AZ

Ümumtürk inteqrasiyası - dövlət və ictimai maraqların uzlaşma nöqtəsi...


Azərbaycan dövləti türk birliyinin möhkəmlənməsində, türk dövlətləri ilə əlaqələrin dərinləşməsində, habelə bu dövlətlər arasında inteqrasiyanın güclənməsi istiqamətində mühüm rola malikdir. Ümumtürk inteqrasiyası həm ictimai, həm də dövlət maraqları ilə tam olaraq üst-üstə düşür.

Məlumdur ki, türk birliyinə nail olmaq üçün sözün əsl mənasında böyük yol qət edilib, təşkilatlar qurulub, təşkilatlanma işləri həyata keçirilib. Bu gün Türk Dövlətləri Təşkilatı türk dünyasını ətrafında birləşdirir və dövlətlər arasında inteqrasiyanı daha da dərinləşdirir. Ortaq mədəni, tarixi, etnik və sair köklərə malik olduğumuz xalqlarla müştərək tarixi mədəniyyəti paylaşırıq.

Dövlətlər və xalqlar arasında qurulan əlaqələr türk dünyasının Birliyinin daha da gücləndirilməsinə xidmət edir.

Bilirik ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə Azərbaycan arasında ciddi bağlar mövcuddur, bunu prezidentlərin qarşılıqlı səfərləri, imzalanan sənədlər, qaldırılan təşəbbüslər də sübut edir.

Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistana səfəri oldu, burda Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin birgə iştirakı ilə tədbirlər keçirildi, dövlətlərarası müqavilələr imzalandı. Üçtərəfli formatda keçirilən görüşlərdə müsbət nəticələr əldə edildi.

Azərbaycan Prezidentinin Türkmənistan səfərini dəyərləndirən ekspertlər deyir ki, Azərbaycan-Türkmənistan əlaqələrinin qədim tarixi var, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır.

Özbəkistan və Azərbaycan arasında da əlaqələrin tarixi qədimdir və müasir dövrdə də əlaqələrimiz ən yüksək səviyyədə qurulub.

Bildirək ki, avqustun 22-də Azərbaycan-Türkmənistan-Özbəkistan liderlərinin yüksəksəviyyəli görüşünün nəticəsi olaraq üçtərəfli əməkdaşlıq formatı yaradılır. Üç ölkə arasında nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr üçtərəfli əməkdaşlıq formatınının əsas istiqamətlərielan olunub.

Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə bildirdi ki,türk dövlətlərinin inteqrasiyasında Azərbaycan fəal iştirak edir, üstəlik də Azərbaycan bunun təməllərində durur. "Bunun təməlləri 3 oktyabr 2009-cu ildə Naxçıvanda atıldı. Düzdür, ondan öncəki proses də var, yəni 1990-cı illərdə bizim dövlətlərin müstəqilləşəndən sonrakı mərhələsi də qeyd olunmalıdır. İnteqrasiya yönümündə addımlar atılırdı, amma 2009-cu ilin oktyabr ayının 3-də Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası qurulandan sonra bu prosesi bir xeyli sürətləndirdi. Ardından da Türk Dövlətləri Təşkilatına çevrildikdən sonra proses daha da sürətlənib. Əlbəttə ki,növbəti mərhələdə bu sürəti artırmağa ehtiyac var. Yeri gəlmişkən, müqayisə üçün dediyim bir sözü yenə demək istəyirəm. Avropa Birliyi də çox da siyasi olmayan məsələlərlə öz fəaliyyətinə başlamışdı, amma bu gün dünyanın hesablaşdığı Avropa Birliyi deyilən bir reallıq var. Yəni onlar da bu mərhələni bizə bənzər şəkildə əvvəlcə yavaş-yavaş, sonra daha sürətlə, son addım olaraq da lap sürətlə keçdilər və indi də hərbi inteqrasiya haqqında danışırlar.

Azərbaycan da faktiki olaraq türk dövlətlərinin inteqrasiyasını məhz bu cür görür. Bizi irəlidə hətta hərbi inteqrasiya da gözləyir. Yəni biz sadəcə bir təşkilatda birləşib türk dövlətlərini öz aramıza aldıq, yaxud onlarla birlikdə hərəkət etdik deyib yekunlaşdırmalı deyilik. Üstəlik də, 1930-cu illərdə böyük Mustafa Kamal Atatürkün dediyi bir söz var:"İndi Sovetlər Birliyi bizim dostumuzdur, amma gün gələcək o dağılacaq və ondan ayrılacaq türk dövlətlərini qarşılamağa hazır olmalıyıq" . Təbii ki, özümüzü Atatürklə müqayisə etmirik.

