AZ

"Vaşinqton Sülh Bəyannaməsi Trampın Nobel mükafatı arzusunun yox, ABŞ-ın Cənubi Qafqaz siyasətinin məhsuludur...”

“Hesab edirəm ki, bu anlaşma əldə olunarsa, Rusiyanın Zəngəzur dəhlizinə o qədər də iddiası qalmayacaq. Əksinə, Zəngəzur dəhlizinin açılmasından o da faydalanacaq, digər beynəlxalq tranzit xəttini (Şimal-Cənub dəhlizini) öz nəzarətinə götürəcək...”
 
“Əvvəla, mən şəxsən hesab etmirəm ki, ABŞ prezidenti Donald Tramp sadəcə Nobel mükafatı üçün dünyanın müxtəlif qaynar nöqtələrində bu qədər mürəkkəb və birmənalı qarşılanmayacaq xarici siyasət yürüdür. Məqsəd əgər Nobel Sülh Mükafatı almaqdırsa, Trampın Ukrayna-Rusiya müharibəsini dayandırmadan da bu mükafatı almaq şansı vardı. Belə ki, razılaşıb-razılaşmamağımızdan asılı olmayaraq, Tramp və onun administrasiyası indiyədək 5 savaşı bitirdiyini elan edir: İran-İsrail, Pakistan-Hindistan, Ruanda-Konqo, Tayland-Kamboçiya və hazıra nazir olduğu Azərbaycan-Ermənistan savaşları. 2009-cu ildə Nobel Sülh mükafatına layiq görülən və Trampın özünə ən böyük düşmən olaraq gördüyü Barak Obama isə heç bir savaşı dayandırmamış və sözügedən mükafatı olduqca yuvarlaq səbəblərə görə almışdi - nüvə silahlarının yayılmasının qarşısının alınması səyləri və xarici siyasətdə beynəlxalq əməkdaşlığın təşviqi roluna görə. İnsafən, Obamanın beynəlxalq sülhə qatqısının yanında Trampın xidmətləri müqayisəolunmaz dərəcədə böyük görünür. Bu mənada Trampın gözünün “Nobel Sülh mükafatı” qurdunun öldürülməsi üçün əlavə bir savaşı dayandırmağa ehtiyacı yoxdur”.
 
Bu fikirləri Moderator.az əməkdaşının “Belə görünür ki, ABŞ lideri Donald Trampın nə Azərbaycan, erməni xalqlarına,  nə də Ukrayna və Rusiya xalqlarına canı yandığından bu ölkələr arasında sülhə can atmır- onun əsas dərdi Nobel Sülh mükafatı almaqdır. Əgər oktyabrın 10-da Nobel Komitəsi Trampa həmin mükafatı verməsə, bizim Sülh Sazişinin taleyi necə olacaq?” sualını cavablandırarkəm siyasi şərhçi Heydər Oğuz dilə gətirib.
 
“Fikrimcə, Trampın Ukrayna-Rusiya savaşına sabit-qədəmlikdən uzaq müdaxilələrinin məqsədi başqadır. O, yenidən format olunan dünya düzənində Rusiyanın yerini qeyri-müəyyən hala gətirmək üçün indiki səylərini davam etdirir və addım-addım öz məqsədlərinə doğru irəliləyir. Mən bunu 19-cu əsrdə İngiltərə-Fransa cütlüyünün Rusiya-Osmanlı savaşına müdaxiləsinə bənzədirəm. Məlumdur ki, həmin dövrlərdə iqtisadi və siyasi böhran keçirən Osmanlını işğal etmək istəyən Rusiya bu dövlətə qarşı müharibə açmışdı. Tarixə 1853-1856-cı il Krım savaşı kimi düşən qanlı müharibədə rus əsgərləri İstanbulun qapısına dayananda Fransa və İngiltərə də Rusiyaya qarşı müharibə elan etdilər, nəticədə Moskvanın İstanbulu ələ keçirməsinin qarşısını aldılar. 1856-cı ildə bağlanan Paris sülh müqaviləsi ilə Qara dəniz neytral zonaya çevrildi, bütün növ hərbi gəmilərin bu su hövzəsinə girməsinə, onun sahilində hərbi baza yaradılmasına və qoşun hissələrinin yerləşdirilməsinə qadağa qoyuldu. Nəticədə Rusiyanın bölgədəki təsiri xeyli azaldı. Rusiya müharibəyə başlarkən qarşıya qoyduğu ən böyük hədəfinə - Aralıq dənizinə çıxma, başqa sözlə desək, İstanbulu ələ keçirmə imkanından məhrum edildi. Osmanlı imperiyası ilk dəfə Avropa dövləti kimi tanındı və fikrimcə, Paris müqaviləsinin ən böyük nəticəsi bu idi. Çünki Osmanlı imperiyası Avropaya aid dövlət elan olunmaqla faktiki onun cənub hissəsinin yalnız bu qitənin böyük dövlətləri arasında bölüşdürülməsinə qərar verildi. Məhz bu səbəbdən də hazırda Türkiyə digər Türk ölkələrindən sonra Qərb ölkələrinə inteqrasiya olunmuş şəraitdədir. Yəni İngiltərə və Fransa Krım savaşına daxil olmaqla Osmanlının və indiki Türkiyənin geopolitik mənsubiyyətini dəyişdilər”, -deyə davamında həmsöhbətimiz tarixi uyğunluqları da diqqətə çatdırıb.
 
