Yunan əsilli avstraliyalı futbol mütəxəssisi Angelos Postekoqlu İngiltərənin “Nottingem Forest” komandasına baş məşqçi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
60 yaşlı məşqçi ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, “Nottingem Forest”də ötən gün istefaya göndərilmiş portuqaliyalı mütəxəssis Nuno Espirito Santonu əvəz edib.
“Nottingem Forest” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 3 turdan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb.
Angelos Postekoqlu son olaraq İngiltərənin “Tottenhem” kollektivini çalışdırıb. O, ötən mövsüm sözügedən klubla UEFA Avropa Liqasının qalibi olub.
Postekoqlu 2023-cü ilin iyul ayından rəhbərlik etdiyi “Tottenhem”dən bu yay ayrılmışdı. O, paytaxt təmsilçisini bütövlükdə 101 oyuna çıxarıb. Londonlular bu görüşlərdə 47 qələbə, 14 heç-heçə və 40 məğlubiyyət görüblər.
Avstraliyalı mütəxəssis əvvəllər Avstraliyanın U-17, U-20 millilərinə, həmçinin əsas yığmaya rəhbərlik edib. Yunan əsilli məşqçi “Cənubi Melburn”, “Panaxaiki”, “Bransuik Yuventus”, “Brisben Roar”, “Yokohama”, “Melburn Viktori” kimi klublarda da çalışıb.