AZ

Ailənin hər bir üzvünün öz biznesi var - Azərbaycanlı iş adamı

Bu dəfə HafizTimes.com Londonda yaşayan tanınmış iş adamı Nəsib Piriyevlə söhbətləşib. Rus-azərbaycanlı sənaye maqnatı Nizami Piriyevin oğlu bu müsahibədə dəyərlər, sahibkarlıq və Azərbaycanın biznes mühitinin gələcəyi barədə fikirlərini bölüşüb.

– Uzun müddətdir ki, ictimaiyyət sizi “varlı ailənin oğlu” kimi tanıyır. Bu kimliyi daşımaq sizə daha çox üstünlük gətirib, yoxsa daha çox təzyiq və məsuliyyət?

– Həyatdakı bir çox şey kimi, burada hər ikisinin təsiri var. Təbii ki, böyüyərkən müəyyən üstünlüklərim olub. Valideynlərim məni İngiltərədə təhsil almağa göndərə bildilər və 1990-cı illərin əvvəllərində bir çox insan kimi gündəlik ehtiyaclar barədə narahat olmaq məcburiyyətində qalmadım. Amma vəziyyət çox vaxt düzgün anlaşılmır. Biz, postsovet məkanında olan bir çox ailələr kimi sıfırdan başlamışıq. İrsən ötürülmüş kapital və ya nəsildən-nəslə keçən sərvətimiz yox idi. Yalnız qurmaq, yaratmaq arzusu və yoxsulluq var idi.

Məni formalaşdıran isə pul yox, düşüncə tərzi oldu. Bütün ailəmiz sahibkarlıq ruhu ilə doludur və bu mənə çox təsir etdi. Hər bir Piriyev öz yolunu gedir – heç biri dövlət orqanlarında çalışmayıb və ya korporativ karyera yolu tutmayıb. Bu yaxınlarda Kembric şəhərindəki Homerton Kollecində tələbələr, sahibkarlar və iş adamları qarşısında çıxış edərkən bunu bir daha xatırladım. Çıxışım zamanı mən ilk layihəmdən bəhs etdim, yadıma düşdükcə o layihə hələ də məni güldürür.

Hardasa 16 yaşım var idi, Moskvada yaşayırdım. Yayda nənəmi ziyarət etmək üçün Gəncəyə getmişdim. O vaxt məktəbin qarşısında şirniyyat və ya popkorn satışı yox idi. Beləliklə, Gəncədə əvvəllər heç görülməmiş böyük bir popkorn maşını aldım. Qablaşdırmanı özüm hazırladım, xammalları topladım və əmim uşaqları ilə birlikdə Gəncə şəhər 1 nömrəli məktəbin qarşısında kiçik bir satıcı köşkü qurduq. Bir həftə ərzində çox məşhurlaşdıq – bu popkorn maşını Gəncəyə əməlli-başlı səs-küy saldı. Sonra yəqin ki, kimsə nənəmə şikayət etdi, o da oranı bağladı! Beləliklə, mənim “inzibati qaydalarla” ilk tanışlığım başladı. Amma o səs-küylü maşın nənəmin mətbəxində qaldı və ürəyimiz istədiyi vaxt popkorn bişirib yeyə bildik, amma evdə. Allah rəhmət eləsin.

O vaxtdan bəri bir çox təşəbbüslərim oldu. Bəziləri uğurlu oldu, bəziləri yox. Nəticələrdən asılı olmayaraq, yeni bir fikri reallığa çevirmək hissini həmişə sevmişəm. Adamları tapıb onları inandırmaq, hüquqi çətinliklərin öhdəsindən gəlmək, yeni işə başlamaq, insanlar üçün yeni iş yerləri yaratmaq və qarşıya çıxan problemləri həll edib pul qazanmaq.

Eyni zamanda, ailəmin adı ilə gələn məsuliyyəti də hər zaman dərk etmişəm. Bizim ailənin üzvləri Birləşmiş Krallıqda, ABŞ-da, İtaliyada, Almaniyada, Rusiyada, Türkiyədə və əlbəttə ki, Azərbaycanda yaşayırlar. Kökümlə belə bir bağlılıqda olmaq bir tərəfdən böyük üstünlükdürsə, digər tərəfdən də üzərimdə bir təzyiqdir.

Bəli, iş dünyasına atılanda digərləri ilə müqayisədə mənim müəyyən üstünlüklərim olub. Amma qəti inanıram ki, həqiqi miras, həqiqi üstünlük kapital yox, düşüncə tərzidir. Hər kəsin qurub-yaratmaq eşqi ilə yaşadığı, uğursuzluğa düçar olduğu, səhvlərindən öyrəndiyi, nəticə çıxarıb yenidən quruculuqla məşğul olduğu bir ailədə böyümək əvəzedilməzdir. Mən onu heç nəyə dəyişmərəm.

– Atanız Nizami Piriyev Azərbaycanın sənaye və biznes tarixində əsas simalardan biridir. Onun hansı prinsipi sizin həyatınıza və qərarlarınıza böyük təsir göstərib?

– Atam həmişə qətiyyətli bir sahibkar olub və sözün əsl mənasında riskə gedən bir adamdır. O, 1980-ci illərin sonlarında, hələ Sovet dövründə, özünün ilk kooperativ biznesini qurub. Sonra, SSRİ-nin dağılması ilə demək olar ki, eyni vaxtda, “nə olursa olsun” deyə Arkansas ştatına gedib və bizim qrupun ABŞ-da ilk özəl şirkətini yaradıb. O vaxtlar bütün bölgəmizdə insanlar hələ kiçik köşkləri necə işlətməyin yollarını axtararkən, atam okeanın o tayında, Amerikada böyük bir biznes qurmaqla məşğul idi. Hətta o vaxtlar gənc və perspektivli qubernator olan Bill Klintondan Little Rock şəhərinin Fəxri Sakini mükafatını aldı və daha sonra Ağ Evdə rəsmi şəkildə qeydiyyatdan keçmiş Azərbaycanın ilk lobbiçisi oldu.

