AZ

“Onu istefaya göndərmək artıq gecdir, mən kimisə günahlandıra bilmərəm”

“Azərbaycanla oyunu millimiz üçün uğurlu adlandırmaq mənim üçün çətindir. Belə nəticəni qəbul etmək çox ağırdır”.

Sportinfo.az xəbər verir ki, bunu Ukrayna millisinin sabiq məşqçisi Aleksandr Xatskeviç DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Ukrayna oyunu ilə bağlı danışarkən deyib.

51 yaşlı mütəxəssis 1:1 hesabı ilə başa çatan matçdakı performansı uğursuz adlandırıb. O, Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun istefaya göndərilməsi fikrinə də münasibət bildirib:

“Hər kəs kimi, mən də ümid edirdim ki, Ukrayna yalnız kağız üzərində yox, real oyunda da Azərbaycandan güclü olduğunu sübut edəcək, Bakıda qalib gələcək. Amma nəticə başqa cür oldu.

Matç məndə qarışıq təəssüratlar yaratdı. Fikrimcə, Rebrovu istefaya göndərmək artıq gecdir.

Bu, daha əvvəl, azarkeşlər oyundan və nəticələrdən narazı qalanda edilməliydi. İstər Rebrovun millidəki, istərsə də komandamızın qrupdakı taleyinə İslandiya ilə matçlarda aydınlıq gələcək”.

Kiyev “Dinamo”sunun əfsanəvi futbolçusu və məşqçisi Azərbaycan yığmasının birinci hissədəki çıxışını yüksək qiymətləndirib.

Xatskeviç qarşılaşmanın oynanıldığı Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yararsız olmasının ukraynalıların oyununa mənfi təsir etdiyini düşünür:

“Meydançanın vəziyyətinin ideal olmadığı deyildi. Düzdür, hər iki komanda eyni şəraitdə oynayır.

Amma unutmayaq ki, belə şərait yaradıcılığa və hücuma köklənmiş komandaya daha çətindir. Müdafiə olunan tərəf isə əksinə, belə meydançadan fayda götürür.

Ukraynaya sürətli oynamaq, boşluq tapmaq çətin oldu. Azərbaycan birinci hissədə daha aqressiv və təhlükəli idi, əks-hücumlara çıxmağa çalışırdı.

Ona görə də ikinci hissədə buraxılan qol heç nədən yarandı. Penalti epizoduna görə kimisə günahlandıra bilmərəm. Futbol məhz belə epizodlardan ibarətdir”.

İlk ki turdan sonra D qrupunda Fransanın 6, İslandiyanın 3, Ukrayna və Azərbaycanın isə 1 xalı var.

Seçilən
21
sportinfo.az

1Mənbələr