AZ

Universitetə qəbul sistemi dəyişsin! - “Əlavə meyarlar tətbiq olunmalıdır”

Azərbaycanda ali məktəblərə qəbul prosesi hər il minlərlə gəncin gələcəyini müəyyənləşdirir və bu prosesin nəticələri həm ictimaiyyət, həm də təhsil siyasəti üçün mühüm göstərici rolunu oynayır. Bu il də ixtisas qrupları üzrə rəqəmlər göstərdi ki, plan yerlərinə qarşı müraciət edənlərin sayı xeyli çoxdur.

Bu fikirləri təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib.

166594

Sistemdə balanssızlıq hökm sürür

“Məsələn, I ixtisas qrupu üzrə 20 385 plan yerinə qarşı 23 918 nəfər seçim edib və faktiki olaraq 3 533 nəfər kənarda qalıb. II qrupda 14 935 yer üçün 19 039 nəfər seçim edib, nəticədə 4 104 nəfər kəsiləcək. III qrupda isə vəziyyət daha ağırdır: 15 583 yerə qarşı 24 414 nəfər müraciət edib və 8 831 nəfərin qəbul olmaq şansı yoxdur. IV qrup üzrə 4 732 plan yerinə qarşı 6 966 nəfər, V qrup üzrə isə 4 704 plan yerinə qarşı 16 517 nəfər seçim edib. Yəni yalnız V qrupda 11 813 nəfər kəsiləcək. Bu rəqəmlər açıq şəkildə göstərir ki, sistemin strukturunda balans yoxdur və minlərlə gəncin arzuları hər il reallıqla toqquşur.

“Təhsil haqqında” Qanunun 14.2-ci maddəsində dövlətin ali təhsildə kadr hazırlığını əmək bazarının tələblərinə uyğun planlaşdırmalı olduğu açıq şəkildə qeyd olunur. Ancaq proqnozlaşdırma faktiki olaraq tam şəkildə həyata keçirilmir. Çünki əmək bazarının hansı sahələrdə daha çox mütəxəssisə ehtiyac duyduğu müəyyən edilməli və plan yerləri buna uyğun ayrılmalıdır.

Müsbət tərəf odur ki, ali məktəblərə maraq hələ də yüksəkdir, gənclər oxumaq, təhsil almaq istəyirlər. Amma mənfi tərəflər daha dərindir. Keçid balları ildən-ilə qeyri-sabit olur, bəzi ixtisaslarda 50-100 bal artım müşahidə edilir. Məsələn, 2024-cü ildə bəzi mühəndislik ixtisaslarının keçid balı 450 civarında idisə, bu il 500-dən yuxarı qalxıb. Tibbi ixtisaslarda isə keçid balları 650-ni də keçib. Bu, bir tərəfdən rəqabətin artdığını göstərsə də, digər tərəfdən abituriyentlərin seçim imkanlarını məhdudlaşdırır. Çünki yerlərin sayı sabit qalır, abituriyentlərin sayı artır, nəticədə kəsilənlərin sayı da çoxalır.

Dünya təcrübəsinə nəzər salsaq, inkişaf etmiş ölkələrdə qəbul mexanizmləri daha çevikdir. Türkiyədə tələbələr yüzlərlə kod yazmaq imkanı ilə təmin olunur, sistem onlara ən uyğun yeri seçir. Almaniyada və İngiltərədə qəbul təkcə bal üzərində qurulmur, əlavə müsahibələr, qabiliyyət imtahanları və motivasiya məktubları da nəzərə alınır. Bu, həm rəqabəti sağlamlaşdırır, həm də abituriyentlərin şanslarını genişləndirir. Azərbaycanda isə yalnız bal sistemi tətbiq olunur və bu da çox zaman obyektiv nəticə vermir.

Nəticə etibarilə, keçid ballarındakı dəyişikliklər, plan yerlərinin məhdudluğu və abituriyentlərin kütləvi şəkildə kəsilməsi sistemin struktur problemlərini göstərir. Müsabiqədən kənarda qalan hər bir gənc təhsildə yerləşdirmə imkanlarının məhdudluğunun təsirini yaşayır. Əgər real proqnoz hazırlanmasa və maarifləndirmə işi gücləndirilməsə, bu mənzərə hər il təkrar olunacaq. Təhsil sistemi yalnız rəqəmlərlə manipulyasiya edilə bilər, amma gənclərin gələcəyi təmin olunmayacaq".

Seçilən
51
azedu.az

1Mənbələr