Düşünürəm ki, bu, Nizami Piriyev haqqında çox şeyi izah edir. Mən də atamdan hər zaman hədəfləri üstün tutmaq, heç kimin cəsarət etmədiyi yeni bir iş görməyə cəhd etməkdən qorxmamaq xüsusiyyətini öyrəndim. Məncə, bu instinkt indi də mənim iş tərzimə genetik olaraq sirayət edib. Baxmayaraq ki, biz fərqli yollar tutmuşuq və çox fərqli yanaşmalarımız var, qurub-yaratmaq, riskə getmək və mövcud normalara meydan oxumaq instinkti hər ikimizdə var. Təhlükəsiz alanda oynamaq bizim təbiətimizdə heç vaxt olmayıb.

Mənim Nizami Piriyevdən öyrəndiyim ən böyük dərs – vizyona sahib olmaq və cəsarətlə irəli getməkdən qorxmamaq oldu. Məhz bu cür düşüncə tərzinə sahib olan insanlar zamanı qabaqlaya bilirlər. Bu düşüncə tərzi mənim də layihələrə yanaşmamda əsas rol oynayır. Qısası, iş üsullarımız fərqli olsa da, biznesə yanaşma ruhu ondan eynilə mənə də keçib.

– Ailənizdə biznes qərarları kollektiv şəkildəmi qəbul olunur, yoxsa hər üzvün öz sahəsi və müstəqilliyi varmı?

– Ailənin hər bir üzvünün öz biznesi var və onu idarə etməkdə tam azadlığa sahibdir. Təbii ki, çox ailələrdə olduğu kimi, yaşlıların təsiri olur – xüsusilə şəxsi və ya ailəvi məsələlərdə. Amma biznesə gələndə hər birimizin öz funksiyası var.

Bəzən bir araya gəlirik, xüsusən də layihənin miqyası və ya mürəkkəbliyi bunu tələb etdikdə. Məsələn, atamla birlikdə 2008-ci ildə başladığımız və 2014-cü ildə başa çatdırdığımız Bakıda Metanol Zavodunu inşa etdik. Amma bu bir istisna hal idi. Çox vaxt müstəqil işləyirik və bu, mənim gənclik illərimi formalaşdıran bir çox mənəvi sütunlardan biridir və ümid edirəm ki, öz övladlarımın həyatında da bunu tətbiq edə biləcəyəm.

Əslində, böyük oğlum hazırda idman və əyləncə layihələrimizdə, o cümlədən 360Sports-da çalışır, amma o, həm də kripto və rəqəmsal aktivlər sahəsində öz təşəbbüslərini artıq reallaşdırıb. Hər əmim və əmioğlum fərqli sahədədir: tikinti, daşınmaz əmlak, logistika, ticarət. Bacım isə incəsənət və mədəniyyət sahəsində çalışır, sərgilər təşkil edir və videoart layihələri istehsal edir. Gördüyünüz kimi, çox fərqli və geniş sahələrdə çalışırıq.

Bununla belə, biz bir-birimizlə məsləhətləşirik. Fikirlərimizi bölüşür, rəy veririk və bir-birimizin təcrübəsindən yararlanırıq. Məncə, əksər ailələr bunu müəyyən qədər edir.

Biz bir vahid struktur və ya rəsmi qrup kimi fəaliyyət göstərmirik. Amma bizi bir yerdə saxlayan nəsə var, görünməz tellər kimi. Hamımız elə bil bir tezlikdə əlaqədəyik. Mən tez-tez deyirəm: biz daha çox gecə yarısı caz qrupunun improvizasiya seansına oxşayırıq, klassik simfonik orkestraya yox. İmprovizasiya edən fərdi çalışsa da, amma yenə də qrupla bir harmoniya halındadır.

– Əgər ailəniz bu qədər tanınmış və imtiyazlı olmasaydı, Nəsib Piriyev bu gün kim olardı?

– Məncə, rejissor olardım. Həm də hekayəyə hər şeyini qatan rejissor. Çünki başqa heç nə o qədər cəlbedici görünmür. Kino mənim üçün belə olub, hal-hazırda da elə olaraq qalır.

Sizə deyim ki, dərin məzmunlu, unikal bir film yaratmaq arzusu ilə “Sonuncu” adlı qısametrajlı filmi də Azərbaycan dilində mən istehsal etmişəm. Tamaşaçıların həqiqəti hiss edib ona toxuna biləcəyi bir film istəyirdik. Mən istedadlı bir komanda ilə işləmək şansı qazandım. Allahın yardımı ilə çəkdiyimiz bu kiçik və sakit filmin səsi uzaqlardan gəlməyə başladı. Bu film Azərbaycan dilində olan ilk film kimi Seuldan San-Pauloya qədər bir çox nüfuzlu festivallarda mükafatlar qazandı və Kann Film Festivalının rəsmi proqramına seçildi. Həmin o anlar mənim üçün çox dəyərli idi. Təkcə ona görə yox ki, filmə böyük maraq yaranmışdı. Həm də ona görə ki, biz məhz öz dilimizdə film ərsəyə gətirə bilmişdik.

Təbii ki, ailə biznesinin də öz cazibəsi vardı. Ona görə də mən kinematoqrafiya ilə dərindən məşğul olmağa və bu işə özümü layiqincə həsr etməyə kifayət qədər zaman ayıra bilmədim. Ailə biznesi içində böyüyərkən sən daima nə isə idarə etməlisən, qurub-yaratmalısan və ya qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün cəhdlər göstərməlisən. Ona görə də incəsənətlə məşğul olmaq üçün vaxt tapmaq çətin olur. Amma real bədii film çəkilişi ilə məşğul olmaq istəyirsənsə, sən gərək bu işdən bir an da olsun diqqəti yayındırmayasan. Gərək ruhən bu işə təslim olmağa, özünü və həyatını ona həsr etməyə hazır olasan. Zənnimcə, əsl sənətkar olmaq istəyən kəs məhz bu cür davranmalıdır. Amma o əvvəlki yolum da, kinoya olan həvəsim də məni heç zaman tərk etmədi.

