Sülh istəməyən revanşistlərin ümidləri puç olur
Ermənistanda iqtidar və müxalifətin bir-birilərinə qarşı kompromat xarakterli hücumlarının artması, gözdənsalma kampaniyasını genişləndirmələri vəziyyəti daha kritik həddə çatdırır. İndi həm hakimiyyət, həm də revanşistlər 2026-cı ilin parlament seçkilərinə hazırlaşırlar. Bu isə qarşıdakı dövrdə Ermənistanda xaosun qaçılmaz olduğunu deməyə əsas verir.
Avropa İttifaqı (Aİ) 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlığa başlayıb. Rusiya mediasının yazdığına görə, Aİ "ProElect" layihəsi vasitəsilə Ermənistanda keçiriləcək seçkilərə hazırlıqla bağlı genişmiqyaslı proqrama start verilib: "Brüssel "dezinformasiyaya qarşı mübarizə" adı altında ölkənin seçki prosesini və media məkanını nəzarətə götürməyi planlaşdırır.
"ProElect" layihəsi nədir? Bu, "vətəndaş cəmiyyəti subyektlərinin iştirakı və potensialının artırılması yolu ilə "Şərq Tərəfdaşlığı" proqramı ölkələrində seçki proseslərində hesabatlılığı təşviq etmək" məqsədi daşıyan Aİ-nin regional layihəsidir. Məqsəd seçkilərin monitorinqində vətəndaş cəmiyyətinin rolunu "gücləndirməkdir".
Layihə Fransanın ERIM QHT-si tərəfindən xüsusi olaraq "demokratiyaya dəstək" üçün ayrılmış 270 milyon avro büdcə ilə həyata keçirilir. Qrantlar "seçicilərin maarifləndirilməsi" və "nifrət nitqi ilə mübarizə" üçün KİV və QHT-lərə verilir. LGBT təşkilatlarına xüsusi üstünlük verilir".
Ermənistanın "4rd.am" nəşri yazıb ki, Aİ-nin hədəfi seçkilərdə baş nazir Nikol Paşinyan və komandasının qələbəsinə nail olmaqdır: "Qərb müşahidəçiləri artıq Ermənistanda müxalifətin həbslərinə, cinayət işlərinin saxtalaşdırılmasına göz yumurlar. Bu mexanizm artıq Ukrayna və Moldova timsalında uğurla sınaqdan keçirilib".
Gələn il keçiriləcək seçkilərdə iqtidar-müxalifət qarşıdurmasının daha kəskin mərhələyə qədəm qoyacağı gözlənilir. Avqustun 8-də ABŞ-nin Vaşinqton şəhərində imzalanan Birgə Bəyannamədən sonra hakim partiya seçkilərə sülh və inkişaf platforması ilə gedəcəyini ortaya qoyub. Bu tarixi hadisədən sonra Ermənistanda böyük əksəriyyət hakimiyyətin atdığı addımı müsbət qiymətləndirib. GALLUP şirkəti tərəfindən keçirilən sorğuda respondentlərə bir sual ünvanlanıb: "Bazar günü parlament seçkiləri keçirilsə, hansı siyasi qüvvəyə səs verərdiniz?" Respondentlərin verdiyi cavablardan da məlum olur ki, onlar daha çox baş nazirin partiyasına səslərini verəcəklər. Səsvermədə iştirak edənlərin 17,3 faizi səsini "Vətəndaş müqaviləsi" lehinə istifadə edib. Bu da ötən sorğu ilə müqayisədə 4 faizdən çox artım deməkdir. Bu, sadə erməni vətəndaşının sülh gündəminə marağının getdikcə artması deməkdir.
Səsvermədə sabiq prezidentlərin partiyaları çox zəif nəticə əldə ediblər. Bu da müxalifət düşərgəsində ciddi məyusluğa səbəb olub. Belə ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 6,4 faizi "Ermənistan" blokuna, 3,8 faizi "Çiçəklənən Ermənistan" partiyasına, 3,4 faizi isə "Respublika" partiyasına səs verəcəyini bildirib. Növbəti nəticələr isə müxalifət üçün daha biabırçı formadadır: hazırda həbsdə olan Vardan Qukasyanın partiyası 2,5 faiz, Aram Sarkisyanın "Anrapetutyun" partiyası 1,1 faiz, Daşnaksütyun 1,1 faiz səs toplayıb. Kremlin "kadrı" sayılan iş adamı Samvel Karapetyanın "Yeni güc" partiyası respondentlərin 13,4 faizinin səsini toplayıb. Bu partiyanın ilin sonuna qədər formalaşacağı ehtimal edilir.
Elçin CƏFƏROV,
"Azərbaycan"