AZ

Sülh və inkişaf yolu TRIPP-dən keçir

Prezident İlham ƏLİYEV: "Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək"

XXI əsrin inkişaf formulu sadədir: kim birləşdirir, o qazanır, kim ayırır, o itirir. Məhz bu mənada Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu  (TRIPP -  Zəngəzur dəhlizi) xalqları iqtisadi rifaha, strateji tərəfdaşlığa və sabitliyə aparan böyük dönüş nöqtəsidir. Azərbaycanın təşəbbüsü və qətiyyəti ilə gündəmə gələn bu layihə Bakı ilə Naxçıvanı birləşdirəcək yol və böyük Avrasiyanın mənzərəsini dəyişəcək strateji dəhliz kimi qəbul olunur.

Bu yol türk dünyasının ürəyindən keçərək Asiyanı Avropaya bağlayır, Xəzəri Aralıq dənizinə yaxınlaşdırır. Zəngəzur dəhlizi (TRIPP) Azərbaycanın, bütövlükdə türk dünyasının iqtisadi damarlarının açılması deməkdir. Bununla da  Azərbaycanın logistika xəritəsi yenidən cızılır, Naxçıvanın təcridi aradan qalxır, regionun sənaye və kənd təsərrüfatı potensialı canlanır. Azərbaycan üzərindən keçəcək yüklər ölkəyə milyonlarla dollar gəlir gətirəcək, yüzlərlə iş yeri yaradacaq. 

Zəngəzur dəhlizinin (TRIPP) açılması təkcə iqtisadi deyil, həm də geosiyasi  baxımdan mühüm hadisədir. Sentyabrın 1-də Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə Prezident İlham Əliyev demişdir: "Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi (TRIPP) həm Orta dəhlizin, həm də "Şimal-Cənub" dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək". Bu, o deməkdir ki, Azərbaycan tərəfi layihənin həm iqtisadi faydalarını, həm də regionda qarşılıqlı anlaşma və əməkdaşlıq üçün geniş imkanlar yaratdığını yaxşı anlayır. Zəngəzur dəhlizi (TRIPP) vasitəsi ilə Azərbaycan öz iqtisadi gücünü artırmaqla yanaşı, türk dünyasının, eləcə də qonşu ölkələrin iqtisadi və siyasi əlaqələrini də dərinləşdirəcək. Bu layihə bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasına, sərhədlərarası dialoqun inkişafına, həmçinin regional əməkdaşlığın çoxşaxəli formada genişlənməsinə şərait yaradacaq. 

Təbii ki, dəhlizin açılmasının yalnız iqtisadi deyil, həmçinin diplomatik münasibətlərdə yeni səhifə açmaq potensialı var. Elə bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlaması diqqət çəkir: "Zəngəzur dəhlizi (TRIPP) məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur". Türkiyə Prezidenti Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib ki, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq: "Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə bu ümidi onda gördüm. Ağ Evdə atılan imzalar Azərbaycan-Ermənistan normallaşma prosesinə təbii ki, sürət qazandırdı. Azərbaycan və Ermənistan sülh yolunda əhəmiyyətli maneələri aşaraq son mərhələyə qədər gəlib çatdılar", - deyə fikir bildirib. Cənab  Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünə də diqqət çəkib: "Hər iki görüşdə həm Əliyevin, həm də Paşinyanın eyni mövqedə olduqlarını gördüm. Onlar eyni istiqamətə baxırlar. Zəngəzur dəhlizi (TRIPP) məsələsində də hər hansı bir problem və fikir ayrılığı yoxdur. Azərbaycan Prezidenti bu məsələdə özünə əmindir. Xüsusilə də ABŞ səfərindəki o görüş, o danışıqlar bu mövzuda atılacaq addımlarda həlledici rol oynayıb".

Rəcəb Tayyib Ərdoğanın bu nikbin yanaşması Zəngəzur dəhlizinin (TRIPP) artıq regionlararası əməkdaşlıqdan çox, türk dünyasını birləşdirən strateji bir layihəyə çevrildiyini göstərir. Artıq siyasi iradə formalaşıb, razılaşdırılmış xəritələr mövcuddur və beynəlxalq dəstək artır. Belə olan halda dəhliz yaxın gələcəkdə yalnız bölgənin deyil, Avrasiya məkanının da ən önəmli nəqliyyat və strateji layihələrindən birinə çevriləcəyinə şübhə yoxdur. 

Bununla belə, Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı  bölgədə söz sahibi olan ölkələrin tam razılaşma içində olduğunu demək hələ tezdir. Rusiya və İran bu layihə ilə bağlı  zaman-zaman bəzi rahatsızlıqlarını  səsləndirirlər. Məlumdur ki,  Moskva Cənubi Qafqazda öz nüfuzunun qorunmasında maraqlıdır. Ona görə də dəhlizin açılması ilə Rusiya vasitəçi və təhlükəsizlik təminatçısı rolunu gücləndirmək istəyir. Rəsmi Moskva bilir ki, TRIPP yolu (Zəngəzur dəhlizi) Rusiya üçün həm də Orta Asiyaya və oradan Çinə alternativ çıxış imkanıdır.

İran isə  hələ də məsələyə daha ehtiyatla və qıcıqla yanaşır. Əslində Tehranın rahatsızlığının kökündə türk dünyasının geosiyasi birliyinin güclənməsi dayanır. İİR Zəngəzur dəhlizini (TRIPP) özünün Ermənistana və dolayısı ilə Avropaya çıxış imkanlarına rəqib kimi qiymətləndirir. Lakin Tehran sərt bəyanatlar versə də, başa düşür ki, layihəni dayandırmaq artıq mümkün deyil. Əksinə, İran bu yolun verdiyi imkanlardan istifadə etməyi seçərsə, təcriddən çıxmaq və regional inteqrasiyaya qoşulmaq şansı əldə etmiş olar.

Sadəcə bilmək lazımdır ki, Zəngəzur dəhlizi (TRIPP) sülh və əməkdaşlıq mühitini gücləndirəcəyi halda İran və Rusiyanın da təhlükəsizlik və sabitlik maraqlarına cavab verəcək. Bu dəhliz sülh və sabitlik potensialına malikdir və o,  bütün regional güclər üçün müsbət nəticələr doğura bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, "Rusiya və İran da gələcəkdə rahatsızlıqlarının əsassız olduğunu anlayacaqlar".

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
101
azerbaijan-news.az

1Mənbələr