AZ

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb VİDEO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalı ziyarətçiləri Azərbaycanda şərab istehsalı ilə yaxından tanış etməklə yanaşı, həm də maraqlı əyləncə proqramı ilə yadda qalacaq.

Milli.Az xəbər verir ki, Meysəri kəndindəki "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festival sentyabrın 13-də xüsusi şou ilə başlayacaq.

Həmin gün səhnəyə Meksika və samba üslubunda musiqilər ifa edən "Mexican band" qrupu çıxacaq. Festivala qatılacaq digər musiqi qrupları rok və hip-hop üslubunda dinamik performansları ilə seçilən "Gaga band" və simli alətlərdə ifa edən "The Passion band" olacaq.

"Bəri bax" qrupunda çıxış etmiş, daha sonra 2017-ci ildə "Skeletons" mahnısı ilə "Eurovision"da Azərbaycanı təmsil edən Diana Hacıyevanın rəhbəri olduğu "Dihaj" qrupu da festival iştirakçıları sırasındadır. Ziyarətçilərə qrupun ifasında eksperimental elektron musiqi təqdim olunacaq. Azərbaycanın tanınmış caz ifaçılarından biri, beynəlxalq müsabiqələrin iştirakçısı Ülviyyə Rəhimova da Üzüm və Şərab Festivalının qonağı olacaq. Festivalın birinci günü tamaşaçıların qarşısına çıxacaq növbəti musiqi iştirakçısı gənc bəstəkar və ifaçı Kazım Candır. O, festivalda dinamik çıxışı ilə tamaşaçılara unudulmaz anlar yaşadacaq. 2011-ci ildə "Eurovision" mahnı müsabiqəsində Eldar Qasımovla birlikdə "Running Scared" mahnısı ilə birinci olan, populyar ifaları ilə sevilən Nigar Camal, həmçinin 2014-cü ildə "Start a Fire" mahnısı ilə "Eurovision"da ölkəmizi təmsil edən Dilarə Kazımova da festivalın birinci günündə səhnəyə çıxacaqlar. Enerjisi və xarizması ilə seçilən kubalı müğənni, rəqqasə və xoreoqraf Edglis Hayle Latın Amerikası ritmləri ilə festival iştirakçılarını rəqsə dəvət edəcək. DJ İradə xalq musiqisinin kökləri əsasında yaradılan enerjili trekləri, digər gənc DJ Kamo isə müxtəlif tamaşaçı zövgünə uyğun musiqiləri ilə festivalı daha ritmli və dinamik edəcəklər.

Sentyabrın 14-nün də musiqi proqramı rəngarəng olacaq. Həmin gün festivalın açılışını müasir pop janrında çıxış edən, səsi və fərqli səhnə təqdimatı ilə seçilən gənc ifaçı Sevanna edəcək. İstedadlı saksofonçu, "Suleymanbeyli Group" layihəsi ilə çıxış edən Teymur Süleymanbəyli və qrupun solisti Nəzrinin də ifaları unudulmaz anlar vəd edir. Retro tərzdə sevilən mahnılar ifa edən "Retro Band", iki dəfə "Eurovision"da çıxış edən, "The Voice Türkiye" yarışmasının qalibi Elnur Hüseynov, populyar estrada müğənnisi Nura Suri, "Qaya" dövlət ansablının solisti Humay Aslanova, müğənni və bəstəkar, pop, caz və xalq musiqisini birləşdirən ifaları ilə tanınan Xalq artisti Tünzalə Ağayeva, populyar müğənni Samir Piriyev, həmçinin Nigar Camal və DJ Kamo da səhnədə bir-birindən fərqli təqdimatlar edəcəklər.

Festival iştirakçılarını iki gün ərzində maraqlı proqram gözləyir. Onlar üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı, müxtəlif interaktiv oyunlara da qatıla biləcəklər.

Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Bu il festivalda 23 şərab brendi iştirak edəcək. Bununla yanaşı, 2 gün ərzində festival ərazisində sərgi, müxtəlif ustad dərsləri zonaları və məşhur restoranların pavilyonları quraşdırılacaq.

Yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları təşkil ediləcək, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə edə biləcək, ustad dərslərində iştirak etmək, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.

Festivalda iştirak etmək istəyənlər iTicket.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
3
news.milli.az

4Mənbələr