Rusiya prezidenti Vladimir Putin ölkəni üç eyni quruluşlu bunker vasitəsilə idarə edir və beləliklə, öz yerini rəsmilər və xüsusi xidmət orqanlarından gizli saxlayır. Bu barədə ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Putin müxtəlif bölgələrdə yerləşən, bir-birinin eynisi olan üç konfrans zalından idarəetməni həyata keçirir. Bütün bu kabinetlər eyni plana uyğun inşa olunub və ən xırda detallaradək eyni şəkildə təchiz edilib.
Hətta kabinetlərdəki cüt başlı qartal simvolu olan qələmlik, laklı masa üzərində yerləşən on iti uclu qələm belə eyni şəkildə düzülüb. Kabinetlərdə pəncərələrin olmaması səbəbindən prezidentin harada yerləşdiyini xarici vizual işarələrlə müəyyənləşdirmək mümkün deyil.
Rusiya lideri mobil telefonlardan istifadə etmir və internetə nadir hallarda çıxır. O, görüşləri yalnız videobağlantı vasitəsilə keçirir və bu zaman xüsusi mobil dayaq üzərində yerləşdirilmiş plazma monitor istifadə olunur. Həmin kabinetlərdəki kompüterlər ya tamamilə şəbəkədən ayrılıb, ya da sərt şəkildə izolyasiya edilib.
Prezidentin əlaqə sistemi Daxili Rabitə İdarəsinin mühəndisləri tərəfindən şifrələnmiş zəngləri təmin edən xüsusi rejimdə saxlanılır.
Məqalədə qeyd olunur ki, Putin hazırda Ukrayna müharibəsi zamanı bu bunkerlərdən komandanlara göstəriş verir və ölkədaxili nəzarəti buradan həyata keçirir.
Video bağlantılar zamanı müşahidə olunan yüksək vəzifəli şəxslər isə çox zaman dövlət başçısının zəngi ölkənin 11 zaman qurşağının hansından etdiyi barədə məlumatsız olurlar.
“The Wall Street Journal” yazır ki, bəzən prezidentin başqa şəhərə səfəri barədə məlumat verilir, boş kortej hava limanına göndərilir, hətta içində olmayan bir təyyarə havaya qalxır, lakin bu zaman Putin başqa bir məkandan videobağlantı ilə çıxış edir. Bu da onun yerini gizlətmək üçün yaradılmış bir illüziyadır.