Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ilk dəfə müsabiqədə iştirak edənlər və bir sıra şəxslər istisna olmaqla digər şəxslər üçün ödənişli olacaq.
"Cebheinfo.az" xəbər verir ki, məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihəyə görə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun layihəsinə əsasən “Ümumi təhsil haqqında” Qanuna əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydalara uyğun olaraq müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir.
Layihədə müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə sözügedən müsabiqədə iştirakın ödənişli olması təklif edilir.
"Cebheinfo.az"