AZ

Kasprşikə iş verək

Vatsap dostluğumdakı hörmətli yoldaşlardan biri paylaşmışdı, oxuyub xeyli dərin fikrə getdim: “Müsəlmanlar düşmənlər tərəfindən onlara yetişən çətinlikləri nəzərə alaraq birləşməlidirlər”. Müdrik kəlamın müəllifi də varmış, hətta. Əllamə Təbatəbai adında hansısa yoldaş imiş.

Eh, biz qabaqlar Belinskidən, Lenindən-zaddan sitat paylaşardıq, uzağı Füzulidən, Nizamidən. İndiki dövrün mənbələri əllamələrdir, üstəlik, təbdən-təbə salanlarından.

Həqiqətən, mən bu adamın kimliyini, peşəsini bilmirəm, ancaq Vatsapda onun kəlamını paylaşan yoldaşımız saqqallı bir kişinin profil fotosunu qoymuşdu, belə başa düşdüm, nəsə iranlı mollalardandır. İndi bizə “müdrik kəlamlar” o tərəfdən gəlir. Gorun çatlasın, Marks... Üstəlik, əski zamanlarda kimsə özündən hoqqa çıxaranda “əllaməçilik etmə” deyərdilər, indi görünür, “əllamə” müsbət çalar qazanmışdır. Yəqin mollaların böyüyü, baş molla kimi bir termindir. 

Sözgəlişi, iranlı mollalar nəsə profil şəkillər çəkdirməyi sevirlər, görünür, belə olanda əsrarəngiz göründüyünü zənn edirlər, amma daha çox neqativ imic yaradır. Polis şöbələrində çəkilən məlum fotoları xatırladır. 

Nəsə, çox uzatdıq, əsas olan isə afyorizmin məzmunu idi. Görəsən, müsəlmanlar düşmənlərin çətinliyindən necə qaçıb birləşməlidir ki, o düşmənlər elə müsəlmanların özləridir? Dünya üzərində bir-biri ilə normal münasibəti olan müsəlman dövlətini saymağa çalışsaq, bir əlin barmağından o yana çətin gedərik. İran İraqla savaşmışdı, Misirin Səudiyyədən zəhləsi gedir, Türkiyə Suriya ilə arasını təzə düzəltməyə çalışır, əfqanlar pakistanlılarla, onlar da farslarla permanent müharibə vəziyyətindədir. Liviya və sudanlılar özləri-özlərini qırır, həmçinin Afrikada bir salamat müsəlman qəbiləsi tapmaq çətindir. 

Heç uzağa getməyək, biz Azərbaycanın iki torpağı arasında yol açmağa çalışanda buna ən çox mız qoyanlardan biri İran oldu. Ta 30 il Ermənistana verdikləri hər cür dəstəyi heç yada salmaq istəmirəm, hesab edək keçdi, getdi, indi qərdeşlik zamanasıdır. Amma bu, müsəlmançılıqdırsa, kafirlik, görəsən, nə təhərdir? 

Müsəlmanlar birləşəcəkmiş... Nə bilim, vallah, Allah-təala xeyirli eləsin. 

Bunu yazdığım anda gözümə bir xəbər dəydi, gördüm, məktəblərimizin müdiri ərz edib ki, müəllimlərin əməkhaqqısı artıbdır. Ana dilimizdə həmin sözün orijinalı “əməkhaqqı” şəklindədir. Belə çıxır, “əməkhaqqısı” sözünü təzə icad etmişik. Buna da xeyir-dua verək, əlimizdən başqa nə gəlir? Klassik söhbətdəki vəziyyətdir: müqavimət göstərə bilmirsən, həzz al. Birdən ağlıma gəldi ki, bu məsəli son çağlar tez-tez işlədirəm. Görünür, həzzimiz çoxalıbdır. Başqa nə ola bilər ki? İş-güc, var-dövlət, təzə dərs ili, bağ belə, bostan helə... 

İş yazdım, yadıma düşdü. Camaat, biz elliklə bir nəfəri işsiz qoymuşuq, xəbəriniz olsun. Məncə, biz düz eləmirik. Həmin kişini hansısa rayona icra nümayəndəsi qoymağa borcluyuq. Söhbət ATƏT-in Minsk Qrupunun səhra köməkçisi Ancey Kasprşikdən gedir. 

Bu kişi şüurlu həyatının böyük hissəsini, tam 27 ilini bizim dağ-dərədə yeyib-içmək, monitorinq aparmaqla keçirdi. Bəlkə Polşada daha az yaşayıb, nəinki Göygölün Toğana kəndində. Guya atəşkəsin pozulmasını nəzarətdə saxlayır, ATƏT rəhbərliyinə bu haqda məlumat verirdi. İndi isə sentyabrın 1-dən Minsk Qrupu tarixin zibil yeşiyinə - layiq olduğu yerə göndərilib, Ancey müəllim qalıb işsiz. 

Bəs indi o, əməkhaqqısını haradan alacaq? 

 

Seçilən
12
musavat.com

1Mənbələr