Sualınıza qayıtsaq isə, səndən müəyyən gözləntilər və məsuliyyət tələb edən tanınmış bir ailədə doğulmasaydım, düşünürəm ki, məhz sənətkar olmaq yolunu tutardım. Həyat hekayələrini bədii dildə anlatmağa çalışan rejissor olardım. Kim bilir, bəlkə bir gün yenidən o yola qayıdaram. Alınmasa, əmin olun ki, xəyallarımda onu yaşatmaqdan heç vaz keçməyəcəm.

– Xaricdə aldığınız təhsil və iş təcrübəsi Azərbaycanın biznes modellərinə baxış tərzinizə necə təsir edir?

– Azərbaycan unikal bir yerdir. Buradakı insanların fürsəti hiss etmək qabiliyyəti möhtəşəmdir. Hətta güclü institutlar və ya geniş, sərbəst fəaliyyət üçün iqtisadi şərait, imkanlar olmadığı hallarda belə, bizim insanlar dəyər yaratmağın yollarını bir cür tapırlar. Məhz bu əvəzedilməz sahibkarlıq ruhu bizim mədəniyyətimizdə ən çox hörmət etdiyim, deyərdim ki, heyran olduğum özünəməxsus xüsusiyyətdir. Bu, bir Allah vergisidir. Amma gənc istedadlı insanların özlərini təsdiq etmələri üçün necə müvafiq şərait lazımdırsa, bu xüsusiyyətin də özünü tam üzə çıxarması və inkişaf etməsi üçün müvafiq şərait tələb olunur.

Azərbaycanın biznes mühitində gördüyüm ən böyük çətinliklərdən biri korporativ modellərin və sistemlərin olmamasıdır. Həqiqi korporativ mədəniyyət çatışmır – yəni idarəetmə, proseslər, hesabatlılıq və uzunmüddətli planlaşdırmaya üstünlük verən bir mədəniyyət. Bakıda işləyərkən mənim əsas məqsədlərimdən biri də dünyanın inkişaf etmiş dövlətlərində geniş tətbiq olunan korporativ idarəetmə təcrübəsini ölkəmizə gətirmək idi. Biz öz şirkətlərimizdə bu idarəetmə strukturlarını yaratmaq üçün Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə tərəfdaşlıq etməyə başladıq.

Yerli işçi heyətimizin bu yeni idarəetmə qaydalarını nə qədər çevik və sürətlə öyrənib tətbiq etməyə meyilli olduqlarını görmək möhtəşəm və qürurverici idi. Sonradan onların bir çoxu əxz etdikləri bu yeni bilik və bacarıqlardan faydalanaraq həm Azərbaycanda, həm də ölkəmizdən çox-çox uzaqlarda özlərinə gözəl karyeralar qurdular.

Bu təcrübə mənə bir şeyi öyrətdi: yerli azərbaycanlı motivasiyası ilə beynəlxalq korporativ bilik və bacarıqların kombinasiyası inanılmaz bir güc mənbəyinə çevrilir. Bu istedad məsələsi deyil, bizim xalq istedadlı xalqdır. Məsələ o istedadın üzə çıxıb parlaması üçün doğru mühitin yaradılmasıdır.

Və həqiqi boşluq da buradadır; işlək bank sistemi, inkişaf etmiş sənaye müəssisələri, kapital bazarları, güclü orta sinif və tənzimləyici funksiyalar daşıyan dövlət orqanlarının dəstəyi çox vacibdir. Sağlam ekosistem olmadan bizneslər inkişaf edə bilməz.

Bu ekosistemin yaranmasının işarələri 2000-ci illərin sonu və 2010-cu illərin əvvəllərində görünürdü, o vaxt Bakıda özəl sektorun canlanması vardı. Yeni sənayelər, ailə biznesləri, beynəlxalq təşəbbüslər görürdünüz… amma 2015 maliyyə böhranından sonra özəl sektor kiçildi. Yeni iş görməyə olan inam hissi sönməyə başladı.

Mən hələ də inanıram ki, Azərbaycan yenidən inkişaf yoluna qayıda bilər. Burada çox böyük potensial var. Amma bu, hökumətdən, özəl sektordan, təhsil verənlərdən, investorlar və gənc biznes liderlərindən böyük zəhmət və səylər tələb edir.

– Azərbaycanlı zəngin ailələrin sosial məsuliyyəti barədə fikirləriniz nədir? Sizcə, belə ailələr ölkənin intellektual və sosial inkişafına daha fəal töhfə verməlidirmi?

– Bizim kimi siyasi mühitdə böyük miqyaslı xeyriyyə fəaliyyətləri yanlış başa düşülə bilər. Ona görə də nədən bəzi ailələrin xeyriyyəçilik işlərini sakit bir şəkildə, diqqət cəlb etmədən həyata keçirmələrini başa düşürəm.

Bununla yanaşı, gələcək alimlər nəslinin yetişdirilməsinə töhvə vermək məqsədilə kimya ixtisası üzrətəhsil alan tələbələr üçün təqaüd proqramı təsis etdik.

Başqa bir unudulmaz layihəmiz isə yeni qastronomik yemək salonumuz Port Bazarın tanıtım kampaniyasının bir hissəsi olaraq Ennio Morriconeni Bakıya gətirmək idi. Əvvəlcə mərhum Maestro yalnız İtaliyadan olan öz orkestri ilə çıxış etməyə razılıq vermişdi. Mən isə onu Azərbaycan Dövlət Simfonik Orkestri ilə əməkdaşlıq etməyə inandıra bildim. Bu riskli bir iş idi, çünki bizim orkestrin üzvləri onun musiqisi ilə tanış deyildilər və o da təbii ki, tərəddüd edirdi. Nəhayət, Maestro razılaşdı, kiçik bir əsas musiqiçi qrupu ilə Azərbaycana gəldi və bizim orkestrlə bərabər yeddi intensiv məşqlər keçirdilər.Onlar “The Good, The Bad andThe Ugly”, “Cinema Paradiso” və “Gabriel’s Oboe” kimi məhşur əsərləri bərabər işlədilər. Ardınca möhtəşəm bir konsert oldu və mən inanıram ki, bu, Milli Orkestrimizin bədii səviyyəsinin yüksəlməsinə öz töhfəsini verdi.

