AZ

“Putin NATO nun birliyini sınağa çəkir“ “Deutsche Welle“

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

"NATO-nun üç ölkəsi Polşaya tam dəstək vermək əvəzinə, mövqelərində tərəddüd göstərib..."

10 sentyabr gecəsi baş verənlər təsadüfi olmayıb. Rusiyanın yüzlərlə raket və dronla Ukraynaya kütləvi hücumu fonunda onlarla "Shahed" dronları Polşanın hava məkanına daxil olub.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Kremlin siyasi oyunu

Nəşr yazır ki, Polşa hava qüvvələri onları məhv etsə də, faktın özü Moskvanın məqsədini açıq göstərib: bu, sırf hərbi yox, siyasi aksiyadır. Məqsəd NATO-nun birliyini sınamaq, Alyansın öz üzvünü müdafiə etməkdə nə qədər qərarlı olduğunu yoxlamaq olub.

Polşa xarici işlər naziri Radoslav Sikorski açıq deyib: "Bu, səhv deyildi. Ukraynaya 400-dən çox dron və 40 raket göndərildiyi gecədə Polşa üzərində 19 dronun görünməsi planlı hərəkətdir".

NATO-nun parçalanan reaksiyası

Hücumdan sonra Polşa NATO-nun 4-cü maddəsini işə salaraq Alyans daxilində məsləhətləşmələr tələb edib. Lakin ilk günün nəticələri göstərib ki, ittifaq tam bir mövqedə birləşməyib. ABŞ prezidenti Donald Tramp hadisəni "bəlkə də səhv" adlandırıb. Bu mövqe Varşavada birmənalı şəkildə narazılıq doğurub.

Macarıstan baş naziri Viktor Orban Polşanın hava məkanının pozulmasını "qəbuledilməz" adlandırsa da, ardınca Moskva ilə sülh danışıqları çağırışı edib. Slovakiya baş naziri Robert Fitso susmağı seçib, onun xarici işlər naziri isə yenə də "müzakirələr yolu ilə müharibəni bitirmək" barədə danışıb.

Yəni NATO-nun üç ölkəsi - ABŞ, Macarıstan və Slovakiya Polşaya tam dəstək vermək əvəzinə, mövqelərində tərəddüd göstərib. Ən sərt və birmənalı reaksiya Almaniyadan gəlib. Kansler Fridrix Mers Rusiyanın dron hücumunu "məsuliyyətsiz aksiya" adlandırıb, Berlin isə Varşavanın addımlarını açıq şəkildə dəstəkləyib. Baltik ölkələri və Finlandiya isə sərhədlərini tam mina ilə möhkəmləndirməyə hazırlaşır.

Avropa Parlamentində qızğın debat

Brüsseldə mövzu xüsusi iclasda müzakirəyə çıxarılıb. Avropa Parlamentində polşalı deputatlar Rusiyaya qarşı yeni sanksiyalar və ümumavropa "anti-dron qalxanı" tələb edib. Onlara görə, Kreml artıq yalnız Ukraynaya deyil, bütün Avropa İttifaqına meydan oxuyur.

Lakin Avropanın radikal sağ qüvvələri başqa cür danışıb: onlar Brüsseli "Polşanı Ukrayna müharibəsinə sürükləməkdə" ittiham edib. Hətta bəzi deputatlar bu müharibəni "bizim savaşımız deyil" adlandırıb. Cavab isə kəskin olub: sosialist fraksiyasından olan deputatlar həmin siyasətçiləri açıq şəkildə "Putinin faydalı axmaqları" adlandırıb.

Latviyalı deputat Martin Stakis isə deyib: "Hər gün yüzlərlə dron Ukraynada insan öldürür. Avropa isə hələ də Rusiyanın qazını və neftini alır. Bu, Putin üçün xəzinə doldurmaqdır. Belə davam edə bilməz".

Kremlin strategiyası və Qərbin dilemması

Rusiyanın məqsədi ərazilər qazanmaqdan çox Qərbin siyasi iradəsini sarsıtmaqdır. Putin göstərmək istəyir ki, NATO-nun 5-ci maddəsi yalnız "soyuq müharibə" dövrünün ritorikasıdır, real zəmanət deyil. Bu, həm Ukraynada, həm də Polşa üzərindəki təxribatlarla ortaya qoyulur.

Polşanın baş naziri Donald Tusk dron hücumunu "açıq təcavüz aktı" adlandırıb. Ukrayna prezidenti Vladimir Zelenski isə Varşavaya təklif edib ki, ukraynalı hərbçilər polşalı həmkarlarına dronların vurulması təcrübəsini öyrətsinlər. Sabiq ABŞ generalı Ben Xoces isə xəbərdarlıq edib: "Bu, müdafiə sistemlərini yoxlamaq üçün açıq testdir. Biz hər dəfə sərt cavab verməliyik, daha çox şey etməliyik".

Avropanın qərar anı

Bu hadisə bir daha göstərib ki, Kremlin "səhv" adlandırdığı heç nə təsadüfi deyil. Əksinə, məqsədli şəkildə Avropanın iradəsi sınanır. Bəzi paytaxtlarda hələ də "Putini razı salmaq olar" düşüncəsi qalır. Amma Polşa və Baltikyanı ölkələr yaxşı anlayır: güzəşt və kompromis Moskva üçün zəiflik deməkdir və yalnız yeni hücumlara yol açır. İndi Avropa və NATO qarşısında seçim var: ya tam birlik nümayiş etdirmək, ya da Kremlin təxribatlarını normallaşdıraraq öz gələcəyini riskə atmaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
moderator.az

2Mənbələr