AZ

Kremlin son “qalası” yıxılır?

Ermənistanda “ruslar getsin” tələbi ilə aksiyalar başlanıb; 102-ci hərbi baza tezliklə bağlana bilərmi - iki rəy

Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasının yaxınlığında etiraz aksiyası keçirilib. Aksiyanı “Respublika Naminə” partiyası təşkil edib. Aksiya iştirakçıları Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasını tələb ediblər.

Rusiyanın 102-ci hərbi bazasının 2044-cü ilədək Gümrüdə qalması ilə bağlı iki ölkə arasında müqavilə imzalanıb. Ancaq göründüyü kimi, rus bazasının evakuasiyası tələbləri səslənir. Rus hərbi bazasının vaxtından erkən getməsi müşkül görünür. Xüsusən də regionda vəziyyətin Rusiyanın əleyhinə inkişaf etməsi fonunda Kreml Ermənistanda hərbi mövcudluğunu qoruyub saxlamaq istəyir. Baxmayaraq ki, daha əvvəllər baş nazir Paşinyan Rusiyanın Ermənistanda hərbi varlığını ölkənin təhlükəsizliyinə təhdid adlandırıb. Hətta təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarışında olduqlarını açıqlayıb.

Üstəlik, Paşinyan son brifinqdə Türkiyə ilə quru sərhədlərin açılacağına əminliyini ifadə edib. Bu da Ermənistanın sərhədlərinin mühafizəsi, habelə rus hərbi bazasının fəaliyyətini getdikcə əhəmiyyətsizləşdirir. Çünki Ermənistana Türkiyə və Azərbaycandan təhlükə yoxdur, Zəngəzur dəhlizinin açılması razılaşdırılıb, yekun sülh sənədinin imzalanması an məsələsidir, habelə digər qonşusu İrandan bu ölkəyə təhdid yoxdur. O halda, Gümrüdəki bazanın fəaliyyəti lazımsız görünür. Sadəcə, 102-ci bazanın olması Rusiyanın özünə lazımdır.

Son aksiyalar da göstərir ki, Ermənistanda anti-Rusiya ovqatı güclənir. Bu piketin hakimiyyət tərəfindən təşkili də istisna deyil. Amma hər bir halda, erməni cəmiyyəti Gümrüdə başqa dövlətin hərbi bazasını arzulamır.

Bəs bu proses sürətlənə bilərmi? Ermənistanda artan çağırışlar fonunda Rusiyanın 102-ci bazasını vaxtından tez çıxarması mümkündürmü? Azərbaycan “sülhməramlı” adlanan rus hərbi kontingentini vaxtından tez yola saldı, Cənubi Qafqazda Rusiyanın sonuncu “qalası” olan Ermənistandan da tezliklə getməsi inandırıcıdırmı?

Azərbaycan

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a söylədi ki, Ermənistanda son zamanlar müşahidə olunan anti-Rusiya meylləri daha açıq şəkildə üzə çıxmağa başlayıb: “Xüsusilə Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının fəaliyyətinə qarşı keçirilən etiraz aksiyaları bu tendensiyanın bariz nümunəsidir. Aksiyaların şüarları bir daha göstərir ki, Ermənistan cəmiyyətinin müəyyən təbəqələri artıq Rusiyanın hərbi varlığını ölkənin təhlükəsizliyi üçün təminat deyil, əksinə, risk və təhlükə mənbəyi kimi dəyərləndirirlər. Lakin bu etirazların baş verməsi hələ o demək deyil ki, yaxın zamanda Moskvanın bölgədəki sonuncu hərbi dayağı - Gümrü bazası fəaliyyətini dayandıracaq. Əslində Ermənistan hakimiyyətinin siyasi xəttinə nəzər salanda, Paşinyan komandasının uzun müddətdir ki, Rusiyadan uzaqlaşmaq və Qərbə inteqrasiya istiqamətində addımlar atdığı görünür. Paşinyan özü dəfələrlə bəyan edib ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu ölkənin təhlükəsizliyi üçün zəruri deyil. Əksinə, onun sözlərinə görə, bu mövcudluq Ermənistanı daha da asılı vəziyyətə salır və müstəqil siyasət aparmaq imkanlarını məhdudlaşdırır. Bu baxımdan, hakimiyyətin perspektiv planları Rusiyanın bölgədəki hərbi bazasını çıxarmaq niyyətini əks etdirir. Lakin prosesin yalnız siyasi bəyanatlarla yekunlaşmadığı da göz önündədir”.

