AZ

Cənubi Qafqaz ölkələrinə qarşı Kremlin "əsas silahı" dəyişməyib - effekt isə azalır...


Rusiya-Azərbaycan münasibətlərinin son aylar pisləşməsinə baxmayaraq, iki ölkə bu yaxınlaradək böhranı nəzarətdə saxlamağa çalışırdı. Amma Moskvanın Bakıya qarşı ritorikası artıq əmələ çevrilib, Azərbaycanın Ukraynadakı neft anbarları bombalanıb.

Bunu diqqətə çatdıran Ceymstaun Fondunun təhlilçisi Kessi Korelli yazır ki, Kreml Cənubi Qafqazda nüfuzunu zorla, yaxud təhdidlə saxlamağa çalışsa da, indiyədək yalnız kiçik güzəştlərə nail olub.

Kessi Korelli yazır ki, Ermənistanla Azərbaycan arasında sülh prosesində Rusiyanın olmaması Moskvanın regiondakı rolunun azaldığını göstərir: “Vaşinqton sammitindən sonra Moskvanın Bakı ilə ədavəti daha da güclənib. Kreml Azərbaycanın maraqları üçün lobbiçilik edən və ya sadəcə olaraq Əliyev haqqında müsbət fikirlər söyləyən Moskvaya sadiq politoloqlara birmənalı siqnallar verməyə başladı. Məsələn, Kreml Rusiya prezidenti Vladimir Putinə tam sadiqliyinə and içən hökumətyönlü politoloq Sergey Markovu “xarici agent” hesab edib. Rusiya Prezident Administrasiyasına bağlı Teleqram kanalları Markovun gözdən düşməsinin fərqli versiyasını təklif edir və bunu “Kreml qüllələri” arasındakı mübarizə ilə əlaqələndirirlər. Markovun himayədarı olan Sergey Narışkin və Sergey Kiriyenkonun klanı, Prezident Administrasiyası rəhbərinin müavini Aleksey Qromovla birlikdədir. Markovun “xarici agent” statusu isə yaxın gələcəkdə Bakı ilə münasibətlərdə heç bir irəliləyiş olmayacağını göstərən yeganə siqnal deyil. Politoloq Yevgeni Krutikov deyib ki, heç kim yaxın gələcəkdə Azərbaycanla əlaqələrin istiləşməsindən danışmır, uzaq perspektivdə isə Bakı ilə münasibətlər elə də dostyana olmayacaq. Ukraynada neft anbarlarının vurulmasını isə Kremlyönlü təhlilçilər Azərbaycana eyham adlandırıblar. Avqustun 18-də Rusiya pilotsuz təyyarələri Odessa yaxınlığındakı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) neft anbarına zərbələr endirib. KİV-in məlumatına görə, 17 anbar çəni məhv edilib. Moskva daha sonra Poltava vilayətindəki Kremençuk neft emalı zavodunu vurdu və sənaye zonasını əhatə edən güclü yanğına səbəb oldu. Kremlpərəst hərbi analitiklər zərbələri Azərbaycana “işarə” adlandırıblar, lakin Bakının bu mesajı ala bilməyəcəyindən ehtiyat ediblər. Bakı Rusiyanın SOCAR-ın Odessa vilayətindəki mülklərinə zərbələr endirdiyinə görə Ukraynanı silahla tədarük etməyə başlayacağı ilə hədələyib. Bu arada Bakı ABŞ-la birlikdə Cənubi Qafqaz regionunda strateji layihələrin maliyyələşdirilməsi üçün investisiya platforması yaradır ki, bu da Azərbaycanı Rusiyadan daha da müstəqil edəcək. Belə bir təəssürat yaranır ki, Ukraynadakı Azərbaycan neft bazalarını bombalamaq və özünə sadiq politoloqları xarici agent elan etməkdən başqa Moskvanın Əliyevin hərəkətlərinə heç bir reaksiyası yoxdur”. Məqalədə deyilir ki, Bakı ilə əlaqələri pisləşən Moskva Ermənistanda mövqeyini möhkəmləndirməyə çalışır, amma orada da az şeyə nail olub. Məsələn, sentyabrdan iki ölkə maliyyə informasiyasının avtomatik mübadiləsini aparacaqlar: “İqtisadi əlaqələri saxlamasına baxmayaraq, Moskvanın Cənubi Qafqaz ölkələri üzərində real təsir imkanları yoxdur, çevriliş təhdidi, raket zərbələri kimi zorakı vasitələrdən savayı. Bu rıçaqlar hələ də Qafqaz dövlətlərini Kremlin mövqeyini nəzərə almağa məcbur edir, lakin onlar artıq regionda mərkəzdənqaçma tendensiyalarını və Rusiyanın nüfuzunun azalmasını dayandıra bilməzlər”.

