AZ

Təhsil ekspertləri: Süni İntellekt Akademiyası müəllimliyə də təhdid ola bilər

Müasir dünyada texnologiyanın sürətli inkişafı insan həyatının bütün sahələrinə təsir edir. Bu inkişafın önündə gedən sahələrdən biri isə süni intellekt  texnologiyalarıdır. Dünyanın qabaqcıl ölkələri artıq süni intellektin iqtisadiyyatda, təhsildə, səhiyyədə və sənayedə geniş tətbiqinə başlayıblar. Belə bir dövrdə Süni İntellekt Akademiyasının (AI Academy) yaradılması strateji və zəruri bir addım kimi dəyərləndirilir.  

Bu günlərdə açılışı edilən Akademiya “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən yaradılıb. Akademiyasının əsas məqsədi süni intellekt sahəsində mütəxəssislər hazırlamaq və ölkədə rəqəmsal transformasiyanı sürətləndirməkdir. Akademiya həmçinin gələcəkdə Azərbaycanı regionda süni intellekt təhsili və innovativ layihələrin tətbiqi üzrə aparıcı mərkəzə çevirməyi hədəfləyir. Tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb və dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanır. Akademik heyət süni intellekt və müasir texnologiyalar sahəsində zəngin təcrübəyə malik mütəxəssislərdən ibarətdir.

Akademiyanın fəaliyyətində qlobal elmi mühitə inteqrasiya prioritet istiqamətlərdən biridir. Bu məqsədlə süni intellekt sahəsində dünyanın aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutu (MIT), Kaliforniya Universiteti, Karnegi Mellon Universiteti, Harvard Universiteti və Stanford Universiteti ilə əməkdaşlıqlar qurulub. Bu nüfuzlu universitetlərin professor və alimləri akademiyaya qonaq mühazirəçi kimi dəvət olunacaqlar.

Süni İntellekt Akademiyası fəaliyyətində elmi-tədqiqat işləri və innovativ layihələrin hazırlanması kimi istiqamətlərə xüsusi önəm verir. Burada təhsil alan gənclər və mütəxəssislər startap ideyaları üzərində işləmək, tətbiqi layihələrdə iştirak etmək və beynəlxalq təcrübədən faydalanmaq imkanına malik olacaqlar.

Mütəxəssilərin fikrincə, süni intellekt üzrə kadr hazırlığı olmadan ölkələrin texnoloji cəhətdən rəqabət qabiliyyəti zəifləyir. Süni intellekt  texnologiyaları məhsuldarlığı artırır, yeni sahələr yaradır və iqtisadi inkişafa təkan verir. Rəqəmsal bacarıqlara sahib gənc nəslin formalaşmasına kömək edir. Bu səbəbdən də belə bir akademiyanın yaradılmasına ehtiyac var idi. Akademiyası yalnız bir təhsil müəssisəsi deyil, həm də rəqəmsal gələcəyin formalaşmasında mühüm rol oynayacaq elmi və innovativ mərkəz kimi çıxış etməlidir. Burada formalaşacaq mütəxəssislər, həyata keçiriləcək layihələr və ortaya çıxacaq texnologiyalar ölkənin süni intellekt ekosisteminin əsas sütunlarına çevriləcək.

Milli Süni İntellekt Mərkəzinin direktoru Tuncay Bağırov bildirib ki, Süni İntellekt Akademiyasının yaradılması ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, rəqəmsal iqtisadiyyatın gücləndirilməsi və Azərbaycanın qlobal süni intellekt xəritəsində mövqeyinin möhkəmləndirilməsi istiqamətində strateji əhəmiyyət kəsb edir. Akademiyanın təqdim etdiyi bütün tədris proqramları tam təqaüdlü əsaslarla həyata keçirilir. Proqramlara qəbulun növbəti mərhələləri və digər yeniliklər barədə məlumatlar “AI Academy”nin rəsmi veb-saytı və sosial media hesablarında yayımlanacaq.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, Süni İntellekt Akademiyasının fəaliyyətə başlaması bu sahədə uzunmüddətli strateji inkişafın təməlidir. Bu, yalnız texnoloji deyil, eyni zamanda sosial və iqtisadi inkişafa təsir edən bir təşəbbüsdür. Hazırda süni intellekt texnologiyaları sürətlə inkişaf edir və ölkələrin rəqabətqabiliyyətliliyini müəyyən edən əsas amillərdən birinə çevrilir: “Belə bir Akademiyanın formalaşdırılması bizə nəinki kadr potensialı yaratmağa, həm də beynəlxalq texnoloji trendləri izləyərək lokal həllər istehsal etməyə imkan verəcək. Əgər bu təşəbbüs sistemli şəkildə dəstəklənsə, Azərbaycanda süni intellekt sahəsində güclü bir ekosistem formalaşa bilər”.

