AZ

Əgər işğalçı dövlət vaxtında cəzalandırılsaydı…

Dövlət başçısı İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bu çağırışı etdi ki, hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı,  düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir

«Həm Vətən Müharibəsi, həm antiterror əməliyyatı nəticəsində yaratdığımız yeni reallıqlar dünya tərəfindən qəbul edildi. Bu da çox vacib idi. Çünki Vətən Müharibəsindən və xüsusilə 2023-cü ilin sentyabr əməliyyatından sonra Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr bizə qarşı kampaniyaya başlamışdılar. Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Düzdür, onların heç biri həyata keçmədi. Bizim kifayət qədər güclü tərəfdaşlarımız var və beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz hər zaman ədalətli mövqe kimi qəbul olunub. Çünki biz öz torpağımızda müharibə aparmışıq. Bəzi başqa ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməmişik, etnik təmizləmə aparmamışıq, heç bir ölkənin şəhər və kəndlərini viran qoymamışıq. Biz öz torpağımızda döyüşmüşük, düşməni böyrü üstə qoymuşuq və ərazi bütövlüyümüzü bərpa etmişik, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında.» Dövlət başçısı İlham Əliyev Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşündə onu da əlavə etdi ki, münaqişə ilə məşğul olmalı olan üç ölkə - Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, onu dondurmaq istiqamətində işlər aparırdılar və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdılar. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı. Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə, Ermənistan  torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və  qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı. Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara bir məqsədlə  pulsuz verilirdi-  işğal davam etsin,  azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar,  Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın.

Tarixi Zəfərimizdən beş il keçməsinə baxmayaraq, Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edərkən ilk olaraq göz önünə qalibiyyətimiz, işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan üçrəngli Bayrağımız, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı gəlir. Səbirsizliklə gözlədiyimiz bu anların 30 il uzanmasına səbəb olan amillər də diqqətdən kənarda qalmır. Bu, bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin nəticəsi kimi qeyd olunur. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında, keçirdiyi görüşlərində 44 günlük İkinci Qarabağ müharibəsini şərtləndirən amillərdən geniş bəhs edərək bu məqamı xüsusi qeyd edir ki, məsələnin həlli ilə bağlı 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 28 il fəaliyyət göstərsə də, nəticə olmamışdır.

Nəzərə alaq ki, Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı dövlətləri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Rəsmi Bakının ən yüksək tribunalardan səsləndirdiyi bəyanatlardan biri bu oldu ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. Cənab İlham Əliyev 30 illik işğal dövründə, həmçinin postmünaqişə mərhələsində ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı iradlarını bildirmişdi. Qurum heç nə olmamış kimi seyrçi mövqeyində, missiyasını nəticəsiz səfərlərlə bitmiş hesab etməklə Azərbaycan dövlətinin, xalqının haqlı narazılığına səbəb olmuşdur. Diqqətçəkən məqam isə Vətən müharibəsində tarixi Qələbəmizdən sonra Minsk qrupu həmsədrlərinin dövlətimizin başçısı İlham Əliyevlə görüşmək istəyi, ölkə Prezidentinin həmin qəbulda 28 ilə yaxın dövrdə qurumun fəaliyyətsizliyini əsaslı şəkildə diqqətə çatdırması, həmsədrlərin postmüharibə dövrü ilə bağlı nəzərdə tutulan prioritetlərin icrasında fəal olacaqları ilə bağlı fikirlər səsləndirmələri və sair kimi məqamlar bir daha bu reallığa işıq saldı ki, beynəlxalq hüquq normaları zamana və məkana görə tətbiq edildiyi kimi, beynəlxalq münasibətlərdə əsas amil olan güc  aktuallığını qoruyub özünü qabarıq şəkildə büruzə verəndə maraqlar da dəyişir. Azərbaycanın döyüş meydanında Qələbəsi, 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun edə bilmədiyini Azərbaycan Ordusunun etməsi dünyanın bugünədək nümayiş etdirdiyi, amma özünün «duymadığı» ikili siyasətin yaratdığı problemləri dərk etmək məcburiyyətində qoydu.

Dövlət başçısı İlham Əliyev çıxışlarında, görüşlərdə  «Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi» fikirləri ilə bu qurumun fəaliyyətsizliyini, missiyasını yerinə yetirmək barədə belə düşünmədiyini aydın şəkildə diqqətə çatdırırdı.

Prezident İlham Əliyevin istər 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərində, istərsə də postmünaqişə dövründə qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərdə səsləndirdiyi bəyanatlarda bəzi dünya güclərinin ikili siyasəti, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyi əsaslı şəkildə diqqətə çatdırılıb. Beynəlxalq münasibətlərdə hüququn işləmədiyini önə çəkən cənab İlham Əliyev bildirir ki, əgər işləsəydi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Bu qətnamələr yalnız kağız üzərində qalıb. Səbəb isə məlumdur. Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o bundan sonra da buna məhəl qoymaya bilər.

