AZ

“Wi-Fi” vasitəsilə ürək döyüntülərinin tezliyini ölçən sistem təqdim edilib  

ABŞ-nin Kaliforniya Universitetinin tədqiqatçıları “Wi-Fi” siqnalının analizi vasitəsilə insanın ürək döyüntülərinin tezliyini təmassız ölçməyə imkan verən sistem hazırlayıblar. “Pulse-Fi” adlı sistemin işləməsi üçün onlar “ESP32” naqilsiz mikrokontrollerindən əldə edilən məlumatların “machine learning alqoritmi ilə emalını təklif ediblər. Bu alqoritm “Wi-Fi” siqnalının təhriflərini 5 saniyə ərzində təhlil etdikdən sonra insanın ürək döyüntülərinin tezliyi ilə bağlı təxminlər verməyə başlayıb və nəticələrdə dəqiqlik təxminən yarım döyüntü/dəqiqə səviyyəsində olub. Daha uzunmüddətli müşahidələr və daha güclü “Wi-Fi” avadanlıqlarından istifadə zamanı isə xətanın daha da azaldılması mümkün olub

“Pulse-Fi” sistemi cihazdan təxminən 3 metr məsafədə öz funksiyasını yerinə yetirir, yəni insan bədəni ilə birbaşa təmas tələb olunmur. Sistem 118 könüllü və 17 fərqli bədən vəziyyətində sınaqdan keçirilib. Layihənin ən mühüm üstünlüklərindən biri istifadə olunan avadanlığın aşağı qiymətidir. Nəticədə əldə edilən məlumatların dəqiqliyi əksər həkimlərin istifadə etdikləri pulsoksimetrlərin dəqiqliyi ilə müqayisə oluna bilər. Pulsoksimetrlər ürək döyüntülərinin tezliyini və qanın oksigenlə doyma səviyyəsini ölçür, lakin birbaşa təmas tələb edir və adətən barmağa taxılır. Hazırda layihə müəllifləri nəfəs tezliyini ölçmək üçün sistem qurmağa çalışırlar. Bu, adətən portativ monitorlardan istifadəni tələb edən yuxu apnoesini müəyyənləşdirməyə kömək edəcək.

 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
71
azerbaijan-news.az

1Mənbələr