İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahan ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Day.Az-a bildirilib ki, görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub və əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün görüləcək işlər müzakirə edilib.
Tərəflər Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Hökumətlərarası Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıblar. Bu təşəbbüs iki ölkə arasında iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır.
Görüşdə, həmçinin, ABŞ ilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Azərbaycanın prioritetləri təqdim olunub. Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması və strateji infrastruktur layihələri ABŞ şirkətləri üçün əlverişli imkanlar yaradır.
Vaşinqtonda keçirilmiş görüşlərin - ABŞ İdxal-İxrac Bankı (US EXIM Bank), "SpaceX", "Exxon Mobil" və digər aparıcı qurumlarla aparılan danışıqların davamı olaraq, yeni əməkdaşlıq mexanizmləri və investisiya təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb.
Müzakirələrdə, həmçinin, Zəngəzur dəhlizi (Trans-Xəzər Regional İnkişaf və Partnyorluq Platforması - TRIPP) üzrə işlərin davam etdirilməsi, regional nəqliyyat-logistika layihələrinin reallaşdırılmasının iqtisadi əməkdaşlığa verəcəyi töhfələr diqqət mərkəzində olub.