AZ

Uğurcan Çakır rəsmən “Qalatasaray”da – 27,5 milyon avroya

Futbol üzrə Türkiyə millisinin və “Trabzonspor”un qapıçısı Uğurcan Çakır bundan sonra “Qalatasaray”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir.

Super Liqa nəhəngi bu transfer üçün trabzonlulara 27,5 milyon avro təzminat ödəyib. 29 yaşlı qolkiperlə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Peşəkar karyerasına məhz “Trabzonspor”da başlamış Uğurcan Çakır bu komandanın heyətində bütövlükdə 292 oyuna çıxıb. O, bu görüşlərdə 345 qol buraxıb, 92 matçda qapısını toxunulmaz saxlayıb. Uğurcan bir müddət “1461 Trabzon”da icarədə də olub.

Türkiyənin U-19, U-20 və U-21 yığmalarında da oynamış qapıçı 2019-cu ildən əsas millidə forma geyinir. Çakır Türkiyə millisinin heyətində 31 oyuna çıxıb, 47 qol buraxıb, 11 matçda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı qapıçının transfer dəyərini 9,5 milyon avro məbləğində qiymətləndirir.

“Qalatasaray”ın kolumbiyalı müdafiəçisi Karlos Kuesta isə Türkiyə çempionundan ayrılıb. O, icarə müqaviləsi əsasında Braziliyanın “Vasko da Qama” klubuna keçib. Sözügedən klub Kuestanı 2025-ci ilin 31 dekabrına qədər icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt də nəzərdə tutulub. “Qalatasaray” oyunçusunun bir neçə aylıq icarəsindən 750 min avro qazanacaq.

Karlos Kuesta “Qalatasaray”a bu ilin fevralında qoşulub. Türkiyə çempionu kolumbiyalı futbolçunu Belçikanın “Genk” klubundan 8 milyon avroya transfer edib. O, İstanbul klubunun heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Kuesta 2021-ci ildə debüt etdiyi Kolumbiya millisinin heyətində 23 oyun keçirib.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
72
arena.az

1Mənbələr