İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahan ilə görüşüb.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub və əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün görüləcək işlər müzakirə edilib.
İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Hökumətlərarası Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Bu təşəbbüs Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır.
Görüşdə həmçinin ABŞ ilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Azərbaycanın prioritetləri təqdim olunub. Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması və strateji infrastruktur layihələri ABŞ şirkətləri üçün əlverişli imkanlar yaradır.
Vaşinqtonda keçirilmiş görüşlərin – ABŞ İdxal-İxrac Bankı (US EXIM Bank), “SpaceX”, “Exxon Mobil” və digər aparıcı qurumlarla aparılan danışıqların davamı olaraq, yeni əməkdaşlıq mexanizmləri və investisiya təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb.
Müzakirələrdə, həmçinin Zəngəzur dəhlizi (Trans-Xəzər Regional İnkişaf və Partnyorluq Platforması – TRIPP) üzrə işlərin davam etdirilməsi, regional nəqliyyat-logistika layihələrinin reallaşdırılmasının iqtisadi əməkdaşlığa verəcəyi töhfələr diqqət mərkəzində olub.
Bizim.Media