Biznesimizin pərakəndə qrupunu idarə edərkən, son layihələrimdən biri Bakıda Uşaqlar Aləmi Ticarət Mərkəzinin yaradılması oldu. Bunun tərkibində Azərbaycanda Barselona Futbol Klubunun ilk rəsmi düşərgəsini açdıq. O an həyatımın hələ də ən qürur duyduğum anlardan biridir. Kataloniyadan məşqçiləri və klubun bir neçə keçmiş ulduzunu Bakıya gətirdik. Yüzlərlə uşaq Azərbaycanın müxtəlif bölgələrindən məşqlərə gəldi. Məşq meydançasındakı möhtəşəm enerjini görmək çox qürur verici bir hiss idi. Məqsədimiz bunu daimi akademiyaya çevirmək idi, amma vəziyyət bizi ölkəni tərk etməyə məcbur etdi.

Mən gördüyümüz işlər barədə danışmağa yenə də davam edə bilərəm, amma istəmirəm ku, bu müsahibə şirkətlərimizin təbliğatı kimi qələmə verilsin.

– Niyə düşünürsünüz ki, Azərbaycanda sahibkarlıq mühiti hələ də inkişaf etməyib? Sizcə, əsas maneələr nələrdir?

– Bu sözləri demək mənim üçün ağırdır, amma reallıq budur ki, Azərbaycanda hələ sağlam, müstəqil özəl sektor yoxdur. Bu, biznesin siyasətlə necə sıx bağlı olması ilə tam əlaqəlidir. Bu, hər zaman müəyyən dərəcədə problem olub, amma son onillikdə mənim fikrimcə, real iqtisadi inkişafın qarşısındakı ən böyük əngələ çevrilib.

Bir çox hallarda yeni bir biznesə başlamaq və ya yeni bir sektorda özünü sınamaq istəyəndə işləri öncədən planlamaq və ya proqnozlaşdırmaq müşkül olur. Özü də bunun səbəbi təkcə bazar riskləri deyil. Çox vaxt əsas səbəb o olur ki, qaydalar dəyişə bilir və qeyri-rəsmi gözləntilər meydana çıxır. Bu da öz növbəsində real investisiya və innovasiyanı təşviq etməyən bir qeyri-müəyyənliyin meydana çıxmasına gətirib çıxarır. Sistem şəffaf olmayanda insanlar ehtiyatlı davranmaq məcburiyyətində qalır.

Bundan əlavə, istər məhkəmə sistemi, dövlətin tənzimləyici funksiyalarını daşıyan strukturlar, istərsə də bank sistemi kimi institutlara olan inam aşağı səviyyədə olanda, sahibkarlar ya bizneslərini böyütməyərək kiçik saxlamağa üstünlük verir, ya ölkəni tərk edir, ya fəaliyyətlərini qeyri-rəsmi çərçivəyə keçirir, ya da maraqlarını spekulyativ sahələrə yönəldirlər.

Bakıda işlədiyim zaman mən parlaq gənc mütəxəssislərin, maraqlı yeni sahələrin və real özəl sektorun başlanğıcının böyük potensialını gördüm. Biz bunu güclü korporativ mədəniyyətlər qurmaq, beynəlxalq təcrübə gətirmək və yerli istedadı dəstəkləməklə böyütməyə çalışdıq. Amma bunu genişləndirmək üçün təhsil, maliyyə, infrastruktur və idarəetməni özündə birləşdirən tam bir ekosistem lazımdır, bütün bunlar harmoniyada işləməlidir.

Mən dünyanın bir çox yerində çalışmışam və bilirəm ki, heç bir ölkə mükəmməl deyil. Hər bazarın öz mürəkkəbliyi var. Amma yetkin ekosistemləri fərqləndirən şey proqnozlaşdırıla bilmək və ədalət dərəcəsidir; insanlar hiss etməlidirlər ki, mütləq “yuxarılarla” əlaqələrə malik olmaq və ya “yuxarıdan” qeyri-rəsmi icazələr almaq deyil, məhz gərgin zəhmət çəkmələri və bir də vizyona sahib olmaları gərəkir.

Mən ümidliyəm. Azərbaycanda bütün elementlər var: istedad, ambisiya, enerji. İndi lazım olan sistemli dəstəkdir ki, sahibkarlar tərəddüd etmədən inşa edə bilsinlər. Bu dəyişiklik baş verdikdə, inanıram ki, tamamilə yeni bir yaradıcı və iş adamları nəsli ortaya çıxacaq.

– Siz Azərbaycan mediasına olan etimadsızlığınızı vurğulamısınız. Sizcə, jurnalistika ilə sizin kimi şəxslər arasında daha sağlam və etibarlı münasibətlərin qurulması üçün hansı dəyişikliklər zəruridir?

– Ən başlıcası və ən vacibi odur ki, jurnalistlər müsahibəyə hazırlaşarkən, necə deyərlər, öz ev tapşırıqlarına ciddi məsuliyyətlə yanaşmalı və hazırlıqlı olmalıdırlar. Araşdırma aparmaq, yaxşı hazırlıq görmək və obyektiv olmaq seçim deyil, oxucu qarşısında borcdur. Təəssüf ki, çox vaxt ya birtərəfli, ya da tamamilə yoxlanılmamış məlumatlara əsaslanan materiallar görürəm. Bu, təkrarlandıqca mediaya inam elə azalır ki, sonda ictimai həyatdan tamamilə çəkilir.

Bu gün Azərbaycanda medianın böyük hissəsi ya siyasi, ya da kommersiya təzyiqi altında fəaliyyət göstərir. Heç kimə sirr deyil ki, özünüz haqqında xoş bir yazı dərc etdirmək üçün pul ödəyə bilərsiniz – yaxud da eyni asanlıqla kiminsə nüfuzuna zərər vurmaq üçün. Bu isə ciddi iş qurmaq və ya nüfuz formalaşdırmaq istəyən insanlar üçün çox çətin mühit yaradır. Növbəti yazının faktlara əsaslanacağını, yoxsa hansısa sifarişin nəticəsi olacağını bilə bilmirsiniz.

