AZ

Azərbaycan hökumətinin "Zəngəzur dəhlizi" iclasına Ermənistandan fərqli reaksiyalar gəldi...


Məlum olduğu kimi, Nazirlər Kabinetində prezident İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclası keçirilib. Burada baş nazir Əli Əsədov Azərbaycan prezidentinin bütün dünyanın diqqət mərkəzində olan triumfal Vaşinqton səfərinin ölkəmizin beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açdığını bildirib.

Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazılan 8 avqust Zəfərinin prezident İlham Əliyevin güclü liderliyinin, qətiyyətinin və prinsipiallığının məntiqi nəticəsi olduğu vurğulanıb.

Vaşinqtonda keçirilmiş görüşlərin və imzalanmış sənədlərin əhəmiyyəti barədə bəhs edən baş nazir səfərin bir tərəfdən Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün təmin edilməsi istiqamətində mühüm addımların atılması ilə əlamətdar olduğunu diqqətə çatdırıb. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) ilə bağlı əldə edilmiş razılığın əhəmiyyəti vurğulanaraq, layihənin Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməklə yanaşı, regionda nəqliyyat əlaqələrinin inkişafına, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyi diqqətə çatdırılıb. Bununla əlaqədar olaraq, müvafiq tapşırıqların icrası üçün hökumət tərəfindən gündəlik əsasda işin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, regionda kommunikasiyaların açılması ilə bağlı razılaşmalar böyük əhəmiyyət kəsb edir: “İmzalanmış sənədə əsasən, tərəflər Azərbaycan və Ermənistan arasında bölgədaxili və beynəlxalq kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiqləyiblər”. O bildirib ki, razılaşmaların əhəmiyyətli hissələrindən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə maneəsiz hərəkətinin təmin edilməsinin nəzərdə tutulmasıdır: “Bu razılaşma Naxçıvanın Azərbaycanın digər bölgələri ilə daha sıx inteqrasiyasına xidmət edəcək. Avropa və Asiya arasında mühüm nəqliyyat vasitəsi olan Zəngəzurdan keçən yol iqtisadi əlaqələrin genişlənməsinə imkan verəcək”. İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması, regionda sülhün bərqərar olması, yeni nəqliyyat bağlantılarının reallığa çevrilməsi ölkəmizin inkişafı üçün yeni əlverişli imkanlar yaradacaq. O qeyd edib ki, bu nailiyyətlər prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin uğurlu nəticəsi, xalqımız və dövlətimiz üçün tarixi ədalətin təcəssümüdür.

Bütün bunlar Ermənistanda ciddi narahatlıq yaradıb. Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Hasmik Akopyan qeyd edir ki, o və ölkə cəmiyyəti Azərbaycanın ritorikası və ifadələri ilə maraqlanmır. O deyir ki, erməni tərəfi üçün vacib olan Vaşinqton sənədində yazılanlardır: “Burada “dəhliz” ifadəsi yoxdur. Onlar nə istəsə deyə bilərlər. Adını "Zəngəzur dəhlizi" qoyurlarsa, sənəddə yazılıb ki, TRİPP-in bir hissəsidir, yoldur. Dəhliz, yurisdiksiya, suverenlik, hətta qarşılıqlılıq prinsipi qeyd edilərək müvafiq sənəd imzalanandan sonra Ermənistan ərazisindən keçərkən Azərbaycana şamil ediləcək üstünlüklərin Azərbaycan ərazisindən keçərkən Ermənistana da şamil ediləcəyini bildirir. Bu sənədi imzaladıqdan sonra nə danışıldığını şərh etməyəcəyəm, sadəcə öz ölkəmdə olan başqa şeylərdən danışacam".

Hakim düşərgəni təmsil edən deputat Vaşinqton mətnini əsas götürərək, bunun belə olacağını iddia edir: “Yol haqqında aydın yazılıb, açıq şəkildə imzalanıb ki, Ermənistan Respublikasının ərazi bütövlüyünə hörmət edilir və blokadanın götürülməsi ölkələrin suverenliyi və yurisdiksiyası altında baş tutacaq, bundan sonra isə yol haqqında danışmaq olar”. Müxalifətdən olan deputat Qeqam Manukyan isə Bakının düsturlarına və ritorikasına təəccüblənməyərək deyir ki, belə də olmalıdır: “Nə tələb edirdilərsə, Nikol Paşinyan ona əməl edir”. Üstəlik, deputatın fikrincə, hətta Paşinyan “dəhliz” tərtibini Şimal-Cənub magistral yolu ilə müqayisə etməklə əsaslandırıb: “Ermənistana faktiki olaraq xeyir verəcək heç bir razılaşma, addım və ya güzəşt edilməyib, əksinə, heç nə deməyən və heç nə verməyən bu paraflama prosesi sadəcə olaraq Nikol Paşinyana öz xalqını çaşdırmaq üçün saxta gündəmlə qidalandırmaq baxımından verilib. Nikol Paşinyan sülhə aparan sənədi yox, Azərbaycanın tələblərini yerinə yetirmək üçün güzəştlər bəyannaməsini paraflayıb”. “Hayastan” fraksiyasının üzvü əlavə edib ki, Paşinyan seçkiqabağı sülh və qeyri-sülh kampaniyası ilə insanları nə qədər çaşdırmağa çalışsa da, Ermənistan ərazisindən keçən maneəsiz Azərbaycan-Naxçıvan yolu açılır. Ermənistan APRI analitik mərkəzinin rəhbəri Benjamin Poqosyan isə qeyd edir ki, Zəngəzur dəhlizinin həyata keçirilməsi üçün real addımlar yalnız Ermənistanda seçkilərdən sonra və yalnız hakim partiya qalib gələrsə, atılacaq. O bildirib ki, həm Tehran, həm Moskva hələ gözləyir: “Vaşinqtonda yalnız niyyət memorandumu və bəyannamə imzalanıb. Hələlik real addımlar atılmayıb. Sünikdə amerikalılar peyda olmayıb, amerikan-erməni şirkəti isə hələlik qeydiyyatdan keçməyib. Düşünürəm ki, İran Sünikdə hansı amerikalıların və hansı məqsədlərlə peyda olacağını anlamaq üçün gözləyəcək. Rusiyaya gəlincə, strateji baxımdan Moskva üçün Cənubi Qafqaz ABŞ-dən qat-qat vacibdir. Rusiya üçün bura keçmiş Sovet İttifaqının ərazisidir və burada həmişə öz maraqlarını bəyan edir. Buna görə də uzunmüddətli perspektivdə ruslar çətin ki, Ermənistanda 99 il ərzində qeyri-müəyyən səlahiyyətlərə malik Amerika şirkətinin peyda olmasından məmnun olsunlar. Ancaq hələlik TRIPP, sadəcə, Vaşinqtonda imzalanmış bəyannamədir. Deməli, hələ heç nə baş vermir və hesab edirəm ki, Rusiya da gözləyir. Rusiya hələlik bu istiqamətdə ciddi səy göstərməyin lazımsız olduğunu anlayır. Ortada yalnızca niyyət memorandumu da var, deməli, yeni hökumət yaranarsa, Vaşinqton bəyannaməsinin onun üçün heç bir hüquqi qüvvəyə malik olmadığını bəyan edə bilər”.

Nahid SALAYEV

Seçilən
19
baki-xeber.com

1Mənbələr