Goranboyda baş verən qəzada ağır xəsarət alan yeniyetmə xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə ölən şəxs 2013-cü il təvəllüdlü Y. Mustafayevdir.
***
23:18
31.08.2025-ci il tarixində saat 21:00 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (2-si qadın, 5 -i kişi cinsli ) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
APA xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onlara kəllə-beyin travması, daxili qanaxma və müxtəlif nahiyələrin sınığı diaqnozları təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.
Vəziyyətləri ağır qiymətləndirilən şəxslərdən 6 nəfər Gəncə şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub.
2004-cü il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
***
22:43
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu haqda FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “VAZ 2107” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
22:20
Goranboyda baş verən qəzada xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanlar 1987-ci il təvəllüdlü S. Mustafayeva, 2004-cü il təvəllüdlü G. Mustafayeva, 1998-ci il təvəllüdlü V. Kərimov, 2005-cü il təvəllüdlü T. Məmmədbəyli, 2013-cü il təvəllüdlü Y. Mustafayev, F. Əliyev və T. Musayevdir.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə zamanı hərəkətdə olan “VAZ 2107” ilə “Mercedes” markalı minik avtomobilləri toqquşub.
***
21:42
Goranboyda baş vermiş qəzada xəsarət alanların sayı 7 nəfərə çatıb.
Bu barədə APA-nın yerli bürosu məlumat verib.
***
20:40
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goran-Naftalan yolunun rayonun Balakürd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