Mən bununla bağlı yaşadığım şəxsi bir təcrübəni sizinlə paylaşım. 2015-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyi mənim barəmdə İnterpol vasitəsilə “Qırmızı bülleten” yayımladı. İddialar tamamilə əsassız idi – sənədləri oxuyan hər kəs bunu görə bilərdi. Amma buna baxmayaraq, Azərbaycan mediası bu xəbəri dərhal, hər yerdə, bircə sual belə vermədən yayımladı. Sonradan mən rəsmi şikayət verdikdən sonra, İnterpol işi yenidən araşdırdı və Baş Assambleya həmin orderi tam şəkildə ləğv etdi. Onlar qərara gəldilər ki, bu sənəd hüquqi baxımdan əsassızdır və heç bir qüvvəsi yoxdur. Bu, açıq şəkildə və ictimai qaydada bəraət demək idi. Amma Azərbaycanda heç bir media qurumu bunu işıqlandırmadı. Bax, biz məhz belə bir təhriflə qarşı-qarşıyayıq.

Bütün bunlara baxmayaraq, mən yenə də ümidliyəm. Daha çox araşdırma jurnalistikasına ehtiyac var. Dürüst və açıq debatlara ehtiyac var. Eyni zamanda, tərəfsizlik etikasına və qaydalarına hörmətlə yanaşmaqla əsas diqqəti keyfiyyətli yayımçılığa yönəldən rəqəmsal platformalara da ehtiyac var.

Təbii ki, bu, daha geniş bir məsələnin tərkib hissəsidir. Sağlam media mühiti ifadə azadlığına, fikir müxtəlifliyinə və jurnalistlərin qorxu və ya təzyiq olmadan işləyə bilməsinə əsaslanır. Media müstəqil və etibarlı olduqda, bu, hər kəsin xeyrinədir. Sağlam münasibətlər sağlam ölkənin təməlidir, xüsusilə də həqiqətlə onu yaymaqla məsul olan media arasındakı münasibətlər.

– Media çox vaxt ailənizi ya tərif, ya da tənqid mövzusu kimi istifadə edib. Sizcə, bu təqdimat ictimaiyyətin sizin həqiqi kimliyiniz barədə təsəvvürünü necə təhrif edib?

– Bu, çətin, amma ədalətli sualdır. Cavabı qısa və bütün həssas məqamları nəzərə alaraq verməyə çalışacağam. Ailəmiz 1990-cı illərin əvvəllərindən bəri Azərbaycanın özəl sektorunda fəaldır. Biz sərmayələr qoymuş, şirkətlər qurmuş, iş yerləri yaratmış və toxunduğumuz hər layihəyə beynəlxalq standartlar gətirməyə çalışmışıq. Bu fəaliyyətin nəticələri ortadadır və özü-özünü göstərir.

2015-ci ildə Beynəlxalq Bankla (IBA) bağlı böhran baş verəndə, hekayə demək olar ki, bir gecədə dəyişdi. Media artıq mənim işimin reallığını əks etdirmir, əksinə, məni siyasi və kommersiya maraqlarının prizmasından təqdim etməyə başladı. Mürəkkəb faktlar sensasion başlıqlara endirildi. Nailiyyətlər gözardı edildi, niyyətlərim yanlış təqdim olundu, kontekst isə tamamilə aradan qaldırıldı.

Nəticədə bir çoxları üçün onlara göstərilən ictimai obraz, əslində, mənim kim olduğum deyildi – bu, münaqişə və qalmaqalların formalaşdırdığı təhrif olunmuş bir portret idi. Halbuki mən, dağıtmaq və ya sui-istifadə etmək deyil, yaratmaq və töhfə vermək istəyən biriyəm.

Məhz buna görə də mən çox zaman Azərbaycan mediasından uzaq durmağa çalışmışam. Əksər hallarda mətbuatın göstərdiyi “mən” həqiqi deyildi. Onlar sanki insan taleyi ilə ilgilənməyib, sadəcə manşet başlığının dalınca qaçırdılar. Həqiqət isə daha sadədir: mən həyatımı dəyərli işlər qurmağa, insanlar üçün iş yerləri və imkanlar yaratmağa və hansı işlə məşğul oluramsa olum, o işi başladığım yerdən daha yaxşı vəziyyətdə buraxmağa sərf etmişəm. Mənim kimliyimin, mənim şəxsiyyətimin əsasını haqqımda mətbuatda çıxan ittihamlar və ya təriflər deyil, gördüyüm işlər və qoruduğum prinsiplər müəyyən edir.

– Bəs xaricdə yaşamaq və işləmək sizə hansı dəyərləri və baxış bucaqlarını qazandırdı?

– Mən 14 yaşımda, İngiltərədə yatılı məktəbə getmək üçün evdən ayrıldığım vaxtdan bəri köçəri bir həyat yaşamışam. İlk öyrəndiyim dərslərdən biri sadə, amma qalıcı idi: haradan gəldiyini heç vaxt unutma. Sənin köklərin səninlə qalır. Hara qədər getsən də, dünyada necə hərəkət etdiyini onlar formalaşdırır.

Eyni zamanda, mən başqa mədəniyyətlərdən öyrənməyə dərindən inanıram. Dünya heç vaxt indiki qədər bir-birinə belə sıx bağlı olmayıb və bu, faydalanmaq üçün böyük bir fürsətdir. İnsanları onların şərtləri ilə anlaya bilmək, onların mədəniyyətinə qərq olmaq asan öyrənilən, amma illər boyu mənim üçün çox faydalı olmuş bir bacarıqdır.

