AZ

Almaniyada Avropanın ilk superkompüteri istifadəyə verilib

Almaniyanın Yülix şəhərində Avropanın eksaskala səviyyəli ilk superkompüteri - “Yupiter” rəsmi olaraq istifadəyə verilib.

“İki sahil” xəbər verir ki, açılış mərasimində çıxış edən Almaniya Kansleri Fridrix Merts hazırda dünyanın ən güclü dörd superkompüterindən biri olan “Yupiter”in Avropada elmi-texnoloji inkişafa yeni töhfə verəcəyini bildirib. Kansler qeyd edib ki, “Yupiter” Avropa miqyasında pioner layihədir və bu sistem təkcə Almaniyanın deyil, bütün Avropanın süni intellekt və elmi modelləşdirmə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Onun sözlərinə görə, “Yupiter”in gücü saniyədə bir trilyondan çox əməliyyat həyata keçirməyə imkan verir ki, bu da təxminən 10 milyon adi noutbukun eyni anda işləməsinə bərabərdir.

Superkompüterin hazırlanması Yülix Tədqiqat Mərkəzinin Superkompüter Mərkəzinə məxsusdur. Layihənin maliyyələşdirilməsinin Avropa Superkompüter Təşəbbüsü (EuroHPC JU), bir hissəsi isə Almaniyanın Federal Tədqiqat, Texnologiya və Kosmik Tədqiqat Nazirliyi ilə Şimali Reyn-Vestfaliya əyalətinin Mədəniyyət və Elm Nazirliyi tərəfindən təmin olunub.

Yeni sistem böyük süni intellekt modellərinin sürətli öyrədilməsi, beyin fəaliyyətinin daha real simulyasiyası, dəqiq iqlim və hava proqnozları kimi müxtəlif sahələrdə yeni imkanlar açacaq. “Yupiter”in istifadəyə verilməsi Almaniyanın süni intellekt üzrə hesablama gücünün 20 dəfə artmasına imkan verəcək. Bu, Avropanın ABŞ və Çin kimi texnoloji nəhənglərlə rəqabət qabiliyyətini gücləndirəcək strateji addımdır.

Seçilən
5
7
ikisahil.az

8Mənbələr