AZ

Kiyevdə Azərbaycan dilinin tədrisi üzrə fakültativ kursun ilk buraxılışı olub

Kiyevdəki Səməd Vurğun adına Kitabxanada Azərbaycan dilinin öyrənilməsi üzrə fakültativ kursun ilk buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilib. İl ərzində Ukraynanın müxtəlif yerlərindən gələn gənclər Azərbaycan dilini ödənişsiz öyrəniblər. Fakültativ kursun müəllimi İntiqam Şıxızadədir.

TƏHSİL.BİZ  xəbər verir ki, fakültativ kursun təşkilatçısı, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marına Qonçaruk bildirib ki, il ərzində 100-dən çox tələbə bu çərçivədə Azərbaycan dilinin öyrənilməsinə bir neçə aydan bir ilədək vaxt ayırıb. Tam illik təhsil kursunu bitirənlərə sertifikatlar təqdim olunub.

Təşkilatçı qeyd edib: “İştirakçıların əksəriyyəti ukraynalı gənclərdir. Həmçinin kursa gələnlər arasında Ukrayna Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutundan bir elmi işçi və universitet müəllimləri var. Tələbələrin bir neçəsi Azərbaycanəsilli ukraynalıdır. Bir çox müdavim dilin tətbiqi sahəsinə artıq qərar verib: buraya elm, təhsil və sadəcə qeyri-rəsmi ünsiyyət daxildir”.

Onun sözlərinə görə, müharibə şəraitində gənclər üçün pulsuz imkanlar kadrların formalaşmasına şərait yaradır ki, bu da Ukrayna-Azərbaycan münasibətlərində iştirak edənlərin ixtisas səviyyəsini yüksəldəcək, həmçinin yeni mütəxəssisləri cəlb edəcək.

Fakültativ kursun fəaliyyətinə dəstək göstərən ukraynalı hüquqşünas Şəmsi Məhərrəmov bildirib ki, hər bir müdavim Ukrayna və Azərbaycan xalqlarının ümumi gələcəyinə töhfədir. O əlavə edib: “Bu unikal layihəni dəstəkləmək mənim üçün böyük şərəfdir. Bir-birimizin dillərini öyrənməklə biz qəlblərimizi birləşdirir və ümumi gələcəyimizi qururuq. Birillik Azərbaycan dili kursunu bitirən məzunlara sertifikatlar təqdim etdik, yeni müdavimləri qarşıladıq. Bu layihə ukraynalıları və azərbaycanlıları daha da sıx birləşdirir”.

Sonra fakültativ kursu bitirənlərə sertifikatlar təqdim olunub. Onlar bu kurs haqqında təəssüratlarını və Azərbaycan dilindən istifadə ilə bağlı planlarını bölüşüblər.

Tədbir çərçivəsində bir il müddətində Azərbaycan dilini öyrənəcək yeni tələbə qrupu da qarşılanıb. Bunlar Ukrayna-Azərbaycan münasibətlərinə töhfə vermək arzusunda olan ölkənin müxtəlif bölgələrindən gəlmiş ukraynalı gənclərdir. Kursun təşkilatçıları qeyd edirlər ki, Kiyev ilə Bakı arasında strateji əlaqələr intensiv şəkildə inkişaf edir, Ukrayna və Azərbaycan dillərini yüksək səviyyədə bilən mütəxəssislərin bu prosesdə iştirakı çox vacibdir.

Seçilən
9
1
tehsil.biz

2Mənbələr