Bunun əksinə olaraq, 1990-cı illərdə Moskvada böyüyərkən, gənclərin necə asanlıqla təhlükəli dairələrə düşə biləcəyini gördüm. Həyat heç nəyi zəmanətlə vermir. Təzyiq, itki, risk gətirir – və bunlardan sonsuza qədər qaça bilməzsən. Bir nöqtədə, onlara birbaşa baxmaq məcburiyyətindəsən. Mənim özümdə də apardığım başqa bir dərs budur: həyatı rahatlıq üzərində qurmağa çalışma. Səni sındırmadan stresi daşımağı öyrən. Bu fikrə qarşı müqaviməti dayandırdığım andan etibarən daha sakitləşdim. Təzyiqi idarə etməkdə daha aydın oldum.

Son 12 ili Böyük Britaniya və Avropada keçirmək mənə müxtəlif dünyagörüşlərinin necə qarşılıqlı təsir göstərdiyini – və göstərmədiyi zaman nə qədər çətinlik yarandığını yaxından görməyə imkan verdi. Qərb məntiqi çox vaxt digər bölgələrin, bizim də daxil olduğumuz bölgələrin məntiqi ilə toqquşur. Qarşı tərəfin tarixini və düşüncə tərzini anlamadan ortaq məxrəcə gəlmək mümkün deyil. Bu, siyasətdə olduğu kimi biznesdə də keçərlidir, çünki kontektsiz danışıqlar sadəcə işləmir.

Etibarlı, güvənilir insan bu günün dünyasının ən nadir sərvətinə çevrilib. İnsanlar müqavilələrdən və sistemlərdən danışır, amma əslində çox vaxt hər şey xarakterə dayanır. Ya insanların işləyə biləcəyi bir reputasiyan var, ya da yoxdur. Əgər sən sözünün üstündə dayanan, intizamlı və qarşındakının gözünə düz baxa bilən biri kimi tanınırsansa – bu, qapılar açır. Reputasiya hər şeydir.

Mən xaricdə həm bu tənliyin hər iki tərəfini daşıya bilən çox azərbaycanlı görmüşəm. Biz haradan gəldiyimizi unutmuruq. Amma eyni zamanda yeni mühitlərə uyğunlaşırıq, onların bizə verə biləcəklərini mənimsəyirik. Həyata birbaşa baxırıq. Və mənalı bir reputasiya qurmağa çalışırıq. Mənim fikrimcə, bu, qızıl tarazlıqdır və hər bir iş adamının çalışmalı olduğu hədəfdir.

– Sizi tanıyanlar təvazökar və soyuqqanlı biri kimi təsvir edirlər. Bu xüsusiyyətiniz uğur yolunuzda sizə kömək edib, yoxsa əksinə, mane olub?

– Təşəkkür edirəm, amma mən, əlbəttə ki, həmişə soyuqqanlı olmuram, xüsusilə də futbol izləyərkən və sevimli komandam uduzanda!

Təvazökarlığa gəlincə, mən oğullarıma öyrətməyə çalışıram ki, insanı dəyərləndirməyin yeganə həqiqi ölçüsü onun mənəvi keyfiyyətləridir. 80-ci illərin və 90-cı illərin əvvəllərinin Bakısında böyüyərkən həyat daha sadə idi, status isə indiki qədər önəm daşımırdı. Məktəb həyətlərində, futbol meydançalarında, küçə künclərində hamı sadə ailələrdən gəlirdi. Hörmət qazanmaq üçün ayaqda çevik olmalı, idmanda bacarıqlı, zarafatcıl, cəsarətli, dostlarına sədaqətli olmalı idin. Güclülərin zəifləri qoruması gözlənilirdi. Biz belə böyüdük.

Elə bil şəhər dəyişib. Bu gün çox vaxt uğur başqa cür ölçülür – bahalı maşının, cangüdənlərin sayı, üzərindəki geyimin markası, ya da “Instagram”da nümayiş etdirdiyin tətil fotoları kimi maddi və görüntüyə əsaslanan bir statusla. Bu, o demək deyil ki, əsas dəyərlər yoxa çıxıb – mən inanıram ki, əksər Azərbaycan ailələri hələ də bizim böyüdüyümüz o dərin prinsipləri övladlarına ötürürlər – sadəcə, onlar ictimai həyatda əvvəlki kimi aydın görünmür. İndi mahiyyətdən çox zahirə dəyər verilir.

Bəlkə də bu, müasir dünyanın təbii inkişaf yoludur. Amma mən hələ də düşünürəm ki, təvazökarlıq, dürüstlük və təzyiq altında soyuqqanlı qalmaq zahiri görünüşdən daha önəmlidir. Mən belə böyüdüm və özümün bu versiyasını həm qoruyub saxlamağa, həm də övladlarıma ötürməyə çalışıram.

– Şanlı Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsi barədə düşüncələriniz nədir? Şuşaya və ya bölgənin digər yerlərinə getmək istərdinizmi? Bu, sizin üçün şəxsi olaraq nə ifadə edir?

– 2020-ci ilin həmin payız günlərində, Qarabağ müharibəsi ilə bağlı xəbərlər bizə çatanda mən Londonda idim. Xaricdə yaşayan çoxlu azərbaycanlı kimi həmin həftələri böyük gərginlik içində yaşadım. Məsafəcə Azərbaycandan uzaq olsaq da, qəlbimiz vətəndəkilərlə döyünürdü. Gözümüz dostlardan gələn mesajlarda, ailədən gələn zənglərdə, fotolarda və xəbər manşetlərində qalmışdı. Fiziki olaraq vətəndə olmasam da, o qürurverici günlərin hər anını emosional olaraq hiss edirdim.

Mənim köklərim atam tərəfdən Zəngilana, anam tərəfdən isə Qubadlıya gedib çıxır. Onilliklər boyu ailəm – minlərlə başqaları kimi – itirilmiş torpaqların kədərini səssiz-sədasız daşıyıb. Bu torpaqların azad olunması o tarixi silmədi, amma ona bir növ tamamlanma verdi. Ardınca gələn hissləri təsvir etmək çətin idi: rahatlıq, qürur və uzun illər gözlənilən bir ləyaqət duyğusunun qarışığı.

