AZ

Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası

Sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyasının “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclası keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova iclasın mühüm bir məsələyə həsr olunduğunu deyib. O bildirib ki, Prezident İlham Əliyev avqustun 7-8-də ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfər edib: “Səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər fonunda əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir. Belə ki, Vaşinqton razılaşmaları yalnız Azərbaycan-Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətləri, Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm məqamları ilə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda proseslərə ciddi şəkildə təsir göstərən tərəfləri ilə yadda qaldı”. 

Milli Məclisin sədri deyib ki, böyük liderləri fərqləndirən mühüm xüsusiyyətlər onların dövlətçilik təfəkkürü, strateji və yaradıcı düşünmək bacarığı, cəsarəti, prinsipiallığı və diplomatik məharətidir. Onlar öz düşüncələrini qətiyyətlə və ardıcıl surətdə həyata keçirir, yeni tarixi reallıqları yaradır. Vaşinqton razılaşmaları da ilk növbədə, məhz bu prizmadan qiymətləndirilməlidir. Bu gün qürurla söyləmək olar ki, Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri zamanı əldə edilmiş razılaşmalar ümummilli lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun davam etdirilməsi yolunda qazanılmış ən böyük uğurlardan biridir. 

Milli Məclisin sədri vurğulayıb ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici əhəmiyyətə malik oldu. Digər bir mühüm məqam ondan ibarətdir ki, bu razılaşmalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəkləndi. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə sülh sazişinin rəsmi şəkildə imzalanması üçün Azərbaycanın irəli sürdüyü hər iki şərti təsbit etdi. İlk nəticə olaraq, artıq ATƏT-in Minsk qrupu ləğv olundu. İnanırıq ki, Vaşinqtonda əldə edilmiş razılaşmalar heç bir kənar müdaxilə olmadan tam şəkildə yerinə yetiriləcək, Ermənistanın konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra iki ölkə arasında rəsmi sülh sazişi imzalanacaq. 

Sonra iclasda mövzu ilə bağlı deputatların çıxışları dinlənilib.

Bildirilib ki, Vaşinqton razılaşmaları ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərdən biridir və onun “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsi rəmzi xarakter daşıyır. Qeyd olunub ki, bu mühüm razılaşmalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənib. ATƏT-in Minsk qrupunun ləğv edilməsi isə münaqişənin başa çatmasının və əlavə heç bir vasitəçiyə ehtiyac qalmadığının göstəricisidir. Diqqətə çatdırılıb ki, Azərbaycan postsovet məkanında öz ərazisini işğaldan azad etmiş yeganə ölkədir.  

Deputatlar bildiriblər ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin görüşünə dair Birgə Bəyannamə imzalandı, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflandı və Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq zəmanət əldə edildi. Diqqətə çatdırılıb ki, Zəngəzur dəhlizi yaranmaqda olan yeni tarixin mühüm layihəsi olacaq və onun açılması Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin etməklə yanaşı, Avropa və Asiyanı, həmçinin bütün Türk dünyasını birləşdirəcək. 

Deputatların sözlərinə görə, Ağ Evdə uzun illər Azərbaycana qarşı ədalətsiz sanksiya kimi istifadə olunan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması isə ikitərəfli münasibətlərdə yeni və olduqca parlaq bir səhifənin açılmasının simvolu oldu. Onlar ABŞ Prezidenti Donald Trampın bu qərarı məhz Prezident İlham Əliyevin iştirakı ilə imzalamasını dövlətimizin başçısına və Azərbaycana göstərilən xüsusi hörmətin bariz nümunəsi kimi qiymətləndiriblər.

Müzakirələr başa çatdırdan sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Vaşinqton razılaşmaları ölkəmizin həyatında yeni səhifə açıb. Prezident İlham Əliyevin sayəsində Azərbaycan nəinki milli maraqlarını müdafiə edib, həm də regionda yeni geosiyasi reallıqlar yaradıb. Vurğulanıb ki, Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masası arxasında ədaləti bərqərar etməyə qadirdir. 

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

XQ

 

Seçilən
9
4
xalqqazeti.az

10Mənbələr