AZ

Valideynləri tərəfindən döyülən azyaşlılar ilə bağlı araşdırma aparılır

Ağdam rayonunun Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır. 

“İki sahil” xəbər verir ki,  bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

"Hadisə nəticəsində zərərçəkən hər iki uşaq ilkin olaraq, Ağdam Rayon Xəstəxanasına yerləşdirilib.

Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən uşaqlardan birinin (3 yaşlı uşaq) vəziyyətinin ağır olması səbəbindən onun daha ixtisaslı tibbi xidmət alması üçün  Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunması həyata keçirilib. 

Azyaşlının üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.Həkimlərin müşahidəsi altında saxlanılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məsələ nəzarətə götürülüb.Uşaqların valideynləri isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Hazırda Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən valideynlərin Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məsələsinə baxılır",- deyə o bildirib.

Seçilən
22
6
ikisahil.az

6Mənbələr