AZ

AMEA-da Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış elektron resursun təqdimatı olub

AMEA-nın Rəyasət Heyətinin iclasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar Mərkəzi Elmi Kitabxana tərəfindən hazırlanmış eresurslar.info.az veb səhifəsinin təqdimatı olub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın Tədbirlər planı hazırlanaraq təsdiq olunub. Qeyd edib ki, Təbirlər planı AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının müstəqilliyimizin verdiyi geniş imkanlar işığında, elmi prinsiplər əsasında tədqiq və təbliğini əhatə edən çoxsaylı nəşr və tədbirləri əhatə edir. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, AMEA-da həyata keçirilən genişmiqyaslı tədbirlərin davamı olaraq özünün ideya müəllifliyi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli ədibin zəngin həyat və yaradıcılığına həsr olunmuş yeni elektron resurs hazırlanıb.

“Bəxtiyar Vahabzadə Azərbaycanın milli istiqlal şairidir və Ulu Öndər Heydər Əliyevin daim hörmət bəslədiyi ziyalılardan biri olub. Ümummilli Lider onu sovet hakimiyyətinin təqiblərindən daim qoruyub və dahi liderin Azərbaycançılıq ideologiyasının həyata keçirilməsinə Bəxtiyar Vahabzadə şərəflə xidmət edib”, – deyə akademik İsa Həbibbəyli bildirib.

Sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov yeni hazırlanmış elektron resursu təqdim edib. Vurğulayıb ki, müasir texnologiyaların imkanları ilə hazırlanan platforma böyük sənətkarın zəngin irsini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır.

Resursda şairin avtobioqrafiyası, əsərləri, kitabları və şeirləri geniş şəkildə təqdim olunur. Burada istifadəçilər Bəxtiyar Vahabzadənin müəllifi olduğu və müxtəlif illərdə nəşr edilmiş “Seçilmiş əsərləri”, “Axı dünya fırlanır”, “Gülüstan poeması”, “Dərin qatlara işıq”, “Səməd Vurğun”, “Mənim dostlarım” və s. əsərləri, “Gəlin açıq danışaq…” məqalələr toplusu, “Fəryad”, “Bir baharın qaranquşu” kimi 80-dən artıq kitabla tanış ola bilərlər. Həmçinin 14 adda əsərin ingilis dilində olan tərcüməsi də resursun “Şairin yaradıcılığı” bölməsində təqdim edilir.

MEK direktoru diqqətə çatdırıb ki, elektron bazada, həmçinin sənətkarın dövlət mükafatları, fəxri adları, orden və medalları barədə məlumatlar toplanıb. “Fotoyaddaş” bölməsində onun həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər, video arxivdə isə çıxışları, müsahibələri və sənədli materiallar bir arada sistemləşdirilib. Burada, həmçinin şairin şeirlərinə bəstələnmiş mahnılar da yer alıb.

Texnika elmləri doktoru Hüseyn Hüseynov qeyd olunanları əyani nümayiş etdirib və Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elektron resurs Rəyasət Heyətinin üzvləri tərəfindən yüksək qiymətləndirilib.

Seçilən
27
2
veteninfo.az

4Mənbələr