İngiltərənin “Nottingem Forest” klubu “meşəçilər”in 51 yaşlı portuqal baş məşqçisi Nuno Espirito Santo ilə müqaviləsinə xitam verib.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Tərəflər arasında müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilənin ləğv edildiyi diqqətə çatdırılıb. Klub portuqaliyalı mütəxəssisə xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Santo “Nottingem Forest”i 2023-ci ilin dekabr ayından çalışdırırdı.
Ötən mövsümdə Santo İngiltərə Premyer Liqasında 3 dəfə – oktyabr, dekabr və mart aylarında ayın məşqçisi seçilib və müvafiq göstəricidə mövsümün rekordunu müəyyənləşdirib.
Santonun “meşəçilər”i Premyer Liqanın 2025/2026-cı illər mövsümünü 7-ci pillədə başa vurublar və 1995/1996-cı illər mövsümündən bəri ilk dəfə olaraq avrokuboklarda iştirak hüququ əldə ediblər. Cari mövsümdə isə bu komanda cəmi 3 oyun keçirib, 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət görüb.
Santo “Nottingem Forest”i ümumilikdə 71 oyuna çıxarıb, 30 qələbə, 15 heç-heçə və 26 məğlubiyyət yaşayıb. “Meşəçilər”in top fərqi isə 123:116 nisbətindədir.
Nuno Espirito Santo məşqçilik fəaliyyətinə 2012-ci ildə “Rio Ave”də başlayıb. Sonra portuqal mütəxəssis “Valensiya” (2014/2015), “Portu” (2016/2017), “Vulverhempton” (2017-2021), “Tottenhem” (2021) və “Əl-İttihad”ı (2022/2023) çalışdırıb.