AZ

Qars-Naxçıvan dəmir yolu:polad iradə, polad yol

Bölgədə yaranan yeni reallıqlar fonunda dövlət başçısı İlham Əliyevin iradəsi ilə həyata vəsiqə almaqda olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda beynəlxalq ticarətə yeni imkanlar yaradacaq

Bir əsrdən çoxdur ki, blokadada yaşayan, ötən əsrin 90-cı illərində isə ölkənin əsas hissəsindən tamamilə təcrid vəziyyətinə düşən, işğal təhlükəsi yaşayan Naxçıvanda bu gün dünyanın iqtisadi-ticarət-enerji qatarına qoşulması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Bu ilin mart ayında istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri fonunda hazırda Azərbaycan Respublikası Prezidentinin “Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı uğurla icra olunur, İran ərazisindən keçməklə Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında marşrutun yaradılması üzrə işlər tamamlanır. Yaxın vaxtlarda enerji ixracı və dayanıqlılığın artırılması üçün Türkiyədən Naxçıvana yeni elektrik xətləri də çəkiləcək. Zəngəzur dəhlizinin açılması isə prioritet olmaqla, bütün layihələrin kəsişmə nöqtəsi kimi öz aktuallığını saxlayır. Daha bir mühüm layihə üzrə də işlər artıq başlayıb. Söhbət Qars-Naxçıvan dəmir yolundan gedir…

İqtisadiyyat naziri Mikayıl Cabbarovun dediyi kimi, əslində, Qars-Naxçıvan dəmir yolunun inşası planı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yeni bir qolunun yaranması kimi qiymətləndirilməlidir. Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Orta Dəhlizin yeni nəfəsi olan  Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir. Saatda 120-160 kilometr sürət üçün nəzərdə tutulan layihə 5 ilə tamamlanacaq: Uzunluğu 638 metr olan 10 körpü, 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Bölgədə yaranan yeni reallıqlar fonunda dövlət başçısı İlham Əliyevin polad iradəsi ilə həyata vəsiqə almaqda olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Təbii ki, Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti, təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmək xarakteri daşımır. Bu layihələr daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir.

Ötən həftə avqustun 22-də Türkiyənin şərqindəki İğdır vilayətində Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi) tikintisinə başlanması mərasimi keçirildi. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu mərasim iştirakçıları qarşısında çıxış edərkən 224 kilometrlik Qars-Naxçıvan dəmir yolunu Türkiyənin regional və qlobal aktorlar ilə əlaqələrinin inkişafı üçün mühüm təkan, Ankaranın geostrateji liderliyinə töhfə adlandırdı. “Yeni dəmir yolu marşrutunun işə düşməsi ilə Cənubi Qafqazda sülh və inkişafın yeni səhifəsi açılacaq. Biz bütün Avrasiyanın gələcəyinə təsir edəcək bir təşəbbüs həyata keçiririk”, -deyə Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri vurğuladı. Uraloğlu Qərblə Şərq arasında təbii körpü olan Türkiyənin geostrateji mövqeyinə diqqət çəkərək ölkənin beynəlxalq əhəmiyyətli logistika, nəqliyyat və ticarət mərkəzinə çevrilməsinə imkan yaradan meqalayihələri də sadaladı. Onun sözlərinə görə, Türkiyə hökuməti son onilliklərdə respublikanın dəmir yolu şəbəkələrinin inkişafına xüsusi diqqət yetirir, dəmir yollarını ölkənin aparıcı limanları və sənaye zonaları ilə birləşdirməyə çalışır. “Son 23 ildə Türkiyənin nəqliyyat sektoruna qoyulmuş 300 milyard dollar sərmayənin 64 milyard dolları dəmir yollarına sərf olunub”, -deyə nazir bildirib. Nazir əlavə edib: “Qars-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində atılan konkret addım və Avrasiyada sülh və əməkdaşlıq üzrə Yol Xəritəsidir”. Nəqliyyat Nazirliyinin rəhbəri yeni dəmir yolunun Türkiyənin mərkəzi nəqliyyat arteriyalarından birinə çevriləcəyinə əminliyini bildirib. O əlavə edib ki, Zəngəzur dəhlizinin mühüm halqası olan strateji layihənin 4-5 il ərzində başa çatdırılması planlaşdırılır.

Göründüyü kimi, Naxçıvandan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcəyini nəzərdə tutan Türkiyəni Azərbaycanla birləşdirəcək Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi artıq icra mərhələsindədir. Layihənin rəhbəri Osman Beserek mətbuata açıqlamasında bildirib ki, gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə inteqrasiya olunması planlaşdırılan bu marşrut, Avropa və Asiya arasında ticarət əlaqələrini genişləndirəcək, beynəlxalq yük daşımalarında yeni perspektivlər yaradacaq: "Layihənin icrası, beynəlxalq ticarət və logistika sahəsində mühüm dönüş nöqtəsi hesab olunur". O vurğulayıb ki, bu marşrut mövcud BTQ dəmir yolu xəttinə alternativ kimi nəzərdə tutulub və Orta Asiya ilə Avropa arasında sərnişin daşımalarının müddətini 18 gündən 12 günə endirəcək. Layihə çərçivəsində Türkiyə ərazisində 5 stansiya inşa ediləcək: Digor, Tuzluca, İğdır, Aralıq və Dilucu. O əlavə edib ki, layihə tam elektrikləşdirilmiş və siqnallaşdırılmış ikizolaqlı dəmir yolu xəttini əhatə edir və 5 il ərzində tamamlanması planlaşdırılır. O.Beserek əlavə edib ki, Qars-İğdır-Dilucu layihəsinin davamı olaraq Naxçıvan bölgəsində Vəli Dağı və Ordubad arasında mövcud olan 177 km-lik dəmir yolu xətti yenidən qurulacaq: "Hazırda təkzolaqlı olan bu xəttin ikizolaqlıya çevrilməsi nəzərdə tutulub. Daha sonra Zəngəzur dəhlizində sıfırdan 45 km-lik yeni bir dəmir yolu xətti inşa ediləcək. Bundan əlavə, Ağbənd-Füzuli-Horadiz xəttində 110 km-lik marşrutun 85 km-i artıq tamamlanıb və tikinti işləri davam edir. Artıq Horadiz-Bakı xətti fəaliyyət göstərir, bu isə layihənin Azərbaycanın əsas nəqliyyat şəbəkəsinə birbaşa inteqrasiyasını təmin edəcək". Onun sözlərinə görə, Qars-İğdır-Naxçıvan dəmir yolu xətti istifadəyə verildikdən sonra burada saatda 160 km sürətlə hərəkət edən qatarlar işləyəcək: "Beləliklə, bu qatarlar təkcə Azərbaycan və Türkiyə arasında ticarət yükünü deyil, həm də insanların ümidini və qlobal bazarların ehtiyaclarını daşıyacaq".

Sevinc Azadi, “İki sahil”

Seçilən
14
ikisahil.az

1Mənbələr