AZ

Sertifikasiyadan keçməyən işçilərin praktik tibb fəaliyyəti ilə məşğul olması yolverilməzdir

Bakı, 27 avqust, AZƏRTAC

“Özəl tibb fəaliyyəti haqqında” Qanunun tələblərinə əsasən, özəl tibb müəssisəsi yalnız tibbi fəaliyyətin müəyyən növləri üzrə verilən lisenziya əsasında və həmin fəaliyyət sahəsinə uyğun ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda fəaliyyət göstərə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayım zamanı nazirliyin Analitik Ekspertiza Mərkəzinin (AEM) Hüquq şöbəsinin müdiri Tamam Həsənova deyib.

O bildirib ki, müəssisə rəhbəri tibbi fəaliyyətə görə birbaşa məsuliyyət daşıyır və tibbi heyətlə bağlı aşağıdakı vəzifələrin icrasına nəzarət etməlidir: “Tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən, tədrisə və sertifikasiyaya cəlb edilməlidirlər. Sertifikasiyadan keçməyən işçilərin praktik tibb fəaliyyəti ilə məşğul olması qadağandır. Müəssisə qanunvericilikdə nəzərdə tutulan statistik qeydiyyat və hesabatları aparmalı və onların doğruluğuna görə məsuliyyət daşımalıdır. Pasiyentin sağlamlıq vəziyyəti, tibbi xidmətlərin həcmi və nəticələri ilə bağlı sənədləşmə nazirliyin müəyyən etdiyi qaydada aparılmalıdır. Pasiyent tələb etdikdə müəssisə lisenziya, sertifikasiya və digər rəsmi sənədləri təqdim etməlidir. Pasiyentlər müayinə və müalicələrinin nəticələri ilə tanış edilməli, diaqnoz onlara izah olunmalıdır”.

Tamam Həsənova, həmçinin diqqətə çatdırıb ki, müalicə həkimi pasiyentin istəyi ilə müəssisənin rəhbəri tərəfindən təyin edilir. Pasiyent tərəfindən həkimin dəyişdirilməsini tələb olunduqda, bu məsələ rəhbərlik tərəfindən təmin edilməlidir.

Qeyd edək ki, vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət, pozuntu və ya şikayət halları ilə bağlı AEM-ə “Bir pəncərə” sektoru, (012) 596 05 20 qaynar xətti, [email protected] elektron poçtu və www.pharma.az (“Müraciət” bölməsi) rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.

Seçilən
15
6
azertag.az

10Mənbələr