AZ

Jan-Lük Melanşon: Brüno Rötayo islamofobiyanı qızışdırır

Paris, 10 sentyabr, AZƏRTAC

Fransada islamofobiya ilə bağlı gərginlik artır. “Əyilməz Fransa” (La France insoumise-LFİ) partiyasının lideri Jan-Lük Melanşon, ölkənin daxili işlər naziri Brüno Rötayonu islamofobiya dalğasını qızışdırmaqda ittiham edib.

AZƏRTAC xəbər verir ki, bu sərt bəyanat Paris və ətrafında yerləşən bir neçə məscidin qarşısında donuz başlarının tapılmasından sonra açıqlanıb.

Melanşon X sosial şəbəkəsində (əvvəlki “Twitter”) paylaşım edərək, başverən hadisələri axmaqlıq kimi dəyərləndirib. “Fransada islamofobiya artır. Məscidlərə qarşı bu hərəkətlər axmaqlıqdır. Onların müəllifləri ağılsızdır. İslam donuzla problemi olan bir din deyil, sadəcə onu yemir”, - deyə o, yazıb.

Melanşonun bu reaksiyası, Paris və ətrafındakı ən azı doqquz məscidin önündə donuz başlarının aşkar edilməsindən sonra gəlib. Bu təxribatçı hərəkətlər həm cəmiyyət, həm də siyasi liderlər tərəfindən kəskin qınanıb.

Fransanın daxili işlər naziri Brüno Rötayo təhqirə məruz qalan məscid icmalarına dəstək ifadə edib. “Bu təxribatlar dözülməzdir. Məscid rəhbərlərinə və ibadət edənlərə tam dəstəyimi bildirirəm. Bu əməllər Fransa Respublikasının prinsiplərinə ziddir”, - deyə B. Rötayo deyib.

Melanşon isə Rötayonu birbaşa hədəfə alaraq, onun çıxışlarının və siyasətinin islamofob dairələri qızışdırdığını iddia edir. Onun sözlərinə görə, Fransada antimüsəlman ritorikası cəmiyyətin bəzi təbəqələrində təhlükəli davranışlara yol açır və bu məsuliyyət siyasi rəhbərliyin üzərinə düşür.

Fransada din azadlığı və ictimai birlik prinsipləri ətrafında müzakirələrin daha da qızışacağı gözlənilir.

 

Seçilən
9
1
azertag.az

2Mənbələr