Əməliyyatın planlanması və icrası qeyri-adi bir intizam və uzaqgörənlik nümayiş etdirdi. Biz ölkə rəhbərliyinə, xüsusilə də döyüşən, yaralanan və ya həyatını itirən əsgər və zabitlərimizə dərin hörmət borcluyuq. Bu, milli kimliyimizin formalaşmasına yardım edən bir an, bizim özümüzə və başqalarının bizə baxışına təsir edən dönüş nöqtəsi idi.

O vaxt mən uzaqdan da olsa nəsə etməli olduğumu hiss edirdim. Xatırlayıram, Londonda küçələrdə Azərbaycana qarşı etirazlar, plakatlar, şüarlar görürdüm. Mən bunlara yalnız bacara bildiyim bir şəkildə cavab verdim – mədəniyyətin təsir gücü ilə. BBC Radio 4-də bir müsahibə verdim, Qarabağın zəngin bədii və musiqi irsi – Şuşa mirası, muğam səsləri, Üzeyir Hacıbəyli və Vaqif Mustafazadənin təsiri barədə danışdım. Bu siyasi yox, insani bir mesaj idi. Belə bir açıq xatırlatma ki, bu bölgə yalnız bir torpaq parçası deyil, bizim mədəni yaddaşımızın ruhudur. Düzdür, dediklərimin çoxu efirdən kəsildi, amma mahiyyət qaldı. İnanıram ki, həmin gün Böyük Britaniyada bəzi dinləyicilər bizim haqqımızda yeni, təravətli bir baxış eşidə bildilər.

Qarabağa son səfərim 1988-ci ildə olub. İndi ora qayıtmaq mənim üçün sözlə ifadə edə bilməyəcəyim qədər dərin mənalar daşıyır. Babam Nəsib Paşa oğlu Piriyev Zəngilanda dəfn olunub. Mən onun qəbrini uşaq vaxtımdan bəri ziyarət etməmişəm. Bu, içimdə daşıdığım və mütləq həyata keçirməli olduğum bir borcdur. Məmmədbəyli kəndindəki 1 nömrəli məktəb babamın adını daşıyır. Ora getmək, müəllimlərlə görüşmək, məktəbin inkişafına dəstək olmaq istəyirəm. Bu, mənim üçün həm bir vəzifədir, həm də içdən gələn bir arzumdur.

Azərbaycanı qarşıda çox böyük bir vəzifə gözləyir. Qarabağı bərpa etmək – uzun müddət yoxluq içində qalmış bir bölgəyə həyat, ləyaqət və imkanları qaytarmaq deməkdir. Amma bu iş bir yük deyil, milli bir missiyadır. Eyni zamanda ürəyimi böyük bir ümidlə dolduran bir məsələdir.

–Son zamanlar oxuduğunuz ən təsirli kitab hansıdır? Həmin kitabdan hansı fikir və ya mesaj dünyagörüşünüzdə dərin iz buraxdı?

– Təhsilimin media və kino istehsalı sahəsində olması səbəbindən, hərdən yenidən bədii ədəbiyyata qayıdıram – təkcə oxumaq üçün yox, yazmaq üçün də. Hekayələr, ssenarilər, dialoq parçaları, yarımçıq səhnələr üzərində işləyirəm. Bunlar ya dəftərlərdə, ya da noutbukumun bir küncündə “yaşayır”. Bu, peşəkar fəaliyyət deyil, sadəcə məndən heç vaxt ayrılmayan bir hissdir. Gəncliyimlə və ruhumda hələ də yaşayan yaradıcılıqla əlaqə saxlamağın bir yoludur və düşünürəm ki, bu yaradıcılıq övladlarıma da keçib.

O ruh halında olanda çox geniş oxuyuram. Bu yaxınlarda yeniyetməlik illərimdən bəri əlimə almadığım bir kitaba qayıtdım: Frans Kafkanın məşhur “Məhkəmə” romanına. Qəribədir, biz yaşa dolduqca bəzi kitabların ağırlıq yükünün də necə artdığını hiss edirik. “Məhkəmə” də onlardan biridir. Bu, bir səhər oyandığında niyə həbs edildiyini bilmədən özünü tutulmuş halda tapan bir adamın hekayəsidir. Heç vaxt rəsmi ittiham irəli sürülmür. Heç bir suala cavab verilmir. Və sonunda mənəvi cəhətdən onun axırına çıxan, qeyri-müəyyən, soyuq və abstrakt bir proses başlayır. Cəza sisteminin işləmə mexanizmi amansızdır, lakin sistemin içində olan heç kim bu mexanizmin necə işlədiyini tam izah edə bilmir. Bu mexanizmdə xüsusi olaraq bir “pis adam” rolunu oynayan birisi olmur. Sadəcə olaraq cəza sistemi özü insan taleyinə biganədir.

Bu dəfə onu fərqli gözlərlə oxudum. Artıq bir tələbə kimi yox, məhz həmin sistemlərlə, institutlarla və onların soyuqluğu ilə üzləşmiş biri kimi. Bürokratiyanın sakit zorakılığı. Sənin adının, heç kimin məsuliyyət daşımadığı bir prosesdə sürüklənməsi. Sistem yoluna davam edərkən, sən isə onu məntiqlə dayandırmağa çalışdıqca yaranan tənhalıq hissi səni üzür. İndi anlayıram ki, bu əsərin motivi, əsas amacı heç də baş qəhrəmanın necə həbs olunmasını təsvir etmək olmayıb – özümüzün də razılığı ilə bizə hökm edən sistemlərin ədalətsizliyini və biganəliyini simvolizə edir.

Məni çox təsirləndirən digər bir məqam isə odur ki, Kafka “Məhkəmə” romanını sağlığında heç vaxt tamamlaya bilməyib. Onun bir çox əsəri kimi, bu roman da yalnız ölümündən sonra nəşr olunub. Buna baxmayaraq, bu əsərin verdiyi mesaj günümüzdə yazılan əksər kitablardan daha uca səslənir. Natamam olsa da tam həqiqəti əks etdirir.