Təhsil ekspert Elçin Əfəndi deyir ki,  Süni İntellekt Akademiyasının yaradılması bu peşələr üzrə ixtisarlara səbəb olacaq: “Süni İntellekt Akademiyasının yaradılması kinorejissorluq, mühasibatlıq, data analitika, istehsalatda proseslərin avtomatlaşdırılması, sərnişin daşımada sürücülərin fəaliyyəti, satıcı, kassir işləri, jurnalistikanın özündə də kütləvi ixtisarların olacağından xəbər verir. Hətta, gələcəkdə tədris prosesində də dərslər süni intellekt vasitəsi ilə tədris olunacaq. Kütləvi müəllimlik fəaliyyətinə də təhdid kimi qəbul edə bilərik. Süni intellekt sahəsində kadr hazırlığının həyata keçirilməsində ali təhsil müəssisələrində beynəlxalq araşdırmalar aparılıb. Süni intellektin inkişafında rol oynayan dünya reytinqli 10 ölkənin ən azı 3-ü ilə əməkdaşlığa başlanılıb, inkişaf etmiş universitetlərdən bəzi kadrlar cəlb olunub. Növbəti tədris ilindən təhsil müəssisələri bu layihəyə qoşulacaq. Bu, özlüyündə təhsilin rəqəmsallasması anlamını daşıyacaq. Təməl biliklər aşağı siniflərdən şagirdlərə aşılanmalıdır. Akademiyanın yaradılması müasir dövrün ehtiyacıdır. Çünki süni intelekt sahəsində ixtisaslaşmış konkret ali təhsil müəssisəsi yox idi. Bu o demek deyil ki, başqa universitetlərin hazırladığı kadrlar burada çalışmamalıdır. Digər universitetlərdə kompüter elmləri, İT sahəsində təhsil alanların da bilik və bacarıqlarından istifadə olunacaq. Müəyyən özəl sahibkarlıq subyektləri də var ki, məhz, onlar bu istiqamətdə kadr hazırlığı həyata keçirərsə, ölkənin iqtisadiyyatına müsbət töhvələrini verər".

Təhsil ekspert Kamran Əsədovun dediyinə görə, Süni İntellekt Akademiyasının fəaliyyətə başlaması dövlətin rəqəmsal inkişaf kursunu dəstəkləmək, qlobal texnoloji dəyişikliklərə uyğun kadr hazırlığını təmin etmək baxımından çox mühüm addımdır. Akademiya təkcə nəzəri dərslər deyil, həm də praktiki laboratoriyalar, startap inkubatorları və beynəlxalq əməkdaşlıqlar vasitəsilə tələbələrə real imkanlar açacaq. Bundan başqa, ölkədə dövlət qurumları, özəl sektor və universitetlər arasında əməkdaşlıq güclənəcək, süni intellekt sahəsində vahid koordinasiya mərkəzi formalaşacaq:

“Sözügedən akademiyada yalnız İT mütəxəssisləri deyil, həm də hüquq, tibb, aqrar və təhsil sahələri üzrə süni intellekt biliklərinə malik mütəxəssislər yetişəcək. Dəyişməli olan isə universitetlərin tədris proqramları ilə bu akademiyanın fəaliyyətinin inteqrasiyasıdır. Əgər ali məktəblərdə süni intellektlə bağlı fənlər genişləndirilərsə və Akademiya həmin prosesə metodik dəstək verərsə, nəticə daha dayanıqlı olar: “Ənənəvi təhsil modellərinin artıq müasir texnologiyalara inteqrasiya olunması vacibdir və bu Akademiya bu keçidin başlanğıcı olacaq. Burada təkcə proqramlaşdırma və texnoloji biliklər deyil, həm də yaradıcı düşüncə, tənqidi analiz və multidissiplinar yanaşma formalaşacaq. Gənclərimiz süni intellekt kimi gələcəyin texnologiyalarını yalnız öyrənməyəcək, həm də onları tətbiq edərək yeni innovasiyalar yaradacaqlar. Bu təşəbbüs eyni zamanda müəllim hazırlığı sahəsində də dönüş nöqtəsi ola bilər. Akademiyada pedaqoqların rəqəmsal bacarıqları artırıla və gələcək nəsil üçün daha güclü təhsil mühiti yaradıla bilər”.

Nərmin Qarazadə

Seçilən
32
azedu.az

1Mənbələr