21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Elnur Çodarov Bolqarıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Bolqarıstanın U-21 yığmaları bu gün Avropa çempionatının (AÇ-2027) seçmə mərhələsinin 2-ci turu çərçivəsində Bakıda üz-üzə gəliblər.
“Dalğa Arena”da keçirilmiş oyunda qalib müəyyənləşməyib – 1:1. U-21 millimizin baş məşqçisi Ayxan Abbasov bu gün Azərbaycanın əsas yığmasını DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə görüşə çıxardığı üçün 21 yaşlılarımıza onun köməkçisi Elnur Çodarov rəhbərlik edib. Gənc mütəxəssis qarşılaşmadan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyunu ümumi olaraq yüksək qiymətləndirirəm. Məşqdə etdiklərimizi bu gün meydanda həyata keçirməyə çalışdıq. Komanda sona qədər mübarizə apardı, döyüşdü. Meydana qələbə üçün çıxmışdıq. Ən azından 1 xal qazandıq”.
Elnur Çodarov baş məşqçi Ayxan Abbasovun yoxluğunun komandada narahatlıq yaradıb-yaratmadığına dair sualı da cavablandırıb:
“Ayxan müəllimin yoxluğu yüz faiz özünü göstərir. Maksimum dərəcədə çalışdıq ki, bunu hiss etdirməyək. Bu gün qazandığımız nəticəyə görə sırf öz adıma nəsə demək istəmirəm. Bu, bizim hamımızın birlikdə qazandığı xaldır”.
Çodarov millimizin qrupdakı şansları barədə də danışıb:
“Bacardığımız qədər çox xal toplayacağıq. Əsas məqsədimiz odur ki, uşaqlar özlərinə inansınlar. Döyüşkən komanda yarada bilsək, yaxşı xallar yığacağımıza inanıram”.