AZ

Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”

Gələcək Azərbaycan Partiyasının (GAP) sədr müavini Aslan Həmidli özünü məhkəmə nümayəndəsi kimi təqdim edən “Leobank”ın əməkdaşı tərəfindən təhdid edildiyini bildirib.

 

O, bu barədə Pravda.az-a şikayət ünvanlayıb

Aslan

A.Həmidli bildirib ki, “Leobank”ın Hacı İsmayılov adlı əməkdaşı özünü Ağdam Rayon Məhkəməsinin kuratoru kimi təqdim edərək onu hədələyib.

 

Onlar arasında qalmaqal A.Həmidlinin həyat yoldaşının sözügedən banka kredit xəttindən 74 AZN gecikməsi olduğu üçün baş verib: ““Leobank” kredit xəttindən 74 azn gecikmə olub. Özünü Ağdam Rayon Məhkəməsinin kuratoru kimi təqdin edən Hacı İsmaılyov mənimlə “səni bura gətirdəcəm, başa salacam” kimi təhdidedici sözlərlə danışırdı. Mən dəfələrlə ona müraciət üslubuna diqqət yetirməyi desəm də, xeyri olmadı. Bu əməkdaşa səlahiyyətləri kim verib axı? Mənim borcum varsa, məhkəmə qərar verib, göndərəcək Ədliyyə Nazirliyi yanında İcra və Probasiya Şöbəsinə. Sən kimsən axı qanunu dəyişməyə çalışırsan? Sənin ixtiyarın nədir ki, yaşadığımız ünvana nümayəndə göndərəsiniz?”

 

Aslan Həmidli qeyd edib ki, Ağdam Rayon Məhkəməsi ilə əlaqə saxlayıb və ona Məhkəmədə Hacı İsmayılov adlı əməkdaş çalışmadığı deyilib.

 

O, məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət edib.

 

Pravda.az məsələ ilə bağlı Hacı İsmayılov adlı şəxsin özü ilə əlaqə saxlayıb.

 

H.İsmayılov Aslan Həmidlinin kredit gecikməsi barədə məhkəmə qərarı olduğunu bildirib: “Əlbəttə ki, qərar var. Sorğu müvafiq şöbəyə yönləndirilib. Birinci instansiya olduğumuz üçün bizə yönləndiriblər. Bildiyiniz kimi, Azərbaycanda “Leobank”ın hansısa filialı yoxdur ki, kimsə yaxınlaşıb ərizə yaza bilsin. Vətəndaşın özünün əlavə olaraq bankla problemi var. Özü birbaşa qanunu pozur. Aslan Həmidli, doğrudan da, GAP-nin sədr müavini vəzifəsində işləyirsə, bu günlər ərzində onun barəsində müvafiq tədbir görüləcək. Vətəndaşa zəngimizin əsas məqsədi bu idi ki, məhkəmə proseduru qaldırılıb, bəndləri icra edin, əlavə çətinlik olmasın. İcraya əlavə pul verilməsin, eyni zamanda əlavə məhkəmə rüsumu olmasın, adı qətnaməyə düşməsin. Məqsəd budur. Dəfələrlə izah etdim ki, işimizin adı sırf nədir. “Gətirdəcəyəm” sözü işlənilməyib. Bildirilib ki, nümayəndə göndəriləcək. Vətəndaşla əlaqə qura bilmiriksə, birinci növbədə bilməliyik ki, bəlkə, vətəndaşın başına iş gəlib. Vətəndaş telefon zənginə cavab vermirsə, ünvanına məktub və nümayəndə göndəririk. Bundan sonra görüş təyin olunur və vətəndaş yaxınlaşır, ondan izahat götürülür. Qarşı tərəf dedi ki, lazımi orqanlara müraciət edəcəyəm, başınız ağrıyacaq. Səs tonunun qaldırılması Aslan Həmidli tərəfindən başladıldı. Məhkəmə kuratoru deyə bir vəzifə var. Kurator bankla məhkəmə arasında olan nümayəndədir. Məsələn, hesab edin ki, mən “Leobank”ın əməkdaşıyam, nə fərqi var? Sorğu mənə yönləndirilib. Aslan Həmidli başa düşmür ki, biz kömək etmək məqsədilə əlaqə saxlayırıq. Mən prinsipial insanam. O, belə edibsə, mən də sonadək gedəcəyəm”.

 

“Leobank”dan isə problemlə bağlı soruğumuza heç bir mövqe bildirilməyib.

 

Məsələnin qanuni tərəflərini izah edən hüquqşünas Əkrəm Həsənov isə deyib ki, vətəndaş məhkəmə yolu ilə ona dəyən mənəvi zərəri tələb edə bilər:

Konstitusiya

““Məhkəmə üzrə kurator”. Mən buna həmişə "zir-zibil" deyirəm. Kurator deyil, kollektordur. Yəni müəyyən şirkətlər borcların qaytarılması ilə məşğul olurlar. Banklar işi məhkəmədən əvvəl və ya sonra onlara verirlər. Məhkəmədən əvvəl işi kollektora vermək bank sirrinin pozulmasıdır. Məhkəmə olmayıbsa, bankın kiməsə müştərinin borcu barədə məlumat verməyə ixtiyarı yoxdur. Bu, bank sirrinin pozulmasıdır. Vətəndaş özü məhkəməyə verib, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Belə məhkəmə predmetləri də var. Düzdür, məhkəmələr bankları buna görə çox da cərimələmirlər - 300-500 manat. Hər bir halda belə bir şey var. Məhkəmə qərarı ilə icra məmuru məşğul olmalıdır. Bəli, kollektor kimdir ki, bu işlə məşğul olsun? Sadəcə, hədə-qorxu gəlmək, vətəndaşı narahat etmək işi ilə məşğuldur. Formal yanaşsaq, bankın işçisinin ixtiyarı var ki, məhkəmə qərarından sonra vətəndaşa zəng etsin, nəzakətli formada soruşsun ki, borcu ödəyəcəksinizmi, necə ödəyəcəksiniz... Daha “mən səni gətirdəcəyəm, izahat alacağam”. Belə şey yoxdur. Ümumiyyətlə, vətəndaşın banka getmək kimi bir vəzifəsi də yoxdur. Gəlmirəm, get məhkəməyə ver, vəssalam. Bu danışıqlar qorxutmaq üçündür. Vətəndaşla bank işçisi arasında kobud danışıq olubsa, ən azından vətəndaş onu məhkəməyə verib dəyən mənəvi ziyanın əvəzini tələb edə bilər. Vətəndaş mənəvi ziyanın əvəzini özü müəyyən etməlidir ki, hansı məbləği istəyir. Məhkəmə hansı məbləği kəsəcək, bu, tamamilə başqa söhbətdir. İki şəxs arasında qanunazidd sözlər işlənilibsə, hətta cinayət məsuliyyəti də mümkündür”.

 

Aytəkin Qardaşova

Tarix: 26 Avqust 2025, 12:46   
Seçilən
10
1
pravda.az

2Mənbələr