AZ

Arif Əsədov: Bəlkə də belə olmasaydı, növbəti fiaskonu yaşaya bilərdik

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"İslandiya yığmasına ağır məğlubiyyətdən sonra dünən meydanda daha əzmkar komanda gördük". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib. Təcrübəli mütəxəssis Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdiyi oyunla bağlı fikirlərini bölüşüb:"Ukrayna millisi güclü rəqibdir, qrupda 1-2-ci yerlər uğrunda mübarizə aparır. Ona görə bu görüşdə yaxşı oyundan daha çox nəticə qazanmaq vacib idi ki, bunu bacardıq. Ərazi üstünlüyü rəqibdə olsa da, yığmamız düzgün müdafiə olunaraq boşluq vermirdi. Ayxan Abbasovun qısa müddətdə futbolçuları psixoloji cəhətdən oyuna hazır etməyi bacardı. Komanda oyuna yaxşı köklənmişdi və verilən tapşırıqları yerinə yetirirdilər. İslandiya millisi ilə matçdan sonra AFFA rəhbərliyi düzgün addım ataraq tez bir zamanda qərar verdi. Fernandu Santuş göndərildi, müvəqqəti olsa da, post Ayxan Abbasova tapşırıldı. Kollektivdə ab-havanı dəyişə bildilər. Bəlkə də belə olmasaydı, növbəti fiaskonu yaşaya bilərdik. Yerli məşqçilərimiz futbolçularda ruh yüksəkliyini qaldırmağı daha yaxşı bacarır. Bu, millidə ən vacib amillərdən biridir. Ustalıq səviyyəsi baxımından rəqibdən geri qalsaq da, əzmkarlıq hesabına dünən aktivimizə xal yazdıra bildik. Qazanılan bir xala görə təbrik düşür".Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan - Ukrayna oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
sport24.az

2Mənbələr