İndi də biz təkrar-təkrar deyirik ki, Rusiya ilə münasibətlərimiz yaxşı, pis ola bilər, amma çox yaxın müddətdə Rusiya dağılacaq, parçalanacaq və yerində yaradılacaq yeni türk dövlətlərini qarşılamağa hazır olmalıyıq. Bax, Türk Dövlətləri Təşkilatının bu ən önəmli istiqaməti yaddan çıxmamalıdır. Rusiyanın dağılması nəticəsində yaranacaq müstəqil türk dövlətlərini öz aquşuna almağa Türk Dövlətləri Təşkilatı hazır olmalıdır. Bu prosesdə yenə də Azərbaycan öndə gedəcək, buna heç kimin şübhəsi olmasın. Onsuz da Azərbaycan türk dövlətləri ilə türk inteqrasiyası ilə bağlı bütün proseslərin önündə gedir"-deyə A. Həsrət bildirdi.

A.Həsrətin fikrincə, Azərbaycan Prezidentinin Türkmənistan səfəri çox əhəmiyyətlidir. "Bu hər şeydən əvvəl ona görə əhəmiyyətlidir ki, son illər Türkmənistan dövləti türk inteqrasiyasına elə də könül vermir. Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Halbuki, Türkmənistan hamıdan qabaq bu təşkilatın tam hüquqlu üzvü olmalıdır ki, türklüyünə heç şübhə edilməyəcək bir dövlətdir. Üstəlik də, istər orta Asiyada, istər Qafqazlarda, istərsə də qardaş Türkiyə, Quzey Kıbrıs və Balkanlarda məhz Türkmənistan türkləri ilə eyni kökdən gələnlər tarixin müxtəlif mərhələlərində dövlətlər qurub. Yəni bizim bütün dövrlərimizdə Türkmənistanın bu və digər şəkildə iştirakı var. Yəni Türkmənistan türklərinin əcdadlarının. Onlar özlərini necə kənarda tuta bilərlər?

İlham Əliyev Azərbaycan Prezidenti olaraq bu boşluğu doldurmaq üçün əlindən gələni edirdi və edir. Ona görə də Qurbanqulu Berdiməhəmmədovu nəhayət ki, Azərbaycana gətirmək mümkün oldu, hətta Qarabağa aparmaq mümkün oldu, o gəldi, gəzdi, Qarabağa getdi və üstəlik də orda bir məscid tikəcəkləri ilə bağlı xəbər verdi. Yəni bir növ daş yerindən tərpəndi. Ardından da Azərbaycan Prezidentinin və Özbəkistan Prezidentinin birlikdə Türkmənistanın Abaza şəhərində bir araya gəlməsi, zirvə görüşü keçirməsi, üçlü müzakirələr aparması bizdə yeni ümidlərin yaranmasına səbəb olur. Ümidimiz budur ki, Azərbaycan nəhayət ki, Türkmənistanı bir az hərəkətə gətirməyi bacarıb, o tərəfdən də qardaş Özbəkistan bu prosesə öz töhfəsini verir. Ümid etmək istərdik ki, bu payızda keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşündə Türkmənistan sadəcə olaraq müşahidəçi üzv kimi yox, tam üzv kimi iştirak edəcək. Əslinə qalanda, bizim haqqımız var, hətta tələb edirik Türkmənistan Türk Dövlətləri Təşkilatına daimi üzv kimi qatılsın.

Türkmənistan dövlətini idarə edənlər, orda qərar verənlər başqa cür düşünə bilərlər. Amma bizim düşüncəmiz ondan ibarətdir ki, onlar bizimlə eyni millətdirlər, eyni olduğumuza görə də bizimlə əlbəttə bir yerdə olmalıdırlar. Yoxsa yad yabançı kimi özlərini kənara çəkib müşahidəçilik edirlər. Eləyə qalsa Rusiya da müşahidəçi olmaq istəyir. Hətta Ukraynanın müşahidəçi olmaq istədiyi haqqında son vaxtlar müzakirələr getdi. Qeyri-türk dövlətləri var ki, bu quruma üzv olmaq niyyətindədir. Türkmənistan o deyil axı. Türkmənistan özbəöz türk dövlətimizdir. Türk Dövlətləri Təşkilatında mütləq şəkildə şərəfli bir yeri var. Gəlib bu yerə sahiblənsinlər"-deyə müsahibimiz bildirdi.

Azərbaycan ümumtürk inteqrasiyası, qardaş ölkələrlə əlaqələrin daha yüksək səviyyədə inkişafına nail olmaq üçün bütün lazımı addımları atır.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
118
baki-xeber.com

1Mənbələr