AZ

Cənubi Koreyada qadının dizlərindən xalis qızıl saplar çıxarıldı

Cənubi Koreyadan olan 65 yaşlı qadın diz oynağının artrozunun kəskinləşməsi ilə xəstəxanaya müraciət edib.

E-saglam.az-ın "Oddity Central"a istinadən verdiyi xəbərə görə, müayinə zamanı həkimlər gözlənilməz halla üzləşiblər - qadının ayaqlarında yüzlərlə xırda xalis qızıl sap aşkar edilib.

Həkimlərin sözlərinə görə, xəstə uzun illərdir ki, oynaqlarında şiddətli ağrı və sərtlikdən əziyyət çəkirmiş. Ona ağrıkəsicilər, iltihab əleyhinə qeyri-steroid preparatlar və steroid inyeksiyaları təyin olunub, lakin müalicə səmərəsiz olub və ciddi əlavə təsirə yol açıb. Qadın alternativ müalicəyə - qızıl saplarla akupunktura müraciət etmək qərarına gəlib.

Əvvəlcə qadın həftədə bir dəfə seanslarda iştirak edib. Bu müddət ərzində qadının diz nahiyəsinə ən incə qızıl saplar taxılıb. Ağrı gücləndikdə xəstə həftədə bir neçə dəfə akupunktur həkiminə müraciət etməyə başlayıb. Nəticədə onun vəziyyəti kəskin şəkildə pisləşib və qadın ənənəvi tibbə qayıtmalı olub.

Rentgen müayinəsi zamanı sümüklərin qalınlaşması və deformasiyası, osteoartritin tipik əlamətləri, eləcə də diz oynağının ətrafındakı toxumaya yerləşdirilmiş yüzlərlə qızıl fraqmentlər müəyyən edilib.

Mütəxəssislərin fikrincə, qızıl saplarla akupunkturun sübut edilmiş effektivliyi yoxdur və özündə ciddi risklər daşıyır:

"Qızıl saplar kistalara səbəb ola, toxumaları zədələyə, bütün bədənə miqrasiya edə bilər. Bundan əlavə, metalın yerdəyişməsi və damarların zədələnməsi riski səbəbindən onların mövcudluğu MRT-ni son dərəcə təhlükəli edir", - deyə həkimlər vurğulayıblar.

oxu.az

E-saglam.az

Seçilən
52
2
e-saglam.az

10Mənbələr