AZ

Qazaxıstan çölləri atların təbii cıdır meydanıdır

Qazaxıstan gəncləri boş vaxtlarında bu ölkənin geniş çöllərində dördnala at çapmağı çox sevirlər. Atların ilk dəfə əhliləşdirildiyi diyar kimi tanınır Qazaxıstan! Nə yaxşı qazax xalqı atçılıq ənənələrini qoruyub saxlayaraq inkişaf etdirir.

Bu günlərdə “Anadolu” agentliyi qazaxıstanlı gənclərin at çapmaqdan aldıqları zövq, adrenalin barədə yazı yayımlayıb. Məqalədə deyilir ki, ölkədə 14 müxtəlif cinsdən olan 4 milyondan çox at var. Bu heyvanların sayına görə, hazırda Qazaxıstan ABŞ, Meksika və Braziliya ilə bərabər səviyyədədir.

Son onillər ölkədə atçılıq sahəsində çox sayda özəl fermalar yaradılıb. Təlimçi Abay Amanjol bildirib ki, ona məxsus olan fermada 300-ə yaxın at var. Gündəlik qayğıları çoxdur, həftəsonu isə işi başından aşır, çünki gənclər ucsuz-bucaqsız çöllərdə at sürməyi öyrənmək üçün bura axışırlar.

Amanjol sonra vurğulayıb ki, əslində, qazaxıstanlı gənclərə at sürməyi öyrətməyə xüsusi bir ehtiyac yoxdur. Bu, onun sözlərinə görə, qazaxların genlərinə hopmuş bir istedaddır:

– Mən ömründə bir dəfə də olsun ata əyləşməmiş gənclər görmüşəm ki, elə burada birinci cəhddən atları məharətlə minərək yarışıblar. Əvvəllər nənələrimiz də bu sənətə yiyələniblər. Qazaxıstanın intəhasız çöllərində at çapmağın verdiyi azadlıq hissini sözlə çatdırmaq mümkün deyil. Zarafat deyil, bu zaman insanın ruhu cuşa gəlir!

Anyal Azamatqızı “Anadolu” müxbirinə at sürməyi sıfırdan öyrəndiyini deyib: “Mən Astanada yaşayıram və asudə vaxtımı burada keçirirəm. Bizim çöllərdə heç bir maneəyə rast gəlmədən at sürmək heyrətamiz bir hissdir”.

Baurjan Alimxanov isə əlavə edib ki, o, adətən həftə sonlarını dostları ilə at sürməklə keçirir. “Xüsusilə çöldə atın üstündə oturaraq günəşin qürubunu seyr etməkdən zövq alıram. Bütün qayğılarımı unuduram”.

Son illərdə at çapmaq gənc qazaxlar arasında çox populyar idman növünə çevrilib. Yeri gəlmişkən, at sürmə üzrə 1 dərsin qiyməti saatda 5 min -15 min tenge (təxminən 380-1100 türk lirəsi) arasında dəyişir.

Xatırladaq ki, ötən ilin payızında Astanada böyük uğurla Ümumdünya Köçəri Oyunları (ÜKO) keçirilib. Bu, etnik idman növləri üzrə ən böyük beynəlxalq idman yarışlarıdır. O dönəmdə Qazaxıstan paytaxtına 80-dən çox ölkədən 2 minə yaxın iştirakçı təşrif buyurmuşdu. Proqrama atçılıq yarışları, güləş, ənənəvi oxatma və s. kimi 20 əsas idman növü daxil olunmuşdu.

Oyunlarda təkcə idmançılar deyil, mədəniyyət və elm nümayəndələri də iştirak ediblər. Proqram çərçivəsində etno-mədəni irsin təbliği məqsədilə elmi konfranslar, mədəni tədbirlər də təşkil olunub.

Qeyd etmək lazımdır ki, ÜKO artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

...Yadımdadır, 1970-ci illərin sonlarında Moskva Dövlət Universitetində təhsil alarkən Almaatıdan olan tələbə yoldaşım ilə tez-tez qazax gənclərinin at çapmaqdan xüsusi zövq aldığını söyləyəndə, özümdən asılı olmayaraq doğma dilimizdə bu bəndi söylədim:

Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan tərə bata-bata
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göygölə bax!

Dostum biləndə ki, Xalq şairi Səməd Vurğun Azərbaycanın Qərb bölgəsində Qazax rayonunda anadan olub, bir qədər fikrə getdi. Sonra söylədi ki, görünür, Qazaxda yaşayanlar vaxtilə bizim tərəflərdən köçən insanların nəsilləridir. Məhz ona görə oranı belə adlandırırlar.

Mən bunu nə inkar, nə də təsdiq etdim. Sadəcə söylədim ki, bütün türk elləri bir-birilərilə qohumdurlar, ona görə ki, bir kökdən yaranıb qol-budaq atıblar. Arqumentim qazax tələbəni qane etdi.

M.HACIXANLI
XQ

Seçilən
41
1
xalqqazeti.az

2Mənbələr