Siyasi şərhçi hesab edir ki, Vaşinqtonda imzalanmış Birgə Sülh Bəyannaməsi Trampın Nobel mükafatı arzusunun yox, Amerikanın Cənubi Qafqaz siyasətinin məhsuludur.
 
“Trampa Nobel Sülh mükafatının verilməməsi ABŞ-ın Cənubi Qafqaza, deməli, həm də bizim Ermənistanla imzalayacağımız sülh sazişinə heç bir təsir göstərməyəcək. Bayaq da qeyd etdiyim kimi, o, sülh anlaşmasının bağlanması heç də Trampın Nobel mükafatı arzusundan irəli gəlmir. Bu anlaşma Amerikanın Cənubi Qafqaz siyasətinin məhsuludur. Tramp hansısa mükafatı aldı-almadı bu siyasət dəyişilməz. ABŞ Zəngəzur dəhlizində oturmaqla Çinin “Bir Yol, Bir Kəmər” layihəsinin Orta dəhlizinə nəzarəti əlinə almaq istəyir. Bundan əlavə, özünün Avropadan Tacikistana qədər uzanan “Qlobal Keçid” dəhlizini yaratmağa cəhd göstərir. Bu proje Rusiya, İran və Çindən yan keçməklə beynəlxalq dəhliz yaratmağı nəzərdə tutur. Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda imzaladığı məlum sazişdən sonra Çin və Rusiya ABŞ-ın bu projesinin qarşısını Qara dəniz və Mərkəzi Asiyada kəsməyə çalışacaq. Artıq Rusiyanın bu istiqamətdə təzyiqləri başlayıb. İran prezidenti Pezeşkiyan isə Ermənistana gedərək Paşinyanla bir müqavilə bağlayıb. Bu müqaviləyə görə, İran Ermənistanla nəqliyyat əlaqələrini Meğridən yox, Naxçıvanın Culfa rayonundan davam etdirəcək. Bu faktiki olaraq İranın öz Fars körfəzi-Zəngəzur-Qara dəniz layihəsindən vaz keçməsi anlamına gəlir”, - deyə bildirən siyasi şərhçi bu kontekstdə Azərbaycan-Rusiya münasibətlərinə də toxunub. 
 
“Eyni şəkildə avqustun 22-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rusiyalı həmkarı Overçukla Həştərxanda görüşü Moskvanın da artıq güzəştə getmək istədiyindən xəbər verir. Rəsmilərin Həştərxan görüşündə iki əsas məsələni müzakirə etdikləri bildilir: Şimal-Cənub dəhlizinin açılması, yəni Azərbaycan üzərindən İrana keçiş və bundan sonra aparılan iqtisadi əməliyyatlarda yerli valyutadan istifadə etmək. Başqa sözlə, dedollarizasiya siyasəti. Hesab edirəm ki, bu anlaşma əldə olunarsa, Rusiyanın Zəngəzur dəhlizinə o qədər də iddiası qalmayacaq. Əksinə, Zəngəzur dəhlizinin açılmasından o da faydalanacaq, digər beynəlxalq tranzit xəttini (Şimal-Cənub dəhlizini) öz nəzarətinə götürəcək. Üstəlik, gələcəkdə Rusiyanın Avropaya qaz və neft nəqlinin Azərbaycan üzərindən aparılması perspektivləri də var. Bu səbəbdən Rusiyanın Azərbaycanla münasibətlərini tamamilə pozacağına inanmıram”, - Heydər Oğuz belə deyib.
 
Sultan Laçın
Seçilən
15
moderator.az

1Mənbələr