Onun sözlərinə görə, Ermənistanda hələ də güclü sosial dayaqları olan, 44 günlük müharibənin nəticələrini məğlubiyyət kimi qəbul edən və bu itkiləri kompensasiya etməyin yolunu Moskva ilə ənənəvi müttəfiqlikdə görən qüvvələr mövcuddur: “Bir tərəfdə isə Qərbə inteqrasiya etmək istəyən, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını gələcək təhlükəsizlik arxitekturasının əsas dayağı kimi görən qruplar var. Digər tərəfdən isə Rusiyanı hələ də strateji müttəfiq və hərbi dayaqların əsas təminatçısı kimi qiymətləndirən qüvvələr qalmaqdadır. Belə bir ziddiyyətli vəziyyətdə hökumətin istədiyi sürətlə radikal dəyişikliklər etməsi asan deyil. Paşinyan hökuməti bu ziddiyyətləri nəzərə alaraq addımlarını daha ehtiyatla atır. Onun Türkiyə ilə sərhədlərin açılacağına dair verdiyi bəyanatlar, Qərblə təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi istiqamətində atdığı addımlar, Ermənistanın gələcəkdə Rusiyadan hərbi asılılığını minimuma endirmək istəyi ilə bağlıdır. Eyni zamanda Gümrüdəki 102-ci hərbi bazanın fəaliyyəti Moskvanın maraqları baxımından həyati əhəmiyyət daşıyır. Rusiya üçün Cənubi Qafqazda son dayaq məhz Ermənistan üzərində qurulub”.

Onun fikrincə, Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması real görünmür: “Ermənistan hakimiyyəti prosesləri sürətləndirmək istəsə belə, həm daxili müqavimət, həm də Moskvanın sərt reaksiyası bu istiqamətdə sürətli nəticə əldə etməyə imkan vermir. Amma bu, o demək deyil ki, proses, ümumiyyətlə, baş verməyəcək. Çünki regionda baş verən geosiyasi dəyişikliklər getdikcə Rusiyanın əlini zəiflədir. Ermənistanın Qərblə münasibətlərini dərinləşdirməsi, Türkiyə ilə sərhədlərin açılması perspektivi, Azərbaycanın Ermənistanla yekun sülh sazişinə yaxınlaşması və İranın da Ermənistanla münasibətlərində sabit xətt izləməsi - bütün bunlar Gümrüdəki bazanın strateji əhəmiyyətini minimuma endirir”.

Göyçə

Səxavət Məmməd

Hərbi icmalçı Səxavət Məmməd hesab edir ki, bu istiqamətdə bir sıra məsələlər Paşinyan hakimiyyətinin taleyi ilə bağlıdır: “102-ci hərbi baza nə Azərbaycan, nə də İran üçün nəzərdə tutulub. Bazanın maksimum şəxsi heyətinin sayı 5 min nəfər ola bilər. Sadəcə, Rusiyanın Cənubi Qafqazla bağlı strateji maraqlarını təmin etmək üçün Ermənistanda saxlanılıb. Nəzərə almaq lazımdır ki, Rusiyanın Azərbaycan və Gürcüstanla quru sərhədi var, ancaq Ermənistanla quru əlaqəsi yoxdur. Ermənistanda birinci dəfə deyil ki, 102-ci hərbi bazanın ölkə ərazisindən çıxarılması üçün mitinqlər, aksiyalar həyata keçirilir. Ermənistanın bunu bacarıb-bacarmayacağı sual altındadır. Ermənistan maraqlı oyunlar oynayır. Eyni vaxtda ərazisində Rusiya hərbi bazası ola-ola ABŞ-ni öz ərazisinə dəvət edir. Rusiyanın sıxışdırılıb Cənubi Qafqazdan çıxarılması kimi görünən proses əslində dəyişə də bilər. Misal üçün, Ermənistan hakimiyyəti eyni vaxtda həm İranı, həm Rusiyanı, həm də ABŞ-ni razı salacaq sənədlərə imza atıb. Bu, nə qədər uğurlu gediş kimi görünsə də, əslində həm də təhlükəli haldır. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi üçün cəhdlər edə bilər və edəcəyi də gözləniləndir. Əgər bu baş verərsə və Rusiyaya bağlı qüvvələr hakimiyyətə gələrsə, regionda proseslər yenidən fərqli məcrada inkişaf edə bilər. Hazırda Ermənistanın Rusiya hərbi bazasını ölkə ərazisindən çıxarmaq kimi gücü yoxdur. Ermənistan, sadəcə olaraq, cəhdlər edir”.

Seçilən
9
3
turkustan.az

4Mənbələr