Bu ilin əvvəlindən Azərbaycanda ət məhsullarının qiymətlərində davamlı artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar–iyul aylarında ət və ət məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 6,8 faiz bahalaşıb. Təkcə sentyabrın ilk həftəsində bazarlarda mal ətinin kiloqramı təxminən 16 manatdan, quzu əti isə 21 manatdan baha təklif olunub. Bəs ətin bahalaşmasına səbəb nədir? İqtisadçı Eyyub Kərimli Metbuat.az-a çıqlamasında bildirib ki, statistik təhlillərə əsasən, son beş ildə ölkədə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında əhəmiyyətli azalma baş verib. O, bunu bir neçə səbəblə əlaqələndirib: “İlk növbədə hesab edirəm ki, bu, regionlarda örüş yerlərinin azalması ilə əlaqədardır. İnsanlar heyvandarlıqla məşğul olmaq imkanlarını itirirlər. Yem problemi yaşayırlar və kənd yerlərində ailələr bu işlə məşğul olmağa daha az həvəs göstərirlər. Həm fərdi təsərrüfatlarda, həm də fermer təsərrüfatlarında bu hal müşahidə olunur. Digər tərəfdən, bəzi yem növləri xarici ölkələrdən idxal olunur ki, bu da qiymətin, yəni maya dəyərinin artmasına səbəb olur”. E.Kərimli qeyd edib ki, hazırda ölkəmizdə əkin sahələrinin artımı, meyvəçiliyin genişlənməsi müşahidə edilir: “Bəzi hallarda isə kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq fəaliyyətinə ayrılır ki, bu da statistikaya görə örüş yerlərinin xeyli azalmasına gətirib çıxarıb. Təbii ki, bu da heyvandarlığa öz təsirini göstərir. Digər tərəfdən, əhalinin artımı və milli mətbəximizin daha çox ət istehlakına yönəlməsi də bu məsələdə rol oynayır. Qiymət artımının qarşısını almaq üçün heyvandarlığın daha ciddi inkişaf etdirilməsinə ehtiyac var. Bunun üçün münbit şərait mövcuddur. İşğaldan azad edilmiş bölgələrimizdə geniş imkanlar var və burada heyvandarlığın inkişafı üçün örüş yerlərinin təmin edilməsi vacibdir. Həmçinin bu sahəyə marağı və təcrübəsi olan şəxslərə dövlət tərəfindən müəyyən güzəştlərin və subsidiyaların verilməsi ilə ölkədə ət istehsalını artıra bilərik. Bu isə gələcəkdə qiymət artımının qarşısını ala bilər. Əks halda, qiymət artımı davam edəcək”. Sevinc İbrahimzadə / Metbuat.az