“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 200-cü oyununu keçirib.
İdman biz xəbər verir ki, yubiley matçı Misli Premyer Liqasının II turuna təsadüf edib. Bakı klubu “Qəbələ” ilə səfər oyununda 2:1 hesablı qələbə qazanıb.
2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun baş məşqçiliyi dövründə qəsəbə klubu Premyer Liqada 166, Azərbaycan kubokunda 22, avrokuboklarda 12 matç keçirib. 43 yaşlı mütəxəssisin komandası bu qarşılaşmalarda 91 qələbə qazanıb, 57 heç-heçə edib və 52 dəfə meydandan xalsız ayrılıb. Onun yetirmələri 251 qol vurub, 188-ni buraxıblar.
Qeyd edək ki, Sadıqovun “Zirə”nin baş məşqçisi postunda debütü 2020-ci il avqustun 23-də gerçəkləşib. 200-cü matçda olduğu kimi 5 il əvvəl də paytaxt təmsilçisi Premyer Liqa görüşündə Qəbələdə eyniadlı komanda ilə üz-üzə gəlib. Həmin vaxt heç-heçə qeydə alınıb – 1:1.
İdman.biz