Orta Asiya-Qafqaz İnstitutunun aparıcı əməkdaşı Con Dipirro “Kyiv Independent” nəşrinə deyib ki, Rusiyanın regionda hegemonluğu zəifləyir və bu boşluğu Azərbaycan doldurmağa can atır: “Rusiya Ukraynaya və öz iqtisadiyyatını ayaqda saxlamağa fokuslanıb. Bu isə diqqəti digər ölkələrdən yayındırır. Neft və qaz gəlirlərindən yararlanan Azərbaycan ordusunu yeniləyib və indi özünü həmişəkindən daha inamlı hiss edir. 2024-cü il dekabrın 25-də Rusiya Hava Hücumundan Müdafiəsi nəticəsində Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasından sonra Bakı ilə Moskva arasında da münasibətlər pozulub. Qarabağdakı uğurdan sonra Azərbaycan özünü Rusiyanın təzyiqlərinə qarşı durmaq və müstəqil mövqe tutmaq üçün kifayət qədər cəsarətli hiss edib. Rusiyanın Cənubi Qafqazda təsiri o qədər azalıb ki, 2025-ci il avqustun 8-də Bakı ilə İrəvan arasında ilkin sülh sazişində Moskvanın heç bir rolu olmayıb”. Analitiklərin fikrincə, Rusiyanın təsirinin azalması səbəbindən Qafqazda geosiyasi vəziyyət kəskin şəkildə dəyişib. Səbəblərdən biri Rusiyanın 2022-ci ildən bəri Ukraynaya qarşı müharibəyə başlamasıdır. Bu durumda təhlilçilər Türkiyənin Orta Asiyadan tutmuş, Monqolustanadək Rusiya, yaxud Çini qəzəbləndirmədən nüfuzunu genişləndirdiyini deyirlər. Onlar eyni zamanda Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxarılmadığını da vurğulayırlar. Çexiya Respublikasının kəşfiyyat xidmətinin rəhbəri Mixal Kudelka isə qeyd edir ki, Rusiya Ukraynada etdiyi kimi, Çexiyada da günahsız insanları öldürə bilər. “Politico” nəşri isə yazır ki, Kudelka Çexiya parlamentində çıxışında Rusiyanı qəddar cinayətlərdə, qadınları, uşaqları, günahsız və müdafiəsiz Ukrayna vətəndaşlarını bilərəkdən hədəfə almaqda ittiham edib: “Hamımız əmin ola bilərik ki, rusiyalılar bizə də eynisi edə bilərlər. Buna şübhəniz olmasın”. Bu xəbərdarlıq Çexiyada oktyabrda gözlənən seçkilər fonunda səslənib. Rusiyanın Orta və Şərqi Avropada seçkilərə müdaxiləsi son bir ildə Brüsseli narahat edən əsas məsələlərdən biridir. Kudelka onu da deyib ki, Rusiya dövlət qurumlarına, hüququn aliliyinə ictimai inamı sarsıtmağa, bölücülük yaratmağa çalışır.

SAMİRƏ

Seçilən
30
baki-xeber.com

1Mənbələr