AZ

Rusiyalı qadınlar niyə çinlilərlə evlənmək istəmir?

Çinlilərlə rusiyalı qadınlar arasında bağlanan nikahlar son dövrlərdə artım nümayiş etdirsə də, bu cür münasibətlər, adətən, uzunömürlü olmur. Ulusal.az xəbər verir ki, bu barədə Avropa Universitetinin Avrasiya Araşdırmaları Mərkəzinin çinşünası Polina Rısakova bildirib.

Onun sözlərinə görə, Çin uzun illər “bir ailə – bir uşaq” siyasəti tətbiq etdiyinə görə ölkədə kişi sayı qadınlardan xeyli artıqdır. Nəticədə, çinli kişilər həyat yoldaşı axtarışında nəzərlərini xarici qadınlara, xüsusilə də slavyan mənşəli – rus qadınlara yönəldiblər.

Rısakova bu halları belə xarakterizə edir: “Tez evlilik – tez boşanma”. Yəni nikahlar çox vaxt praktiki səbəblərlə – bir tərəfin ölkədən çıxmaq istəyi, digər tərəfin isə sadəcə xarici həyat yoldaşı arzulaması ilə bağlanır. Lakin bu cür münasibətlər tez bir zamanda mədəni, iqtisadi və sosial fərqlər ucbatından dağılır.

Niyə məhz rus qadınlar seçilir? Çin cəmiyyətində rus qadınların daha itaətkar, ailəyə bağlı, uşaqlara diqqətli və maddi maraqlardan daha uzaq olduqları düşünülür. Digər tərəfdən, bir çox rus qadınlar həyatlarını yaxşılaşdırmaq, karyera qurmaq və sevgi tapmaq ümidi ilə xarici ölkəyə köçmək istəyirlər. Lakin bu romantik gözləntilər yeni mühitə adaptasiya problemləri ilə tez bir zamanda əvəzlənir.

Məsələn, Krasnoyarsk sakini Alina artıq 3 ildir çinli həyat yoldaşı ilə evlidir, lakin hələ də Çin cəmiyyətinə tam uyğunlaşa bilmədiyini deyir. Yerli qanunvericiliyin sərtliyi səbəbilə nə vətəndaşlıq almaq, nə də ev sahibi olmaq asandır. Onun sözlərinə görə, əcnəbi qadınlara münasibət də getdikcə pisləşir və “arvad evin təmizliyinə baxmalı və uşaqları tərbiyə etməlidir” kimi stereotiplər dominantdır.

Statistika da nikahların möhkəmliyini təsdiqləmir – belə beynəlmiləl evliliklərin təxminən yarısı bir neçə il ərzində boşanma ilə nəticələnir. Səngiməyən hüquqi maneələr səbəbindən, bu evliliklərdən doğulan uşaqlar əksər hallarda ataları ilə birlikdə Çində qalır – anaların isə ölkədə qalmaq hüququnu əldə etməsi olduqca çətindir.

Xatırladaq ki, bundan əvvəl Life.ru rusiyalıların niyə 30 yaşdan sonra evlənməyə üstünlük verdiklərini araşdırmışdı. Araşdırmalara görə, Rusiyada kişilər üçün orta evlənmə yaşı 35,2, qadınlar üçün isə 33,1-dir. Mütəxəssislər bildirirlər ki, nikaha münasibətdəki dəyişikliklər təkcə sosial yox, həm də psixoloji səbəblərlə əlaqədardır.

Seçilən
18
moderator.az

1Mənbələr