AZ

Terroru maliyyələşdirmədə təqsirləndirilən şəxslər barəsində məhkəmə prosesi keçirilib

Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Herbiand.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.Məhkəmədə ifadə verən E.Rəhimova təqsirləndirilən şəxsləri tanımadığını bildirib: “Mənim kartımdan pul göndərilsə də, o əməliyyatı mən etməmişəm. Vatsapda paylaşılan xəstə uşaqlara, qadınlara yardım üçün pul göndərmişəm. İstintaq zamanı mənə deyildi ki, 300 manat göndərmişəm. İfadəmdə də demişəm ki, mənim o puldan xəbərim yoxdur. Ola bilər ki, vatsapda paylaşılan yardım adı altında pul göndərilib. Dəqiq heç nə bilmirəm”.

Daha sonra məhkəmədə şahid qismində dindirilən Aytən İsayeva uzun müddət Suriyada yaşadığını bildirib:
“Mən 2013-cü ildən 2023-cü ilədək Suriyada yaşamışam. Ərim məndən qabaq getmişdi. Sonra mən, övladım və qardaşım getdik. Xəqanini tanıyıram. Qardaşımın qaynıdır. Bir dəfə görmüşəm. Mən Xəqaniyə pul göndərməmişəm. Əksinə, o bizə pul göndərib”.

Şahid Məlahət Mustafayeva ifadəsində təqsirləndirilən Xəqanini tanıdığını, oğlunun qaynı olduğunu bildirib:

“Biz Suriyaya getdik. Bir ildən sonra peşman oldum. Oğlum Elşən Azərbaycan vətəndaşıdır. O, Xəqani ilə sözləşmişdi. Xəqani bizə 30 min pul verdi. Həmin pula biz ev aldıq. Həmin pulun 11,500 dolları bizim Suriyadakı satılan evin pulu idi. Həmin pula 1000 dollar da əlavə yardım kimi göndərildi. Bu pul barəsində oğlum və yoldaşı arasında söhbət olub. Lakin mən bu barədə heç nə bilmirəm. Qalan pulun mənbəyi də mənə məlum deyil. Xəqanini bir dəfə görmüşəm. Eşitdiyimə görə, o, xeyriyyəçidir”.

Xəqani ifadəyə münasibət bildirərək qeyd edib ki, Elşən ona deyib ki, ailəsi Suriyaya gələcək və bunun üçün yardım toplanılmalıdır. Sonra onlara ev lazım olduğunu, ailəsinin kirayədə qalmasını istəmədiyini və toplanan ianələrin də özündə saxlamasını bildirib. Həmin pulların da ianə olduğunu qeyd edib.
Şahid Zəminə Əliyeva bildirib ki, təqsirləndirilən şəxsi tanımır və ona pul göndərməyib: “Mən ailəmlə birlikdə Suriyada 10 il yaşamışam. 2012-ci ildən 2022-ci ilədək ailəmiz orada olub. Yoldaşım həlak oldu. Sonra ölkəyə döndük. Mən Xəqaniyə pul göndərməmişəm. Lakin Aytən İsayevaya 100 manat pul göndərmişəm. Mən orada yaşayanda bizə yardımlar verilib. Həmin yardımlar ərzaq formasında olub. Mənə də yardımların verilməsini əks etdirən video göndərilib. Biz ölkəyə qayıdanda döyüşlər davam edirdi”.
Şahid Ruslan Məmmədov məhkəməyə verdiyi ifadəsində bildirib ki, qardaşı Suriyada yaşayıb: “Qardaşım Suriyada yaşayıb. O, orada kənd təsərrüfatı layihəsi ilə məşğul idi. Bu barədə ətraflı məlumatım yoxdur. Qardaşım namaz qılan idi, amma döyüşmürdü. Mən qardaşıma görə pul göndərmişəm. Qardaşım Ramin Məmmədov orada hansısa əməliyyatlarda iştirakı, döyüşü ilə bağlı deyil, başqa bir işlə əlaqədar Baş Mütəşəkkil Cinayətlarlıqla Mübarizə İdarəsi tərəfindən axtarışda olub”.

Şahid İsmayıl Məmmədov bildirib ki, ticarətlə məşğuldur, karta pul göndərib, amma məqsədi sırf yardım üçün olub: “Mənim məqsədim yardım olub. Mən karta yardım üçün iki dəfə pul göndərmişəm. Özüm də pul yığıb, toplayıb birdəfəyə göndərmişəm. İndi də kiməsə yardım lazım olsa, əlimdən gələni edib yardıma çalışaram”.
Şahid Elşən Məmmədov bildirib ki, təqsirləndirilənlərdən yanlız Anarı tanıyır: “Anar mənim kartıma pul göndərmişdi. Mən də onu başqa karta köçürmüşəm”.

Anar bu ifadəni təsdiqləyib və bildirib ki, öz kartı olmadığı üçün bunu Elşəndən xahiş edib.

Daha sonra təqsirləndirilən Xəqani Ömərovun vəkili ev dustaqlığı ilə bağlı vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib.

Proses digər iki şahidin ifadəsi ilə 16 sentyabrda davam etdiriləcək.
Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
6
9
herbiand.az

10Mənbələr