AZ

Almaniya hökuməti beynəlxalq iqlim məsələləri üzrə siyasətini yenidən təşkil edir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Berlin, 28 avqust, AZƏRTAC

Almaniya hökuməti ölkənin beynəlxalq iqlim siyasətinin rəhbərliyini Xarici İşlər Nazirliyindən Ətraf Mühit, İqlim, Təbiət Mühafizəsi və Nüvə Təhlükəsizliyi Nazirliyinə keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə hər iki nazirliyin birgə açıqlamasında qeyd olunub.

Dəyişikliyə baxmayaraq, Xarici İşlər Nazirliyi iqlim məsələləri üzrə beynəlxalq siyasətdə fəal iştirakını davam etdirəcək. Ətraf Mühit, İqlim, Təbiət Mühafizəsi və Nüvə Təhlükəsizliyi Nazirliyi beynəlxalq iqlim siyasətini və beynəlxalq iqlim danışıqlarını həyata keçirəcək, həmçinin Dünya İqlim konfranslarında danışıqlar aparacaq, milli, Avropa və beynəlxalq iqlim siyasəti arasında sıx koordinasiyanı təmin edəcək.

Birgə açıqlamada qeyd olunub ki, iqlim siyasəti Almaniyanın xarici və təhlükəsizlik siyasətinin əsas hissəsi olaraq qalır. Bir çox ölkələrlə iqlim və enerji siyasəti üzrə əməkdaşlıq formatları ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Almaniyanın iqlim mühafizəsində etibarlı tərəfdaşlığı xüsusilə geosiyasi böhran dövrlərində vacib amildir.

Hər iki nazirlik Almaniyanın iqlim diplomatiyası strategiyası çərçivəsində yaradılmış Dövlət katibləri idarəsinə birgə rəhbərlik edəcək. Almaniyanın xarici nümayəndəlikləri və 50-dən çox iqlim səfirlikləri gələcəkdə də iqlim diplomatiyasının formalaşdırılmasında mühüm rol oynayacaq.

Birgə məlumatda, həmçinin Almaniyada, Avropada və dünyada iqlim risklərini azaltmaq, iqlimdən qaynaqlanan münaqişələrin qarşısını almaq və eyni zamanda, hədəfli uyğunlaşma yolu ilə xüsusilə həssas bölgələrdə dayanıqlı müqavimət gücü formalaşdırmaq üçün BMT, Aİ, G7, G20, ATƏT və NATO kimi beynəlxalq platformalarda da fəal iştirakın təmin olunacağı qeyd edilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
3
azertag.az

4Mənbələr