AZ

Stiven Hokinq haqlı çıxdı: Alimlər qara dəliklər haqda məşhur teoremi təsdiqlədilər

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Alimlər iki qara dəliyin birləşərək nəhəng bir obyektə çevrildiyini "eşidə” biliblər. Bu hadisə məşhur fizik Stiven Hokinqin yarım əsr əvvəl irəli sürdüyü, lakin onun həyatı boyu təsdiqlənməyən teoremin ən güclü sübutu hesab olunur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science” yazır.

Araşdırma Potsdamdakı Maks Plank Qravitasiya Fizikası İnstitutunun doktorantı Edrian Q. Abakın rəhbərliyi ilə aparılıb və 14 yanvarda Lazer İnterferometrik Qravitasiya Rəsədxanasının qeydlərinə əsaslanıb. Həmin gün müşahidə edilən qravitasiya dalğaları iki qara dəliyin birləşdiyini və nəticədə yaranan qara dəliyin əvvəlkindən daha böyük olduğunu göstərib.

Birləşmədən əvvəl iki qara dəliyin ümumi səth sahəsi təxminən 243 min kvadrat kilometr idi. Birləşmədən sonra yaranan vahid qara dəliyin səth sahəsi isə təqribən 400 min kvadrat kilometrə çatıb. Alimlərin sözlərinə görə, bu, Hokinqin 1971-ci ildə irəli sürdüyü hadisə üfüqü sahəsinin teoremini təsdiqləyir. O, qara dəliyin hadisə üfüqü səthinin zamanla heç vaxt kiçilməyəcəyini iddia edirdi.

"Sadə görünsə də, bu fikir çox böyük nəticələrə malikdir”, – deyə araşdırmanın həmmüəllifi, Kolumbiya Universitetinin dosenti və Flatayron İnstitutunun elmi əməkdaşı Maksimiliano İsi bildirib.

Tədqiqatçılar vurğulayıblar ki, bu kəşf qara dəliklərin mahiyyətini daha dərindən anlamağa imkan verir və onların termodinamik obyektlər kimi nəzərdən keçirilə biləcəyini təsdiqləyir. Bundan əlavə, göstərilir ki, qara dəliyin daxilindəki informasiya (və ya entropiya) onun səth sahəsi ilə birbaşa mütənasibdir.

Xatırladaq ki, bundan əvvəl alimlər Yer kürəsindən 1 milyard işıq ili uzaqda yerləşən bir qalaktikada iki fövqəlnəhəng qara dəliyin eyni qaz buludunu birlikdə udduğunu müşahidə ediblər. Onların ümumi kütləsi Günəşin kütləsindən 40 milyon dəfə çoxdur.

Bu iki qara dəlik bir-birinin ətrafında fırlanır və hər 130 gündən bir yaxınlaşırlar. Məhz bu orbital hərəkət belə nadir "ortaq ziyafətə” səbəb olub.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
qaynarinfo.az

1Mənbələr