AZ

Murovdağ tuneli - MDB-də 1-ci, Avropada 5-ci

Toğanalı-Kəlbəcər-İstisu yolu rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, turizmin inkişafına mühüm töhfə verəcək

Artıq 5 ilə yaxındır ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində misli görünməyən tikinti-quruculuq işləri davam edir.  Demək olar ki, hər həftə ölkəmizin müxtəlif şəhər və rayonlarından keçmiş məcburi köçkün soydaşlarımızın doğma yurda köç karvanları hərəkət edir. 

Əlbəttə ki, Böyük qayıdışın təmin edilməsi üçün vacib olan ən mühüm məsələlərdən biri də yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasıdır. Odur ki, hər iki iqtisadi rayonda tikinti-quruculuq işləri ilə paralel olaraq yolların da yenidən qurulması, körpü və tunellərin tikintisi həyata keçirilir.

Xatırladaq ki, 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi aparılıb. Həmin layihələrin ümumi uzunluğu 3400 kilometrdir. Onlardan 7 avtomobil yolunun (Zəfər yolu, Əhmədbəyli-Füzuli-Şuşa yolu, Tərtər-Suqovuşan-Talış avtomobil yolu, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu, Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu, Bərdə-Ağdam avtomobil yolu, Füzuli-Hadrut avtomobil yolu) tikinti işləri başa çatdırılıb. 

Tikintisi davam edən 37 layihənin isə 2025-2026-cı illərdə başa çatdırılması planlaşdırılır. Bu layihələr çərçivəsində ümumilikdə 45 tunel, 447 körpü, 16 viaduk inşa ediləcək. 45 tunelin ümumi uzunluğu 70,8 km, 447 körpünün ümumi uzunluğu 9581,6 m, 16 viadukun ümumi uzunluğu isə 3871 metrdir.

Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şərqi Zəngəzura səfərləri zamanı bu yollardan biri - Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Dövlət başçısı yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.

2021-ci ilin avqustunda Prezident İlham Əliyevin təməlini qoyduğu bu mühüm infrastruktur layihəsinin uzunluğu 82 kilometrdir. Yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. 

Yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Ərazidə yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə 1-cidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Tuneldə qazma, həmçinin sağ və sol hissələri birləşdirən 38 keçid tuneli üzrə işlər artıq başa çatdırılıb. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir. Tunellərdə əsas tikinti işləri, o cümlədən qazma, kəmər-beton və digər texniki işlərin çoxu artıq yekunlaşıb. Yeri gəlmişkən qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 87 faizi icra olunub.

Bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək.

Belə çətin coğrafi şəraitdə bu cür strateji əhəmiyyətə malik layihənin icrası bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlarımızın qısa müddətdə bərpası, o cümlədən həmin bölgələrimizdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması dövlətin diqqət mərkəzindədir.

Ümumiyyətlə, Avropada və dünyada uzun avtomobil tunelləri strateji əhəmiyyətə malikdir. Norveçdəki "Lerdal" tuneli (24,5 km) hazırda dünyanın ən uzun yol tunelidir. İsveçrənin "Gotthard" yol tuneli (16,9 km) Alp dağlarının altında yerləşir və Avropanı şimal-cənub xətti üzrə birləşdirir. Avstriyanın "Arlberg" tuneli (13,9 km) və Fransa-İtaliya sərhədindəki "Frejus" tuneli (12,8 km) də qitənin mühüm dağ keçidlərində nəqliyyatın təhlükəsizliyini təmin edir.

Murovdağ tuneli isə bu siyahıya regionun ən uzun avtomobil tuneli kimi düşəcək. MDB ölkələrində bu miqyasda heç bir yol tuneli yoxdur. Layihə çərçivəsində əlavə olaraq ümumi uzunluğu 2636 metr olan dörd tunel də inşa olunur. Bu yol bölgənin kənd təsərrüfatı, turizm və ümumilikdə sosial-iqtisadi həyatına yeni nəfəs gətirəcək. 

Əlbəttə ki, belə çətin coğrafi relyefdə tunel inşası Azərbaycanın gücünü, iradəsini və yenidənqurma prosesinə verdiyi prioriteti nümayiş etdirir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Seçilən
48
7
azerbaijan-news.az

10Mənbələr