AZ

Nadir Azəri: “Ehsan əvəzinə kəndin yoluna daş tökülməsi daha savabdır”

CASCFEN sədri, Əməkdar Jurnalist Nadir Azəri QHT.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda yas mərasimlərində tətbiq edilən bəzi ənənələr israfçılığa yol açır və ailələr üçün əlavə maddi yük yaradır.

Onun sözlərinə görə, bu istiqamətdə Xaçmaz rayonunun Dədəli kəndində tətbiq olunan maraqlı bir təcrübə nümunə ola bilər.

“Dədəli kəndində yası düşən ailəyə qonşular dəstək olur və yemək ehsanı vermək əvəzinə, kənddə hər hansı bir yola daş və ya asfalt tökülür. Bu qayda həm ailələrin üzərinə düşən yükü azaldır, həm də kəndin inkişafına xidmət edir. Əgər bu təcrübə ölkə üzrə tətbiq olunsa, həm israfçılığa son qoyular, həm də ehsan ənənəsi daha səmərəli şəkildə davam etdirilər,” – deyə Nadir Azəri vurğulayıb.

Əməkdar jurnalist eyni zamanda toy mərasimlərində də israfçılığın qarşısının alınması üçün alternativ təklif irəli sürüb. O, bir vaxtlar çoxmənzilli binalarda mövcud olan “xeyir-şər evləri”nin yenidən bərpasının vacibliyini qeyd edib:

“Əgər bu məntəqələr yenidən fəaliyyətə başlasa, ailələr üçün daha sərfəli olar və şadlıq saraylarının səbəb olduğu israfçılıq xərclərinə son qoyular. Bu addım həm ailə büdcəsinə, həm də cəmiyyətin mənəvi dəyərlərinə müsbət təsir edər.”

 

Pərvanə Fərhadqızı

Seçilən
47
qht.az

1Mənbələr