AZ

Mərkəzi Bank DİN dən kart oğruluğu ilə bağlı açıqlama verməməyi xahiş edib

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“İddialara görə, Mərkəzi Bank DİN-dən kart oğruluğu ilə bağlı açıqlamalar verməməyi xahiş edib“.

AzPost bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, DİN  bank kartları ilə bağlı kibercinayətlərin statistikasının açıqlanmasını dayandırıb.

“Bir zamanlar DİN hər gün bank kartları ilə bağlı kibercinayətlərin statistikasını paylaşırdı. Bu açıqlamalar cəmiyyətin diqqətini çəkir, insanları maarifləndirir, hər kəsi daha ehtiyatlı olmağa vadar edirdi. DİN bu məlumatları həm özündə toplanan datalardan, həm də banklarla DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi arasında real vaxtda çalışan sistemdən əldə olunan datadan istifadə etməklə paylaşırdı. Yəni qurum mövcud datadan həm də maarifçilik, hesabatlılıq və şəffaflıq üçün çox effektiv şəkildə istifadə edirdi. Media da bu məlumatları ictimailəşdirməklə profilaktika işlərində mühüm rol oynayırdı.  Amma birdən-birə DİN bu açıqlamaları dayandırdı. Belə ictimai əhəmiyyət daşıyan məlumatların paylaşılmasının kəsilməsi olduqca düşündürücü və təəssüf doğurucudur”-deyə ekspert vurğulayıb.

Görəsən, nə üçün bu açıqlamalar dayandırılıb?

“İddialara görə, Mərkəzi Bank bu məlumatların bankların nüfuzuna kölgə saldığını bildirib və DİN-dən bu açıqlamaları verməməyi xahiş edib. Xatırlayıram ki, Mərkəzi Bank rəhbərliyi ilə bir müddət öncəki görüşdə də bu məsələyə toxunulmuşdu. O zaman MB nümayəndələri bank kartları ilə bağlı kibercinayətlərin statistikalarının gündəlik deyil, aylıq təqdim olunacağını bəyan etmişdilər. Lakin hələlik görünən odur ki, DİN-in gündəlik açıqlamaları dayanıb və Mərkəzi Bank ilə birgə vəd edilən aylıq statistika da ortada yoxdur”-deyə ekspert vurğulayıb.

O.Gündüz deyib ki, nəticədə cəmiyyət, media və vətəndaşlarımız baş verən kibercinayətlərdən xəbərsizdir, bu sahədə tendensiyanı izləyə bilmirlər, nədən ehtiyat etməli olduqlarını bilmirlər:

“Düşünürəm ki, ictimai əhəmiyyət kəsb edən belə məlumatların gizlədilməsi doğru yanaşma deyil.

Bu məsələyə sadəcə bankların imici prizmasından baxmaq düzgün olmaz. Bu, birbaşa vətəndaşların təhlükəsizlik məsələsidir. Problemin gizlədilməsi çıxış yolu deyil – əksinə, banklar öz təhlükəsizlik sistemlərini gücləndirməli, maarifləndirmə işlərinə daha çox resurs ayırmalıdır. Bu tip məlumatlar cəmiyyət üçün, ictimai nəzarət üçün olduqca vacibdir. Ümid edirəm ki, DİN və Mərkəzi Bank ən qısa zamanda bu boşluğu aradan qaldıracaq və ictimaiyyəti müntəzəm olaraq real vəziyyətdən xəbərdar edəcəklər”-deyə O.Gündüz vurğulayıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
azpost.info

1Mənbələr