Bəzi məqamları yada salaq. İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə,  2020-ci ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədrləri -Rusiya, ABŞ və Fransa tərəfindən bəyanatın layihəsi hazırlanaraq razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Bəyanat layihəsində Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrə istinad yer almamışdı. Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv olan  İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin həmin layihəyə Təhlükəsizlik Şurasının qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdilər. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildirmişdilər. Rusiya, Fransa və ABŞ-ın tutduğu bu mövqe onların 28 illik fəaliyyətlərinin aydın mənzərəsini yaratdı. Qoşulmama Hərəkatı ölkələrinin prinsipial mövqeyi sayəsində həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkmişdilər.

Nəyə görə işğalçı ölkəyə 28 ildə təzyiqlər göstərilmədi, ona qarşı sanksiyalar tətbiq edilmədi? Ermənistan beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və yeni əraziləri ələ keçirmək üçün planlar hazırladı. Real olan budur ki, münaqişənin həlli prosesinin uzanmasında Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədrləri əsas günahkarlardır.

2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı kimi dəyərləndirildi. Azərbaycan Təhlükəsizlik Şurasına üzvlük müddətində beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdi. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi keçirilən görüşlərinin ideal məkanı kimi diqqət çəkib. Dünyada 200-ə qədər ölkənin olduğunu nəzərə alsaq, bu görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsinin onun yürütdüyü müstəqil xarici siyasətə olan hörmətin və etimadın göstəricisi olduğunu qeyd edə bilərik. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri qurur və yeni-yeni istiqamətlər üzrə inkişaf etdirir. Tamhüquqlu 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatının məqsədi bəşəri dəyərlərin təbliğinə xidmət və bütün ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə sadiqlik nümayiş etdirməkdir. Qurum BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə Qoşulmama Hərəkatının sədri seçildi. Azərbaycanın quruma sədrliyi dövrünün bir il uzadılması ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun aydın mənzərəsini yaratdı.

Azərbaycan tarixi Zəfərdən dərhal sonra  regionda dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etdi. O zamandan beş il keçsə də Ermənistanın məsələ ilə bağlı konkret addım ata bilmədiyi  diqqətdən kənarda qalmadı. Buna səbəb Ermənistanın dayı axtarışları, onlardan təklif gözləməsi və sair kimi məqamlardır. Nəzərə alaq ki, Azərbaycan dünya hərb tarixində bəlkə də birinci olar ki, belə bir addımı atdı. Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Hansı ki, mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidələrimiz dağıdıldı, məscidlərimizdə donuz saxlanıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir. Lakin Ermənistan silahlı qüvvələri mütəmadi şəkildə sərhəddə təxribat törədərək itkilərə səbəb oldular. Cənab İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bildirdi ki,  düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu gün Ermənistanla - məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik.

Günümüzün əsas çağırışı bölgədə etimad mühitinin yaradılması, dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır.  Avqustun 9-da Vaşinqtonda tarixi sülh razılaşması  Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin təsdiqi oldu. Trampın yenidən Prezident seçilməsi  münasibətlərimizin yüksələn xətlə inkişafına stimul oldu. Dövlətimizin başçısı İlham Əliyev bu ilin  iyulunda Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda bildirdi ki, Tramp müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun.

Dövlət başçısı İlham Əliyevin ABŞ-a işgüzar səfərinin uğurlu nəticələri ABŞ-Azərbaycan münasibətlərinin də təqdimatı oldu. Səfər çərçivəsində imzalanan sənədlər  ədalətin və beynəlxalq hüququn təntənəsi oldu. Ədalətsiz 907-ci düzəlişin fəaliyyəti dayandırıldı, ATƏT-in Minsk qrupu ləğv edildi.  Yarandığı gündən ikili standartların alətinə çevrilən bu qurumun siyasi ömrü başa çatdı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır.

Rəsmi Bakı daim ən yüksək tribunalardan ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyacın olmadığını bildirirdi. Tarixi Zəfərimizdən sonra bu məsələ daha da aktuallaşdı. Minsk qrupunun buraxılması ilə Azərbaycan beynəlxalq aləmdə bir daha göstərdi ki, regionun gələcəyini öz iradəsi ilə müəyyənləşdirir, ədalət və beynəlxalq hüquq prinsipləri əsasdır. Bu mühüm addım  Azərbaycan xalqının uzun illər gözlədiyi  ədalətin bərpasıdır. Çünki 30 ildən artıq müddətdə Minsk qrupu xalqımızın yaddaşında yalnız ədalətsizliyin, ikili standartların simvolu olub. Artıq Minsk qrupu  səhifəsi bağlandı. Nəzərə alsaq ki, bu qurum Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılmışdır, artıq tarixi Zəfərimizdən sonra onun fəaliyyətinə heç bir ehtiyac yoxdur. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ATƏT-in Minsk qrupunun buraxılması Azərbaycan diplomatiyasının tarixi qələbəsi kimi tarixə yazıldı.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
26
ikisahil.az

1Mənbələr