Hazırda bu əsəri ekrana uyğunlaşdırmağı düşünürəm. Əvvəllər də buna cəhd edənlər olub. Ən böyük cəhd isə 60-cı illərdə dahiyanə Orson Uells tərəfindən reallaşdırılıb. Məncə, müasir versiya üçün zaman da tam yetişib – elə bir versiya ki, hal-hazırda yaşadığımız sistemləri və insanların bu sistemlərin içində necə asanlıqla səsdən məhrum ola biləcəyini əks etdirmiş olsun. Təbii ki, bu asan bir iş deyil. Amma dediyim kimi, mən bir cəhd etmək istərdim. Görürsünüz, nə kino yaradıcılığına olan həvəsim, nə də ədəbiyyata olan sevgim ruhumu bir an da tərk etməyib.

– Gələcək planlarınız nədir? Sizin fikrinizcə, qarşıdakı illərdə ən perspektivli sahələr hansılar olacaq? Bu mövzuda Azərbaycandakı gənclərə hansı məsləhətləri verərdiniz?

– Hazırda bütün diqqətimi texnologiya sektoruna yönəltmişəm. İnsanların necə yaşaması, işləməsi və əlaqə qurması üzərində təsir gücünə malik, tamamilə yeni bir şey yaratmaq üçün ciddi şəkildə çalışırıq. Texnoloji inkişafın sürəti bu günlərdə heyrətamiz dərəcədə yüksəkdir. Süni intellekt, avtomatlaşdırma, yeni interfeyslər – hər şeyi dəyişir. Bütün sənaye sahələri yenidən formalaşır və vaxtilə əvəzolunmaz görünən hər bir biznes modeli indiki şərtlər altında ya öz cazibəsini itirir, ya da ayaqda qalmaq üçün təkmilləşmək məcburiyyətindədir.

Çox istedadlı insanlardan ibarət bir komanda ilə işləmək şansına sahibəm. Birlikdə müxtəlif sahələrdə – səhiyyədən tutmuş rəqəmsal maliyyəyə qədər istehlakçıya birbaşa xidmət edən bir sıra platformalar qururuq. Bu layihələr indi vaxtımın böyük bir hissəsini alır. Müasir çağırışlar nə qədər çətin olsa da, mən böyük məmnuniyyət hissi ilə çalışaraq onları həyata keçirməkdən zövq alıram.

Ənənəvi olaraq, qrupumuz üç əsas sahədə fəaliyyət göstərib: enerji, maliyyə və texnologiya. Enerji sektoru, xüsusilə metanol və ya tullantıdan enerji istehsalı kimi iri miqyaslı layihələr, böyük infrastruktur sərmayəsi tələb edir. Bu, siyasi ölçüləri də olan mürəkkəb təşəbbüslərdir, çünki enerji çox vaxt milli təhlükəsizliklə kəsişir. Buradakı risklər yüksəkdir.

Maliyyə və kapital bazarları isə dəyişkəndir. Onlar qlobal hadisələrə qarşı həssasdır və çox vaxt yeni oyunçular üçün daxil olmaq çətindir. Bu, yüksək baryerləri və çoxlu “qapı qoruyucuları” olan qapalı, strukturlu bir dünyadır.

Məhz buna görə, bu gün ən yaxşı imkanların texnologiyada olduğuna inanıram. Kiçik bir başlanğıc büdcəsi və düzgün komanda ilə qlobal miqyasda böyüyə biləcək bir iş qurmaq mümkündür. Texnologiya sektoru yüksək dairələrlə olan əlaqələri və təbii resurslara çıxışı deyil, məhz yaradıcılığı və düzgün icranı mükafatlandıran yeganə sektordur. Bu sektor hələ də ağır zəhmətin xüsusi imtiyazı məğlub edə biləcəyi nadir oyun meydanlarından biridir.

Azərbaycandakı gənclərə məsləhətim sadədir: özünüzə süni məhdudiyyətlər qoymayın. Dünyada ən yaxşı mənbələr hansıdırsa, onlardan öyrənin. İndi sonsuz sayda onlayn kurslar, beynəlxalq mühazirələr, podkastlar, müxtəlif maraq dairələrinə görə formalaşan icmalar və fərqli vasitələr mövcuddur. Çoxu da pulsuzdur. Coğrafi baxımdan harada olursunuzsa olun, istədiyiniz hər şeyi öyrənmək imkanınız var.

Dünyada artıq coğrafiya və dil məhdudiyyəti yoxdur. Siz həmyaşıdlarınızı, dostlarınızı, rəqiblərinizi və əməkdaşlıq edəcəyiniz insanları hər yerdə tapa bilərsiniz. Gərəkli bilik və bacarıqlara yiyələnə bilsəniz, düzgün düşüncə tərzinizi inkişaf etdirə bilsəniz, istər Bakı, istər Gəncə, istərsə də Xankəndidə olun – harada olmağınızdan asılı olmayaraq fərq yaradan dəyərli bir iş görməyinizə maneə olan heç bir məhdudiyyət olmayacaq.

Ona görə də düşünməyin ki, ətraf mühitiniz və ya doğulub boya-başa çatdığınız yer sizin müvəffəq olmağınıza maneədir. Müasir dünyada uğur qazanmaq üçün belə məhdudiyyətlər yoxdur. Mədəni sahəyə gəldikdə isə köklərinizlə əlaqənizi heç zaman kəsməyin. Amma yeni biliklər qazanmaq, yeni karyera qurmaq, müasir texnologiyalara yiyələnmək, yeni maliyyə alətlərindən istifadəni öyrənmək, yeni əlaqələr qurmaq üçün daim axtarışda olun. Qlobal dünyanın təklif etdiyi üstünlüklərdən və imkanlardan faydalanmağa çalışın. Öz ölkənizin hüdudlarından kənarda geniş yayılmış maliyyə vasitələrindən və digər alətlərdən faydalanaraq onları cəsarətlə tətbiq etmək bacarığı, iş dünyasında uğurlu insanları fərqləndirən əsas amillərdən biridir. Ürəyinizə yatan bir işin dalınca gedin və təvazökar qalmağı unutmayın.

Hafiz Əhmədov
HafizTimes.com


Xəbər 68 dəfə oxunub.
Seçilən
39
xezernews.az

1Mənbələr