işləri artıq beynəlxalq səviyyədə də öz sözünü deməkdədir. Bu ilin iyun ayında benefisiarların çəkdiyi rəsm əsərləri Cənubi Koreyanın Pyonqtek şəhərində keçirilən "2025 - Beynəlxalq Uşaq İncəsənət Mübadiləsi Sərgisi"ndə nümayiş etdirilib.  Onların fırçasından çıxan hər bir rəsm sanki susaraq danışır, iç dünyalarındakı zənginliyi dünyaya çatdırırdı. Bu,  təbii ki, ilk uğur deyildi. Daha öncə benefisiarların əl işləri Cenevrədə, Millətlər Sarayında keçirilən və 2 Aprel Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş beynəlxalq sərgidə də nümayiş etdirilmişdi. Habelə Cənubi Koreyanın Qanqvon əyalətində, Qış Olimpiya Oyunları çərçivəsində təşkil olunan sərgidə də onların incə zövq və zəhmətlə ərsəyə gətirdiyi işlər yer almışdı. Bu uğurlar göstərir ki, DOST İİYM təkcə dəstək mərkəzi deyil, həm də  istedadın yolunu açan, görünməyən bacarıqları üzə çıxaran, insanlara "sən bacararsan" mesajını sevgi ilə verən bir ümid mənbəyidir.

Dörd ildir fəaliyyət göstərən mərkəz bir çox insanın həyatında yeni  səhifə açıb. Qeyd etmək yerinə düşər ki, mərkəz filialları kimi fəaliyyət göstərən İsmayıllı "DOST Evi" və Bərdədəki şöbə yüzlərlə insan üçün ümid ünvanına çevrilib. Ümumilikdə indiyədək 770 nəfər DOST İİYM-in imkanlarından faydalanaraq bacarıqlarını inkişaf etdirmək və cəmiyyətə adaptasiya olunmaq şansı qazanıb. Hazırda mərkəz və onun filiallarında ümumilikdə 201 benefisiar müxtəlif istiqamətlərdə fəaliyyətə cəlb olunub. Onlardan 138 nəfəri birbaşa mərkəzin özündə fəaliyyət göstərir. Elə buradaca onu da qeyd edək ki, İsmayıllı "DOST Evi" filialı bu təşəbbüsün uğurlu nümunələrindən biridir. Artıq iki ilə yaxındır ki, İsmayıllı və ətraf rayon və kənd sakinləri üçün sosial xidmətlərə çıxışı asanlaşdırır. Hazırda burada 30, Bərdədə yerləşən Qarabağ Regional DOST Mərkəzinin "DOST Evi" şöbəsində isə 33 benefisiar təlimlərə cəlb olunub. 

Bütün bu təşəbbüslərin arxasında isə sosial rifahı dövlət siyasətinin əsas prioritetinə çevirən, humanizm və diqqət prinsiplərini daim ön planda tutan Mehriban Əliyevanın yorulmaz fəaliyyəti dayanır.  Birinci vitse-prezidentin  bu sahədəki fəaliyyəti göstərir ki, inklüzivlik sosial məsuliyyət olmaqla yanaşı,  həm də milli və mənəvi borcdur. Onun təşəbbüsləri nəticəsində bu gün yüzlərlə insan gizli qalan potensialını reallaşdırır, içindəki işığı cəmiyyətlə bölüşmək imkanı qazanır. Bu, təkcə fərdlərin deyil, bütöv bir cəmiyyətin mənəvi yüksəlişinə xidmət edən bir yanaşmadır. DOST İİYM Mehriban xanımın  mərhəmət və şəfqətdən yoğrulan sosial baxışının real nümunəsidir. Burada həyata keçən hər bir fəaliyyət, göstərilən hər bir dəstək  insan ruhuna toxunan, onu ayağa qaldıran, həyata bağlayan bir sosial missiyadır.

Mehriban Əliyevanın tez-tez vurğuladığı kimi, hər bir fərd fərqlilik deyil, bir dəyərdir. Bu fikir DOST İİYM-in iş prinsiplərinin əsasını təşkil edir. Burada fərqlilik cəmiyyətə yeni rəng, yeni nəfəs gətirən zənginlik kimi qəbul edilir. Mərkəz  hər kəsə göstərir və sübut edir ki,  cəmiyyətin həqiqi inkişafı yalnız o zaman mümkündür ki, heç kim kənarda qalmasın. Kiminsə fiziki məhdudiyyəti, duyğu fərqliliyi və ya sosial vəziyyəti onu digərlərindən ayırmamalı, əksinə, birləşdirməlidir.  Bunların arxasında duran əsas dəyər  şəfqət və insana sevgidir ki, bu duyğuların nəticəsində buradakı benefisiarlar  ictimai həyatda yer tutan, öz sözünü deyən fərdlərə çevrilirlər. 

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
9
azerbaijan-news.az

1Mənbələr